Səməd Seyidov: Radikal müxalifətin iddiaları tamamilə yalandır

Səməd Seyidov: Radikal müxalifətin iddiaları tamamilə yalandır

Cəmiyyət
09 Yanvar 2020, 14:07 190
Radikal müxalifətin guya Avropa Birliyinin (AB) Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsi barədə iddiaları tamamilə yalan və uydurmadır.
Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, radikal müxalifət ictimai fikri yanlış istiqamətə yönəltmək istəyir: "Onlar növbəti dəfə tamamilə reallığı əks etdirməyən məsələləri gündəmə gətirirlər. Ona görə ki, Azərbaycan hansı təşkilata, dövlətə seçkiləri müşahidə etməklə bağlı dəvətnamə göndəribsə, həmin dəvətnamə əsasında onlar öz razılıqlarını veriblər və seçkiləri müşahidə edəcəklər, özü də tam tərkibdə. Misal üçün, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu, eləcə də digər beynəlxalq təşkilatlar və dostluq qrupları seçkiləri müşahidə edəcəklər.
Burada incə bir məqam var və radikal müxalifət bu məqamdan maksimum yararlanmağa çalışır. Bu, nədən ibarətdir? Müşahidə missiyası yalnız o zaman gəlir ki, dövlət tərəfindən rəsmi dəvət məktubu olsun. Azərbaycan hansı beynəlxalq təşkilata, hansı dövlətə dəvətnamə göndəribsə, müsbət qarşılanıb və həmin dövlətlərin, təşkilatların nümayəndələri də seçkiləri müşahidə etməyə gələcəklər. Lakin Azərbaycan Avropa Birliyinin üzvü deyil və ölkəmizin Avropa Parlamentində də nümayəndə heyəti yoxdur. Ona görə də Azərbaycan Avropa Birliyinə, Avropa Parlamentinə heç bir dəvətnamə göndərməyib. Təbii ki, Azərbaycan tərəfi dəvətnamə göndərmədiyi halda Avropa Birliyi və ya Avropa Parlamenti seçkiləri izləmək üçün nümayəndə heyəti göndərə bilməz".
Milli Məclisin komitə sədri vurğulayıb ki, Avropa Birliyinin qərarını yalnış istiqamətə yozmaq lazım deyil: "Onlar sadəcə deyirlər ki, kimsə Avropa Birliyindən müşahidəçi kimi iştirak etmək istəyirsə, bu, onun şəxsi işidir. Bizi dəvət etməyiblər və ona görə də nümayəndə heyəti göndərə bilmərik. Ancaq bunu guya Avropa Parlamenti Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina edir kimi təqdim etmək tamamilə təxribat xarakteri daşıyır, məsələ qəsdən bu tərzdə təqdim olunur. Çünki radikal müxalifət elə bir imic yaratmaq istəyir ki, guya Avropa Birliyi seçkilərdə müşahidəçi qismində iştirak etmirsə, deməli, heç kim də iştirak etmək fikrində deyil. Əksinə, Azərbaycanın dəvətnamə göndərdiyi bütün qurumlar və dövlətlərin hamısı iştirak etməkdə maraqlıdır və Azərbaycana müşahidəçi missiyası göndərmək istəyir. Ona görə də radikal müxalifətin iddiaları yalandır, böhtandır”.