AZE | RUS | ENG |

Səmimiyyətdən doğan xoşbəxtlik – Ailə

Səmimiyyətdən doğan xoşbəxtlik – Ailə
Firuzə Qurbanlı: “Rahatlıqla bir-birimizi sevdiyimizi etiraf edirik”

Rəşad Qurbanov: “Xoşlayıram ki, qadın təkidlə hansısa fikrimlə razılaşmasın, dominantlığını hiss etdirsin”


7 ildir kiçicik “dövlət”lərini qurub yaratmaqla məşğuldurlar. Bu “dövlət”in qurulması müddətində mübahisələri də düşüb, bir-birlərini anlamadığı vaxtlar da olub. Amma əsas odur ki, bu, ailələrinin təməlinə heç bir maneə törətməyib. Çünki bir-birini, ətrafındakıları da sevgiylə əhatə etməyi bacarıblar. Müsahiblərimiz TRT-nin Bakı təmsilçiliyində müxbir kimi çalışan Firuzə Qurbanlı və özəl klinikalardan birində diş həkimi işləyən Rəşad Qurbanovdur.

Günə 50 SMS

Ortaq dostlarının sayəsində tanış olublar. Tanış olduqları zaman Firuzə Lider televiziyasında jurnalist kimi çalışır, Rəşadınsa stomatoloq kimi şəxsi kabineti var idi. Uzun zaman bir-biriylə mesajlaşırlar. Hətta elə olur ki, bir-birlərinə gün ərzində 50 SMS göndərirlər. Mesajla başlayan yaxınlaşma, bağlılıq sonradan telefon zənglərinə, daha sonra görüşlərə çevrilir.
Hər ikisinin sənəti daim insanlarla ünsiyyətlə bağlı olduğundan Rəşadın fikrincə, bir-birlərini tanımaqda çətinlik çəkməyiblər: “İşimiz elədir ki, hər tip insanla rastlaşırıq və insanları tez tanıyırıq. Bu da bizim seçimimizi asanlaşdırır”.
Firuzə deyir ki, onların hər bir işini Allah düzüb-qoşub: “Mənim uşaqlıqdan öz kriteriyalarım var idi. Özüm üçün nəyin necə olacağını cızmışdım. Hətta həyat yoldaşımda olan xarakter, görünüşü belə özüm üçün cızmışdım. Allah da istəklərimi nəzərə alıb Rəşadı qarşıma çıxardı”.
Firuzənin kriteriyalarına gəlincə, o, xəyalında gələcək həyat yoldaşını siqaret çəkməyən, içki içməyən, evinə bağlı, mülayim xasiyyətli və namazı, orucu yerində olan birisi kimi təsəvvür edirmiş.

“Firuzədəki dominantlığa vuruldum”

Rəşadı isə Firuzənin xarakterindəki dominantlıq özünə cəlb edib: “Mən dünyagörüşü dar, sakit qadınla ailə qurmağı arzulamırdım. Firuzənin də jurnalist olduğunu nəzərə alsaq, dünyagörüşünün zəngin olduğunu deməmək olmaz. Qadının oturub yalnız kişini dinləməsi, sənin istəyinlə razılaşmasını sevmirəm. Xoşlayıram ki, təkidlə hansısa fikrimlə razı olmadığını bildirsin, dominantlığını hiss etdirsin. İlk görüşlərimizdə mən artıq bunu Firuzədə hiss etmişdim. Özünə deməsəm də, bu, mənə xoş gəlirdi. Bir sözlə, dünyagörüşü, əxlaqı, oturuşu-duruşu və dominantlığı ona evlilik təklifi etməyimə gətirib çıxardı. Bəzi Azərbaycan ailələrində kişi deyir ki, ancaq mən deyən olmalıdır. Bunun qəti əleyhinəyəm. Hətta etiraf edim ki, bir-iki dəfə mənim dediyimin olmasına cəhd etmişəm, olub da. Amma sonradan yanıldığımı görmüşəm”.
Beləliklə, xasiyyətləri, xarakterləri uyğun gələndən sonra - daha dəqiq, iki il davam edən tanışlığın sonunda münasibətlərini rəsmiləşdirirlər.

Evlilik nəyi dəyişir?

Evlənəndən sonra müsahiblərimizin bir-birinin xasiyyətində “sürpriz” kəşf etmələrinə gəlincə, Firuzə deyir ki, evliliklərinin ilk vaxtlarında Rəşadın küsmək və incimək kimi xasiyyətləri var idi: “Amma Rəşad tədricən bu vərdişini tərgitdi. Sözsüz ki, adam nişanlı, sevgili olanda daha mehriban olur, bir-birinin əsəbi halını görmürsən. Amma ailə qurandan sonra qarşı tərəfi hər bir vəziyyətdə görürsən. Düşünürəm ki, insan robot olmadığına görə bu, normaldır. Qısası, kiçik xırdalıqları nəzərə almasaq, Rəşadda böyük bir dəyişiklik görmədim”.
Rəşad evləndikdən sonra Firuzənin arada aqressiv də ola biləcəyini hiss edib: “Həyatdır və belə şeyləri normal qəbul edirəm. Hərdənbir aqressiv halıını nəzərə almasaq, Firuzə sevgili vaxtımızda necə idisə, indi də elədir”.

