AZE | RUS | ENG |

SƏMİMİYYƏT RƏNGİ

SƏMİMİYYƏT RƏNGİ
Sözə könül bağlayan qələm adamlarından biri də şair Damət Salmanoğludur. O, dörd seir kitabının müəllifidir. Damətin şeirlərində yurd, vətən, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, el-oba sevgisinin, övlad, valideyn məhəbbətinin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir koloritdə öz ifadəsini tapır. Həmçinin onun şeirlərində Allaha, islam dininə və müqəddəslərə dərin sevginin tərənnümü ilə yanaşı, həyatda xeyirxahlıq, həssaslıq və qayğıkeşlik ruhunun təbliği, sadə insanların arzu, istək və amallarının gerçəkləşməsi konspektində bu amillərin rolunun böyüklüyü də səciyyəvi xarakter daşıyır.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Damət Salmanoğlunun qələm təcrübələrinin tarixi xronikası onun püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim” də gəzişməsi də vacib şərtlər sırasındadır. Bu mənada da Damət öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyəcanlandıran mövzular, hadisələr qəlbinin poetik işığında təqdim edir.

Damət Salmanoğlu vətən sevdalı şairdir. Doğma Azərbaycanımızın gözəlliklərini, sərvətini, əzəmətini vəsf etməkdən yorulmur. "Azərbaycanım” şeiri də bu baxımdan səciyyəvidir.
 
Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən.
Qeyb olub qəlbimdən qüssə, kədər, ah,
Sən öz dərgahından sərvət vermisən...
 
 
Poeziya aləmində elə şairlər var ki, onların bədii qüdrəti, istedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində deyildir. Onların poetik ruhunun mayası folklor zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və özünəməxsus səmimiyyətlə əks etməsindədir.
 
Damət Salmanoğlunun şeirləri gerçəkliklə, reallıqla yanaşı, həm də ilahi məqamlarla, mənəvi dəyərlərlə bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, insanın daxili aləminə, ürəyinə nüfuz edən insan işığı duyulur. Şeirlərdə həqiqət duyğusu, haqq-ədalət yanğısı, heyranlıq hissi bədii düşüncənin başlıca məzmununa çevrilir. "Həyat bir imtahan imiş” şeirində şairin "həyat”, "ölüm” nəsnələri haqqında bədii-fəlsəfi düşüncələrinin poetik inikasını görürük.
 
Ay Damət, gələn köçəcək,
Ağlayan, gülən köçəcək.
Ta yollardan gözünü çək.
Həyat bir imtahan imiş.
 
Onun poetik təfəkkürü bədii-ictimai mənanı aydın, səmimi və sadə formada ifadə etdiyinə görə onun şeirlərindəki forma sadəliyi, yəni ənənəvi xalq ruhuna bağlılıq bədii nümunələrin poetik təsirini qüvvətləndirir.

Damət Salmanoğlunun şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq, pak sevgi, məhəbbət, yurdsevərlik, təbiət mövzusu geniş yer tutur və onun bədii-estetik məfkurəsinin formalaşmasında əhəmiyyətli önəm kəsb edir. Bu şeirlərin səciyyəvi cəhətlərindn biri də onların müasirliyidir, yəni şair müasir həyatın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda insanları əzab məngənəsində sıxan anları bədii məzmunda ehtiva edərək, onu yeni məna çalarları ilə zənginləşdirməyə çalışır.

İnanıram ki, səmimi təvözökar, iddiasız qələm və işıqlı ürək sahibi olan şair Damət Salmanoğlunun ədəbi uğurları onun ünvanına çevriləcək.
 
Balayar SADIQ
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN