AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sən tək deyilsən

Sən tək deyilsən

Təfsilat
07 Dekabr 2012, 09:11 1741
Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin böyüklüyündən xəbər verir. İnsanları sevmək, onlara qayğı göstərmək hər birimizin insanlıq və vətəndaşlıq borcumuzdur.

Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyi və Azərbaycan Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının rəhbərliyi ilə dekabrın 6-da Fondun konfrans zalında “Beynəlxalq Əlillər Günü” münasibətilə “Sən tək deyilsən” devizi altında xeyriyyə tədbiri keçirib. Tədbirdə millət vəkilləri, QHT nümayəndələri və KİV nümayəndələri iştirak ediblər. Tədbiri açan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim öz çıxışında dövlətin əlillərə göstərdiyi qayğıdan danışıb. O qeyd edib ki, bu gün əlillərin maddi və mənəvi ehtiyacların başa düşmək, onların yaşadığı duyğuları hiss etmək, onlarla birlikdə bu həyata baxmaq üçün buraya yığışmışıq: “Əlillərin dərdləri ilə dərdlənmək, hissləri ilə hisslənmək hamımızın insanlıq borcumuzdur. İnsan üçün önəmli olan fiziki qüsurlu olmaq deyil, önəmli olan ruhi cəhətdən sağlam olmaqdır. Dünyada elə insanlar var ki, fiziki cəhətdən heç bir qüsuru yoxdur, amma mənəvi tərəfdən çox böyük qüsurları var. Lakin elə insanlar da var ki, fiziki yöndən qüsurludur, amma həyata elə bağlanırlar ki, digərlərinə ibrət olur”.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev çıxışında bildirib ki, həyatda heç kim əlillikdən sığortalanmayıb. Ona görə də əlil insanlar deyəndə, öz aramızdan olan insanlardan danışırıq: “Amma ümumiyyətlə, fiziki cəhətdən müəyyən qüsurlara malik olan insanın cəmiyyətə qoşulmasında digər insanların da köməyinə ehtiyac yaranır. Dövlət siyasətinin də tərkib hissəsi olaraq imtiyazlı təbəqələr ehtiyacı olan təbəqələrin cəmiyyətə sosial reabilitasiya məsələlərinə diqqət ayırmalıdır. Bu mənada Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər, Əlillər cəmiyyətinin tədbirləri yüksək səviyyədə qiymətləndirilib”.

Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin məsləhətçisi Abil Qədirov bildirib ki, dövlətimiz əlil insanların cəmiyyətdə hər bir sahədə inkişafı və onların gözəl həyat sürmələri üçün bir çox işlər görüb və görməkdədir. “Hər birimiz Beynəlxalq Humanitar yardım üzrə Respublika komissiyası təşkilatının əlil insanlara qayğıyla yanaşmasının şahidi oluruq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov bildirib ki, dünyada 1 milyarddan artıq fiziki qüsurlu insan var. Azərbaycanda isə bu göstərici 40-35 minə yaxındır, bu da ümumi əhalinin 4.7 faizini təşkil edir: “Birmənalı şəkildə başa düşməliyik ki, əlilliyi olan insana xəstə, yaxud cəmiyyətə yararsız şəxs kimi baxmaq olmaz. Əlliliyi olan şəxs hamı kimi bərabər hüquqlara malik olmalı, bütün imkanlardan istifadə etməlidir”

Tədbirdə iştirak edən millət vəkili Fazil Mustafa vurğulayıb ki, yalnız əlillər günündə yox, ilin hər günündə fiziki qüsurlu insanlara diqqət və qayğı göstərilməlidir və ən əsası, əlillərə cəmiyyətin münasibəti dəyişməlidir.
Tədbirin sonunda 20 şəxsə əlil arabası, 50 nəfərə əlil ağacı və 50 gözdən əlilə əlil çəliyi təqdim edilib. Qeyd edək ki, Beynəlxalq Əlillər günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib.

Aygün Cəfərli