AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Senat ABŞ prezidentindən narahatdır”

“Senat ABŞ prezidentindən narahatdır”

13 Dekabr 2019, 17:05 568
Nazim Cəfərsoy: "Senat 2020-ci il prezident seçkisi öncəsi Donald Trampa müəyyən təzyiqlər göstərməyə çalışır”
 
"ABŞ Senatında 1915-ci il hadisələrini "erməni soyqırımı” olaraq xarakterizə edən "qanun layihəsinin” qəbul edilməsi son aylardır gündəmə gələn bir prosesdir. Bu qanun Senatdakı səsvermədə böyük səs çoxluğu ilə qəbul olunub. Vəziyyətin bu həddə gəlib çıxmasına bir çox səbəblər var”.
 
Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi şərhçi Nazim Cəfərsoy "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, vəziyyətin bu həddə gəlib çıxmasına əsas səbəblərdən biri Senatın ABŞ prezidentindən narahat olması sayıla bilər. 

Siyasi şərhçi deyib ki, məhz buna görə də Senat 2020-ci il prezident seçkisi öncəsi Donald Trampa müəyyən təzyiqlər göstərməyə çalışır: "Nəzərə alaq ki, senatda əsas güc Trampın təmsil olunduğu partiyaya məxsusdur. İkinci amil qarşıdakı prezident seçkilərində Trampın ABŞ-dakı erməni diasporunun səsini qazanmaq istəməsi ola bilər. Ən nəhayət, Ərdoğanla Tramp arasında aparılan müzakirələrin nəticəsi də Senatda Türkiyə əleyhinə qanun layihəsinin qəbuluna səbəb ola bilər. Amerikalılar gözləyirdilər ki, Türkiyə öz mövqelərindən daşınacaq, geriyə doğru addım atacaq. Lakin rəsmi Ankara öz mövqeyindən çəkilmədi. Buraya Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə zenit raket kompleksi alması, Amerikanın F-35-lərinə alternativ kimi ruslardan SU-35-ləri almaq istəməsi və sair daxildir. Amerikalılar Trampla Ərdoğanın görüşündən sonra gözləntilərinin özünü doğrultmadığını düşünərək, Senat üzərindən Türkiyəyə təxminən belə bir mesaj vermək qərarına gəliblər: Siz bizim dediklərimizə əməl etmədiniz, buna qarşılıq olaraq da biz "erməni soyqırımı” layihəsinin qəbul edilməsini əngəlləmirik”. 
 
N.Cəfərsoy Senatın qərarının ABŞ-Türkiyə münasibətlərinə təsirinə də münasibət bildirib: "Dünyanın əsas aktorlarından biri sayılan ABŞ-ın Senatı Türkiyəni "soyqırımı törətməkdə” təqsirli bilir. Bu, olduqca ağır ittihamdır. Hər iki ölkə münasibətlərinə bu qərarın ciddi siyasi təsiri olacaq. Dövlətlər arasında siyasi böhran yaşana bilər. Türkiyə tərəfinin verdiyi reaksiyalar hələlik yumşaq xarakterlidir. Rəsmi Ankara prezident Donald Trampın atacağı addımı, onun sərgiləyəcəyi mövqeyi gözləyir. Tramp bu sənədə veto qoymasa Türkiyə daha kəskin cavab vermək məcburiyyətində qalacaq. İŞİD təhlükəsi səbəbi ilə ABŞ-ın Türkiyə ərazisində vaxtilə yerləşdirdiyi bəzi hərbi bazaların bağlanması buna bir nümunə ola bilər. Ankara-Vaşinqton münasibətlərinin bu səviyyədə olduğu bir fonda Türkiyə-Rusiya münasibətlərinin bir qədər də yaxınlaşması, hətta Ərdoğanın Asiya coğrafiyasında Çinlə münasibətlərə yenidən baxması da baş verə bilər. Eyni zamanda Türkiyə özünün qlobal siyasətdəki mövqeyini artırmaq üçün türk coğrafiyası ilə inteqrasiyanı daha da sürətləndirə, Azərbaycan, Qazaxıstan və sair dövlətlərlə münasibətləri daha da inkişaf etdirər, əsassız erməni iddialarına qarşı birgə fəaliyyət ortaya qoyar”.
 
Alpər TURAN