• cümə, 26 Aprel, 12:26
  • Baku Bakı 23°C

Sən də Xocalıdan danış... Səfər Fotolar

26.02.14 10:36 1793
Sən də Xocalıdan danış... Səfər Fotolar
«Xocalıda yaşananlar insanlıq dramıdır. İnsanlıq dramı deyiləndə 26 fevral 1992-ci ilin ağlagəlməyən ən dəhşətli hadisəsi yada düşür. Xocalı qətliamı artıq 22 yaşındadır və yaşananları düşünəndə qanımızı donduran, edilən işgəncələri duyduğumuz an tüklərimizi ürpədəcək bir vəhşət yada düşür...” Azərbaycanın Ankaradakı Səfirliyinin Təhsil Müşavirliyi, Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi (ADKA-DER) və Azərbaycan Sosial Fəalları İzmir Tələbə Qrupu (AZSA) «Xocalı qətliamı. 22 il» proqramı çərçivəsində «Dünya Xocalıdan danışır. Sən də danış» adlı layihə ilə faciənin dəhşətlərini bir daha anladıblar. Layihənin əsas məqsədi insanlığa yaraşmayan faciəni fərqli mədəniyyətlərdən olan əcnəbi tələbələrin daha yaxından araşdırması, xalqımızın başına gətirilən zülmləri öyrənərək fərqli sənət növlərində anlatmasını təşkil etməkdən ibarətdir.
İzmirin Təpəkülə konqres və mədəniyyət mərkəzində təşkil olunan mərasimdə Xocalı qətliamı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyə və Azərbaycanın himnləri səslənib. Faciənin tarixini əks etdirən videoçarx və sərgi bir daha soyqırımı hadisəsinin dəhşətlərini yada salıb: “1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə ermənilər Xocalını işğal etdilər. Yüzlərlə günahsız insan qətlə yetirildi. Qətliam nəticəsində 63 uşaq və 106 qadın olmaqla 613 nəfər vəhşicəsinə öldürüldü. 487 nəfər yaralandı, 1275 nəfər əsir düşdü. O gecə vəhşətdən zorla qurtulan qadınların, uşaqların, qocaların ayaqları donmuşdu. Xocalı ilə Ağdam arasındakı 12 kilometrlik orman boyunca cəsədlər düzülmüşdü. Aralarında uşaqlar, qundaqda körpələr, ixtiyar qocalar vardı. Çoxu qaçmağa çalışarkən yaxın məsafədən vurulmuşdu. Bəzilərinin üzləri param-parça idi. Bəzilərinin baş dəriləri üzülmüşdü. Baş verən bu dəhşəti isə kimisi qətliam, kimisi isə soyqırımı olaraq adlandırmışdı. Xocalıda yaşanılanlar istər soyqırımı, istər qətliam olaraq adlandırılsın, yaşanılan acıları dəyişdirməyəcəyi kimi, yaşanılanları da unutdurmayacaqdır”.
Qeyd edilib ki, araşdırma və öyrətmə tərzində düzənlənən qabiliyyət yarışması da məhz faciənin dünya xalqlarına soyqırımı olaraq tanıtma məqsədi daşıyır: “Bu, hər bir vətəndaşın Xocalı soyqırımı şəhidləri qarşısında insanlıq borcudur. Bu, soyqırımın bir daha yaşanmaması məqsədilə layihənin millətlər arasında qanuni və siyasi dəyərləndirilməsi və bu faciəni törədənlərin layiq olduğu cəzaya çatdırılması lazımdır».
Qırğızıstan, Monqolustan, Əfqanıstan, Qvineya, Pakistan, Türkiyə, Azərbaycan və s. daxil olmaqla 29 ölkəni təmsil edən 53 tələbə layihənin qalibi adını qazanıb: “Dünyada ilk dəfə həyata keçirilən layihənin özəlliyi müxtəlif millətlərin bir araya gətirilməsi və Xocalı soyqırımının onların vasitəsilə tanıdılmasıdır. Xocalı faciəsi şeirin, kinonun, rəssamlığın, musiqinin dili ilə müxtəlif xalqların nümayəndələrinin sənətində üzə çıxır – dünya Xocalıdan danışır”. Xocalıda əsir alınmış Azərbaycan vətəndaşlarından birinin öz xatirələrini qum sənəti ilə göstərməsi isə layihəyə daha bir yenilik qatıb.
Xocalı elə bir dərddir ki...
Azərbaycanın Ankaradakı Səfirliyinin yardımçısı və təhsil müşaviri Nəsibə Nəsibova Xocalı dərdinin heç zaman ürəyimizdən silinməyəcəyini qeyd edib: “Biz 22 ildir ki, bu dərdlə yaşayırıq. Dünyanın yüzə yaxın ölkəsində təmsilçilərimiz var. Bu gün həmin ölkələrdə səfirliklər, konsulluqlar, dərnəklər, diaspora təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Amma qardaş Türkiyə soyqırımına münasibətdə daha fərqlidir. Türkiyənin ayrı-ayrı şəhərlərində fevral ayı boyunca Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi «Biz bir millət-iki dövlət» olduğumuzu daha çox görürük. Böyük Atatürk də deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir». Çünki “kədərləri paylaşdıqca azalır, sevinclər paylaşdıqca çoxalır» deyirlər. Ona görə də biz eyni millət olduğumuzu daha çox hiss etməkdəyik”. N.Nəsibova layihənin əhəmiyyətini yüksək dəyərləndirərək bu cür layihələrlə soyqırımının dünya xalqları arasında daha çox tanınacağına inamını gizlətməyib: “Bu, vəhşətin incəsənətin gücü ilə soyqırımı kimi tanıdılması layihəsidir. Layihəyə qatılan tələbələr öz qabiliyyətləri ilə Xocalıdan danışırlar. Yəni dünya Xocalıdan danışırsa, onlar da öz qələmləri, musiqiləri, filmləri, rəsmləri və s. sənətləri ilə tanıdırlar. Bu, bir qabiliyyət yarışmasıdır”.
Xocalı faciəsinin Azərbaycana gətirdiyi iqtisadi ziyandan danışan əfqanıstanlı tələbə Sayed Fərhad Riyanın yazdığı məqalədən sitatları maraqla qarşılanıb: «Ölkə ərazilərinin işğalına yalnız işğal və siyasi hadisə olaraq deyil, həm də iqtisadi cəhətdən vurulan ziyanı düşünmək lazımdır. 26 fevral gecəsində Xocalı qəsəbəsində yerləşən bütün iqtisadi və sosial qurumlar məhv edilib. İşğal olunan torpaqlara törədilən ciddi yanğınlar ərazinin ekoloji durumuna da mənfi təsir edib. İşğal nəticəsində tarixi abidələrin dağıdılması da ölkənin turizm sektoruna ziyan vurub. Bu, işğalın maddi tərəfləri ilə bağlıdır. Amma mənəvi ziyanı ölçmək əsla mümkün deyil”.
«Biz «Xocalıya ədalət» - deyə burdayıq» - deyən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən bildirib ki, “biz sevincimiz kimi acımızı da birgə paylaşırıq. Xocalı hər birimizin ortaq acısıdır». O qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrindən gələn tələbələri əxlaqi dəyərlər çərçivəsində yetişdirməliyik ki, bizim lüğətimizdə «kin», «nifrət» sözləri yox, «sevgi», «qardaşlıq» «yaşatım» sözləri olsun: “Şəfqətin insanlarda meydana gətirdiyi duyğu və düşüncələr dünyanın hər yerində bilinməlidir. Dünyanı şəfqətə, sevgiyə, mərhəmətə bələyək ki, bir daha Xocalı hadisəsi yaşanmasın».
«Acı bir günümüzü anmaq üçün burdayıq» - deyən “Dokuz Eylül Universtesi”nin təmsilçisi Vəfa Kurban Xocalı faciəsini dünyada tanıtmaq üçün çox mühüm layihələrin olduğunu qeyd edib: «Bunlardan biri də «Dünya Xocalını tanıdır» layihəsidir. Çünki bu, insanlıq xaricində törədilən bir dəhşətdir və bütün dünya bundan xəbər tutmalıdır».
Dünyaya mesaj

«Dünyanın harasında yaşamasından asılı olmayaraq, Xocalı faciəsi hər bir insanımızın acısıdır» - deyən millət Vəkili Qənirə Paşayeva soyqırımı yaşayanların hər birinin öz hekayəsi olduğunu bildirib: “Bu hekayələri dinləmək çox çətindir. Biz bu faciəni dünyanın hər yerində duydurmalıyıq ki, bu cür faciələr təkrar yaşanmasın. Ermənistan bu qətliamı törədən zaman dünya beynəlxalq ictimaiyyət və təşkilatlar həssaslıq göstərsəydilər Xocalıda soyqırımı yaşanmazdı. Etnik kökənindən, milli kimliyindən, dini inancından asılı olmayaraq hər kəsə səslənərək bunu demək istəyirəm: «Xocalı soyqırımını törədənlər insanlıq əleyhinə o qədər böyük bir günah işlədiblər ki, bu cinayəti bəşər durduqca bağışlamaq olmaz. Onlar yüzlərlə insanın faciəsini törədiblər. Biz Xocalı faciəsini dünyada ədaləti istəyənlərə anladacağıq. Çünki Xocalı soyqırımını törədənlər bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Onlar insanlıq əleyhinə görünməyən bir cinayət törədiblər – yüzlərlə insanı məhv ediblər. Silahsız insanları, bələkdə körpələri, uşaqları, hamilə qadınları, qocaları, gəncləri acımasızcasına öldürüblər. Xocalıda günahsız körpələri, uşaqları və qadınları qətlə yetirən ermənilər bununla qürur da duyurlar. Biz, türk milləti olaraq ortaq problemlərimizi birlikdə həll etməliyik. Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi yalnız bizim deyil, bütün türklərin problemidir”. Millət vəkili layihənin əhəmiyyətindən danışaraq bunu dünyaya mesaj kimi dəyərləndirib: «Bu, çox mühüm mesajdır. Dünyada barış istəyən, «Mən ədalətin yanındayam» - deyənlərin səsinin birgə olması lazımdır. Belə bir cinayətin cəzasız qalması cinayəti törədənlərə ruh yüksəkliyi verir. Bu layihədə qalib gələnlər əslində insanlıq yarışmasında qalibdirlər. Xocalıdan canını qurtaranlar 22 ildir evlərinə dönə bilmirlər. Əminik ki, dünya Xocalını duyacaq. Bu faciəni soyqırımı kimi tanıyacaq”.
Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayan millət vəkili bu faciənin dünya ictimaiyyətinə anladılması üçün gənclərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Mərasimdə Xocalıya həsr olunan şeirlər səslənib. Erdal Baydar tərəfindən Vətən həsrətini anladan «Ayrılıq» türküsü səslənib.
“Düzülsün sətirlərə, duysun dünya olayı. Yepyeni bir roman yaz. Yeni bir tarix başlat. Dünya Xocalıdan danışır, sən də danış»- misraları səslənən salonda «Dünya Xocalıdan danışır» layihəsinə qoşulan və qalib gələn tələbələrə mükafatlar təqdim olunub.
Təranə Məhərrəmova
Bakı-İzmir-Bakı

banner

Oxşar Xəbərlər