• cümə axşamı, 28 mart, 21:06
  • Baku Bakı 13°C

Səlim Müslümov Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb

05.04.18 13:30 847
Səlim Müslümov Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət qurumları ilə biznes strukturları arasında fəal və səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib, nazirliklə "AmCham Azərbaycan” arasında uğurlu əməkdaşlıq təcrübəsi əsasında bu təşkilatla vaxtaşırı olaraq belə görüşlərin təşkil edildiyini bildirib.
Nazir Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm nailiyyətlərindən biri kimi, milli iqtisadiyyatın şaxələndirilməsi əsasında qeyri-neft sektorunda artım tempinin davam etdiyini vurğulayıb: "Bu uğurun əsasında, eyni zamanda, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, biznes mühitinin şəffaflaşmasına, sahibkarların hüquq və mənafelərinin qorunmasına, texniki, maliyyə, hüquqi, metodiki və s. dəstəklə əhatə olunmasına yönələn kompleks tədbirlərin müsbət nəticələri dayanır. Son 15 ildə sahibkarlıq subyektlərinin 4,3 dəfə artması və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsi digər tərəfdən bu sektorun yeni iş yerlərinin açılmasında rolunun güclənməsinə, ölkədə əmək resurslarının məşğulluğunda payının 75,4 faizə çatmasına imkan verib. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayında qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin xüsusi çəkisi 41,6 faizə çatıb”.
S.Müslümov diqqətə çatdırıb ki, Prezidentin təşəbbüsünə uyğun olaraq son vaxtlar məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi də sahibkarlığın dəstəklənməsinə yönələn tədbirlərdən biridir: "Ölkəmizdə əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrasında hökumətlə həmkarlar və sahibkarlar təşkilatları arasında sosial tərəfdaşlıq müstəvisində birgə fəaliyyət mexanizminin qurulması xüsusi önəm kəsb edir. 2016-cı ilin sentyabr ayında Azərbaycanda yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya bu sahədə, əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsində uğurlu iş təcrübəsi formalaşdırıb. Təsadüfi deyil ki, bu təcrübə Beynəlxalq Əmək Təşkilatı tərəfindən də ən yaxşı təcrübə nümunəsi kimi dəyərləndirilib və region ölkələri üçün tövsiyə edilib. Həmin Üçtərəfli Komissiyanın fəaliyyətində "AmCham Azərbaycan”ın da fəal iştirakı, əmək bazarının tənzimlənməsi, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunması, Baş Kollektiv Sazişdəki prioritetlərə uyğun məsələlərin həlli ilə əlaqədar həmişə işgüzar mövqedən çıxış etməsi və təkliflər verməsi təqdirəlayiqdir”.
Ötən dövrdə "AmCham Azərbaycan”la birgə keçirilən işgüzar görüşlərin önəmini qeyd edən nazir bildirib ki, bu görüşlərin hər biri qarşılıqlı faydalı olan məlumat mübadiləsi və müzakirələrin aparılması, biznes qurumlarının suallarının cavablandırılması, müvafiq məsələlərlə əlaqədar fikir və təkliflərin öyrənilməsi baxımından əhəmiyyətli olub: "Görüşlər zamanı əmək və sosial müdafiə sahəsi, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi, praktik iş metodları ilə bağlı təqdim olunan təkliflər də diqqətdə saxlanılır və aidiyyəti üzrə işlər aparılır. Bu mənada, hesab edirəm ki, hazırkı görüşümüz də faydalı olacaqdır”.
"AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov Palata ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında fəal əməkdaşlığın formalaşmasından, konstruktuv dialoqa imkan verən və işgüzar xarakter daşıyan birgə görüşlərin təşkilindən məmnun olduqlarını vurğulayıb. O, son illərdə əmək və sosial müdafiə sahələrində aparılan islahatların, o cümlədən əmək münasibətlərinin elektron qeydiyyatı sisteminə keçilməsinin, bu sahənin, habelə sosial sığorta münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasının, yeni işsizlikdən sığorta mexanizminin yaradılmasının, əmək qanunvericiliyinin təkmilləşdirilməsi yönündə atılan addımların əhəmiyyətini qeyd edib.
Palatanın ayrı-ayrı nümayəndələri də çıxış edərək, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin təmin edilməsi, o cümlədən sahibkarlığın dəstəklənməsi, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi yönündə görülən işlərin önəmli olduğunu diqqətə çatdırıblar. Onlar qarşılıqlı məlumat mübadiləsi və müzakirələr üçün yaxşı imkan yaradan belə görüşlərin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar, müvafiq qanunvericilik aktlarında tətbiq edilən yeni dəyişikliklərlə bağlı biznes qurumlarının nümayəndələrinə məlumatlar verilib, onların sualları cavablandırılıb. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən də bəhs olunub, habelə Palatanın hazırladığı (Ağ sənəd) "Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” çərçivəsində əmək qanunvericiliyi ilə bağlı təkliflər ətraflı müzakirə edilib.
banner

Oxşar Xəbərlər