Qısqanclıq “mən sənə güvənmirəm” deməkdir

Qeyd etdiyimiz kimi, hər iki müsahibimizin peşəsi elədir ki, daim insanlarla ünsiyyətdə olurlar. Bunun, cütlüyün hansısa birində qısqanclıq yaratmasına gəlincə, Firuzə ailədə tərəflərdən birinin o birini qısqanmasına qəribə yanaşdığını deyir: “Ailədə necə qısqanclıq ola bilər ki? Rəşadın mənə, mənim də ona qarşı qısqanc davranmağımız o deməkdir ki, bir-birimizə güvənmirik. Düzdür, az da olsa, qısqanclıq olmalıdır, amma mən Rəşada güvənirəm”.
Rəşadın sözlərinə görə, din onların ailəsinin ayrılmaz bir hissəsidir: “Həm dinin güvənliyi, həm də aramızda olan səmimiyyət səbəbindən heç vaxt qısqanclıq üstündə mübahisəmiz düşməyib. Düzdür, qısqanmaq insani hisslərdir və bütün insanlarda var. Amma baxır hansı dərəcədə. Biz bir-birimizi başa düşürük və sənətimizə hörmət edirik. Məsələn, mən ailə quranda bilirdim ki, Firuzə jurnalistdir, müəyyən səfərləri ola bilər, xaricə gedə bilər. Belə hallar olur da. Mən də bəzən səhər evdən çıxıram, axşam 11-ə qədər pasiyentim olduğundan işləyirəm. Şükür Allaha, çayxanalarda oturub vaxtımı boş keçirmirəm”

“Qadın etirazını bildirməlidir”

Ailədə olan mübahisəni kiçicik “dövlət”in istiotu, duzu sayan müsahibimizin fikrincə, mübahisəsiz ailənin olması mümkünsüzdür: “Bizim mübahisələrimiz az olur. Olanda da haqsız olsam belə, Firuzənin könlünü almağa çalışıram. Buna görə aramızdakı soyuqluq çox çəkmir”.
Firuzə isə xırda bir narazılığını belə susmaqla bildirir: “Həmin gün mən evdə danışmır, bir iş görmürəm. Düşünürəm ki, qadın hansısa bir formada öz etirazını bildirməlidir. Hər şeydə incəlik olduğu kimi, qadın etirazını ifadə etməkdə də bir incəlik tapmalıdır. Amma etiraf edim ki, Rəşad səsini bir az qaldıran kimi susmağa çalışıram. Düşünürəm ki, qadın həmin anda susmağı bacarmalıdır”.

Arada səmimiyyət yoxdursa...

Cütlüklərin “mən xoşbəxtəm” deyə bilməsi üçün Firuzə hesab edir ki, onlar ilk növbədə bir-birini anlamalı, başa düşməlidir: “Evlilikdən öncə biz sanki yarım şəxsiyyət idik, indi tam şəxsiyyət olmuşuq, bir-birimizi tamamlamışıq. Ən böyük xoşbəxtlik də budur”.
Rəşadın fikrincə, aralarında heç bir sirrin olmaması da onların xoşbəxtliyinə zəmin yaradır: “Bir sıra ailələrdə ər-arvad arasında sirr olur. Şükür Allaha, aramızda hər şey səmimi, açıqdır. Bu da bizi bütövləşdirir. Məncə, cütlüklər arasında səmimiyyət yoxdursa, bu ailə sonadək gedə bilməz. Bir də valideynlərimizə, övladımıza və özümüzə hörmət edirik”.

“Uğurla qəddar davranmırıq”

Sovet ailələrindən fərqli olaraq, Firuzə bir-birlərinə olan sevgini həmişə biruzə verdiklərini, dilə gətirdiklərini deyir: “Bizdə hər kəs - Rəşad da, mən də, oğlum da bir-birimizi sevdiyimizi rahatlıqla etiraf etməyi sevirik”.
Qeyd edək ki, müsahiblərimizin Uğur adlı 4 yaşlı bir oğlan övladları var. O biri övladlarının isə dünyaya gəlməsini səbirsizliklə gözləyirlər: “Bizdə uşaq maksimum sevgi ilə əhatə olunur. Düşünürük ki, uşağın cəzalandırılması onun psixologiyasına mənfi təsir göstərir, müəyyən travmalar qoyur. Buna görə də Uğurla qəddar, məhdudlaşdırıcı davranmırıq. Ümumiyyətlə, bizim tərbiyə sistemimizdə uşağa qarşı cəza deyilən bir şey yoxdur. Amma yeri gələndə ona müəyyən qədər sərbəstlik verir, yeri gələndə azca da olsa sıxırıq”.

Lalə MUSAQIZIAilə"> Ailə"> Ailə"> Ailə">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN