AZE | RUS | ENG |


Səmimilik, cəsarət və yaradıcılıq

Səmimilik, cəsarət və yaradıcılıq
Veteran jurnalist Qalina Mikeladzenin “Qadınların missiyası” kitabının təqdimatı keçirildi

"Qalina Mikeladzenin yaradıcılığından qısaca danışsaq, onu cəmi iki sözlə xarakterizə etmək olar: "Yüksək peşəkarlıq”. "Veteran jurnalistin Azərbaycan mədəniyyəti və tanınmış şəxsiyyətləri haqqında esseləri, oçerkləri demək olar ki, ölkəmizin mədəni həyatının əsl ensiklopediyasına çevrilib”.  Rus Dram Teatrında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən "Şöhrət” ordenli jurnalist Qalina Mikeladzenin 85 illik yubileyi və "Qadınların missiyası” kitabının təqdimatında səslənən bu fikirlər dəvətlilərə jurnalistlə yenidən görüşmək və onun ömür-gün yoluna yaxından bələd olmaq imkanı verdi. 
 
Ləyaqətin sirri
"Çətinliklər, məşəqqətlər, əzablar və zəhmətdən doğan sevinc var bu ömür yolunda. Yaşadığı əzablar  onu sevərək seçdiyi peşədən - jurnalistikadan heç vaxt usandırmayıb”- deyə gecənin aparıcısı, yazıçı-publisist, millət vəkili Elmira Axundova veteran jurnalistin həyat yolundan söhbət açdı: "Ailə həyatı qurmamışdan əvvəl Qalinanın çox sadə və  məşhur familiyası var idi: Əliyeva. Atası Ələkbər Əliyev partiya işçisi, rayon komitəsinin katibi, daha sonra kənd təsərrüfatı üzrə xalq komissarının müavini idi. 1937-ci ildə Stalin repressiyaları dövründə həbs olunmuşdu. 23 ay sürən istintaqdan sonra 8 il həbs cəzası aldı. 1939-cu ildə Ələkbər Əliyev Maqadana sürgün edildi və 1941-ci ilin mayında ailəsi ondan sonuncu teleqramı aldı. 4 il sonra isə uzaq Sibirdən onun ölüm xəbəri gəldi. Balaca Qalina anası ilə tək qaldı. Onlar "Xalq düşməni” damğası ilə uzun illər yaşadılar. Əziyyətlər, sarsıntılar gördülər, ancaq sınmadılar”. Qalina Əliyeva orta məktəbi uğurla bitirdikdən sonra Moskva Poliqrafiya İnstitutuna daxil olub. Üçüncü kursda onun oxuduğu fakültə başqa bir fakültə ilə birləşərək, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə çevrilib. 1954-cü ildə Q.Mikeladze universiteti müvəffəqiyyətlə bitirib və onun mətbuatda uzun və məhsuldar fəaliyyəti başlayıb: "Qalina xanım əvvəlcə Bakıda çalışdı, ailə qurduqdan sonra Tbilisidə müxtəlif nəşriyyat orqanlarında işlədi. 1959-cu ildən isə ömrünü həmişəlik jurnalistikaya həsr etdi. O, bir müddət Azərbaycanın qocaman mətbu orqanı olan "Bakinskiy raboçiy” qəzetində çalışıb. Onun analitik yazıları Mərkəzi Komitənin diqqətini cəlb edib və Qalina xanımı «Sovetskaya torqovlya» qəzetinə Zaqafqaziya üzrə müxbir vəzifəsinə tövsiyə ediblər. 13 il ərzində o bu qəzetin bütün Zaqafqaziya üzrə müxbir məntəqəsinin rəhbəri işləyib. Qalina xanım bu müddətdə respublikanı qarış-qarış gəzərək, reportajlar, portret yazılar hazırlayıb”. 1985-ci ildə Q.Mikeladzeyə Gürcüstanın Əməkdar jurnalisti fəxri adı verilib. 1987-ci ildə Qalina xanım təqaüdə çıxsa da, onun jurnalistik fəaliyyətinin daha parlaq dövrü başlayıb. 1994-2006-cı illərdə Qalina xanım müstəqil «Günay» qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb. Bu dövrdə mədəniyyət və incəsənət sahəsi ilə bağlı yüzlərlə məqalə çap etdirib. 2003-cü ildən başlayaraq hər il Q.Mikeladzenin publisistik kitabları işıq üzü görür. "Azərbaycanın panoraması”, "Bakılıların sevimli teatrı”, «”Mənim zamanım” və s. əsərlərdən ibarət 15 kitabı jurnalistin adını ölkənin yazıçıları ilə bir sıraya qoyub. "Qadınların missiyası” kitabı isə Q.Mikeladzenin sonuncu əsəridir. "Qalina xanım çox mərd və ləyaqətli qadındır. O, ən yaxın insanlarını vaxtsız itirib, lakin sınmayıb, özündə yaşamağa güc tapıb. Düşünürəm ki, bu ləyaqətin ən böyük sirri onun jurnalistikaya olan sonsuz məhəbbətidir. Qalina xanım peşəsinə olan ülvi hissləri hər gün bizə nümayiş etdirir”- deyən E.Axundova onun Azərbaycan jurnalistikası qarşısında xidmətlərinin ölkə başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi: " 2015-ci ildə Qalina Mikeladze Prezident təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə yubileyi münasibətilə "Şöhrət” ordeni ilə təltif olunub. Bu, dövlət başçısının jurnalistə göstərdiyi böyük diqqət və qayğının təzahürüdür”. 
 
Yüksək peşəkarlıq və intellektuallıq
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tanınmış qadınların haqqında danışmağın, onların fəaliyyətini həmişə işıqlandırmağın vacibliyini vurğuladı: "Azərbaycanın tarixində iz qoyan qadınlar olub, bu gün də var, sabah da olacaq. Bu gün Azərbaycanda çox tanınmış qadınlar var. Böyük xoşbəxtlikdir ki, Qalina xanım həmin qadınların taleyindən bəhs edib, onları daha da tanıdıb. Gənc nəsil bu cür insanları tanımalı, onlardan nümunə götürməlidir. Çünki Azərbaycan qadını həmişə öz gücü, öz fəaliyyəti və ləyaqəti ilə seçilən xanımlar olublar. Millətindən, dinindən asılı olmayaraq biz "Azərbaycan xanımı” deyəndə bütövlükdə onların böyük qüvvə olduğunu düşünürük. Qalina Mikeladze də öz fəaliyyəti ilə bu gücü nümayiş etdirir”.  
İnsan haqqları üzrə müvəkkil Elmira Süleymanova isə Qalina Mikeladzeyə dövlətimiz tərəfindən göstərilən diqqətin bütün qadınlara olan qayğı kimi dəyərləndirdi: "Qalina xanım qazandığı fəxri adlara, mükafatlara, nəhayət insanların sevgisinə öz əməyi ilə nail olub. Çünki onun bütün yaradıcılığında insanlara məhəbbət var. Qalina xanım özünün yüksək peşəkarlığı və intellektuallığı ilə fərqlənir. Bu xüsusiyyətlərə onun qəlbinin səmimiyyəti də qarışır. Veteran jurnalistin 15 kitabının hər birində bu izlərə rast gəlmək mümkündür. Biz onun əsərlərində Azərbaycan insanının, görkəmli şəxsiyyətlərin, tanınmış qadınların portretlərini, Azərbaycan incəsənətinin bütün sahələrinin təzahürünü görürük. Bu əsərlər böyüyən nəslin yaddaşı üçün çox lazımdır. Onlar həmin əsərlərdən öz ölkələrinin incəsənəti, mədəniyyəti, görkəmli insanları haqqında öyrənəcəklər. Qalina xanımın həyat yolundan gənclərin öyrənə və nümunə götürə biləcəyi çox şeylər var”.   
 
Ayrıca məktəb
Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə Qalina Mikeladzenin hər bir yazısını ürəklə qələmə almasından bəhs etdi: "Mən öncə Qalina xanımı bir jurnalist kimi tanıyırdım və onun məqalələrini oxuyurdum. Onu yaxından tanıyandan sonra hazırlıqlı, məlumatlı, səmimi bir insanla tanış oldum. Çətin həyat yolu keçsə də, insanlara olan sevgisini qoruyub saxlamaq, yaradıcılığa səylə davam etmək və yeni əsərlər yazmaq hər adama nəsib olmur. Bunun arxasında istedaddan başqa, böyük bir insanın geniş ürəyi durur. O, bizim hamımızı sevir, ona görə biz də onu sevirik. Qalina xanımn hər bir qadın haqqında yazdığını oxuyanda elə bil o qadınla tanış olursan və o sənin rəfiqənə çevrilir. Səmimilik, cəsarət və yaradıcılıq - onun bütün fəaliyyətini xarakterizə edir”.  
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova: "Qalina xanımın yazılarını oxumuşdum. Ancaq özü ilə iki il bundan əvvəl "Qadınların missiyası” kitabı yazılanda tanış oldum. Bu, mənim üçün bir tapıntı idi. Çünki bu qədər enerjisi, humanistliyi, insanlara isti münasibəti olan, gənclik marağına və enerjisinə malik bir qadınla ilk dəfə rastlaşırdım. Qalina xanımla etdiyimiz müzakirələr, söhbətlər çox zaman fikir mübadiləsinə çevrilirdi. Mən hər dəfə onunla görüşəndən sonra uzun müddət bu görüşün təəssüratı altında qalırdım. Qalina xanım gözəl jurnalist, eyni zamanda maraqlı  insandır. Onunla ünsiyyətdə olmaq çox xoşdur, çünki ondan çox şey öyrənirsən. Məni Qalina xanımla tanışlıqdan məmnun edən onun içərisindəki həyat eşqi, insanlara qarşı məhəbbət və gözəl münasibətdir. Ümid edirəm ki, Qalina xanım fəaliyyətini davam etdirəcək. Çünki Azərbaycanda hələ haqqında yazılmalı olan qadınlarımız çoxdur”».  
Qalina Mikeladzeni Azərbaycan jurnalistikasında ayrıca məktəb adlandıran yazıçı Natiq Rəsulzadə yubilyarın təkcə jurnalistlik peşəsindən deyil, həm də yazıçılıq fəaliyyətindən söhbət açdı: "Qalina xanımın 15-dən çox kitabı nəşr olunub. O  əsərlərin hər biri ilə yaşayıb, qəlbinin bütün odunu həmin kitablara verib”. 
 
Doğma üzlər
İnsanlarla dolu salona göz gəzdirən Qalina Mikeladze: "Bu qədər insanın yubileyimdə iştirak etməsi mənim üçün böyük şərəfdir. Mən salonda doğma simaları görürəm. Ona görə özümü xoşbəxt hiss edirəm. Mən insanları sevdiyim kimi onlar da məni sevirlər. Çünki mən həmişə öz qəhrəmanlarımla dost olmuşam, onları sevmişəm. Prezident təqaüdünə layiq görülmüşdüm. Buna görə çox sevinirdim. Ancaq "Şöhrət” ordeni ilə təltif olunmağım sevincimin ən yüksək zirvəsi oldu. Zəhmətimə, əməyimə qiymət verdiyinə görə ölkə başçısına minnətdaram. Həyatımı boş yerə yaşamadığıma bir daha əmin oldum”.   
Gecədə Qalina Mikeladzenin hazırda əməkdaşlıq etdiyi mətbu orqanların rəhbərləri adından da təbriklər səsləndi. "Kaspi” qəzetindən daim Qalina xanıma zəng edir, onun yazılarını gözləyirlər. Bu, jurnalistə çox lazımdır. Kimsə onun yazılarını gözləyir, kimsə onun haqqında düşünürsə, telefon açıb onun səhhəti ilə maraqlanır və ya hal-əhval tutursa, demək o insanlara gərəkdir”.  
Yubilyara imzasının mətbuatda bundan sonra da tez-tez görünməsini arzuladılar. Təbii ki, jurnalistlik fəaliyyətini həyatının mənasına çevirən bir insan üçün bundan gözəl arzu ola bilməzdi... 
 
Gecədə iştirak etdi
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6755
GBP 1 İngilis funt sterlinqi 2.1933
TRY 1 Türk lirəsi 0.4888
KWD 1 Küveyt dinarı 5.7211
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8490
CHF 1 İsveçrə frankı 1.7360
USD 1 ABŞ dolları 1.7475