• cümə axşamı, 28 mart, 21:23
  • Baku Bakı 13°C

Sən bu vahid namizədin canı, 1 manat ver!

04.09.13 10:49 3220
Sən bu vahid namizədin canı, 1 manat ver!
Azərbaycan müxalifətinin builki prezident seçkiləri ilə bağlı davranışlarında yeni heç bir elementə rast gəlmək olmur. Necə deyərlər yenə də «köhnə hamam köhnə tasdır». Bir müddət öncə böyük xarici dəstək, iş adamlarının qayğısından bəhs edən müxalifətçilər indi seçki kampaniyasını aparmağa pul tapa bilmirlər. Yəqin elə bu səbəbdəndir ki, Moskvada oturub proseslərə oradan dirijorluq etməyə çalışan liderləri Rüstəm İbrahimbəyov dublyoru Cəmil Həsənlinin seçki kampaniyasının maliyyələşdirilməsi üçün sadə müxalifətçlərin hər birindən 1 manat pul istəyib. Amma əslində bu da yenilik deyil. Çünki müxalifət cəbhəsində bu gediş indiyədək bir neçə dəfə edilib.
Xatırlayırsınızsa, bundan əvvəl icazəsiz aksiyalarda saxlanılan və məhkəmələr tərəfindən cərimə edilənlər üçün 5 qəpik aksiyası keçirilmişdi. Xeyli müddət mətbuatın da dəstəyi ilə şıdırğı qəpik toplanışı getdi.
Sonra Emin Milli Avropa ölkələrində borc turnesinə çıxıb «Meydan TV»-nin yaradılması ilə bağlı pul toplamağa çalışdı. Kimlərin qapısına gedib hisslərini istismar etməyə çalışmadılar ki... İnsafən pis də alınmadı. Televiziyanı da yaratdılar, hələ Rüstəm İbrahimbəyovu qonaq da etdilər. Rüstəm müəllim Bakıya gəlməsə də, «Meydan TV»-nin zirzəmidə yerləşən studiyasına getdi. Yəqin elə orda Emin Milli ilə müzakirələrdən sonra beynində bu «1 manat ideyası»nı formalaşdırdı.
Xaricdə təhsil alması ilə tez-tez öyünən Bəxtiyar Hacıyev də bir vaxtlar maddi tələbatını ödəmək üçün məşhurlarla çəkdirdiyi fotoları satmaqla problemləri yoluna qoymağa çalışırdı.
Bundan lap əvvəl isə bu cür aksiyalardan müxalifət qəzetləri də tez-tez yararlanıblar. Əlləri bir az aşağı olan kimi, «bir qəzet artıq alaq» kampaniyaları təşkil ediblər.
Bir sözlə, bizim müxalifətçilər bu sahədə xeyli ixtisaslaşıblar. Amma işin əmması da var. Birincisi, bu cür çağırışlar müxalifətin qeyri-ciddi obrazını yaradır. Belə çıxır ki, bunlar hakimiyyətə 1 manatla gəlmək istəyir. Ciddi düşünsək, bugünkü reallıqlar çərçivəsində yığılan 1 manatlarla seçki kampaniyasımı keçirmək olar? İstər-istəməz, adamın ürəyindən belə bir ifadə keçir: «Müxalifət bu qəpişniklikdən nə vaxt qurtulacaq görəsən?»
Digər tərəfdən, bu qəpik-manat aksiyalarının pərdə arxası da var. Yığılan pulların heç bir hesabatı aparılmır, onların xərclənməsinə heç bir nəzarət mexanizmi yoxdur. Ona görə də zaman-zaman bu cür kampaniyalarla bağlı narazılıqlarla rastlaşırıq. Mitinq cərimələrinin ödənilməsi ilə bağlı yığılan qəpiklərin sonrakı taleyi ilə bağlı da sonradan çox söz-söhbətlər eşitdik. İndi də bu 1 manat söhbəti. Rüstəm İbrahimbəyov bu ideyanı ortaya atan kimi sosial şəbəkələrdə böyük təpki seli ilə üzləşdi. Müxalifət mətbuatı da bir növ bu etirazlardan çəkinib məsələni çox aktuallaşdırmadı. Amma belə görünür 1 manatın cazibəsi o qədər də az deyil. Bütün təpkilərə, yaranan mənfi abı-havaya baxmayaraq, aksiyanın keçirilməsi ilə bağlı inad davam edir. Sanki kimlərsə Milli Şuranın namizədini «bir manatlıq namizəd» kimi qələmə verməyə çalışırlar. Bəlkə Rüstəm İbrahimbəyov Cəmil Həsənlini bu yolla hörmətdən salmaq istəyir? Belə deyilsə, niyə bu 1 manat söhbətini özü namizəd olanda gündəmə gətirmirdi. Bir az geniş yanaşsaq, bu «bir manatlıq aksiya» ümumilikdə müxalifəti gözdən salır. Heç kim təminat verə bilməz ki, seçkidən sonra Milli Şura «1 manatlıq müxalifət» kimi xatırlanmasın.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər