• cümə, 29 Mart, 10:46
  • Baku Bakı 5°C

Sələflərimizin qürurverici etnoqrafiyasına qayğı

18.03.19 15:37 1474
Sələflərimizin qürurverici etnoqrafiyasına qayğı
Ötən ilin avqustunda Qəbələnin Nic kəndində açılışı baş tutan "Azərbaycan Udi ocağı”nın aradan ötən bu qısa müddətdə bölgənin mədəni xəritəsində önəmli yer tuta bilməsi artıq danılmaz faktdır. Sovet dönəmində fizioloji çatışmazlığı olan Esmira Qanqalovanın ürəkağrıdan "Dəmir çarpayıdan yazılan məktublar”ı ilə keçmiş SSRİ məkanında məşhurlaşan bu kəndin XXI yüzilliyin əvvəlində duyulası diqqət kəsb etməsi respublikanın tanınmış memarı və rəssamı, YUNESKO-nun nəzdindəki memarlar ittifaqının həqiqi üzvü Şahvələd Məmmədovun burada yerli udi xalqının tarixini və adət-ənənəsini özündə ifadə edən etnoqrafik park yaratması ilə baş vermişdir.
Ziyarətçilərin giriş qapısından "Azərbaycan Udi ocağı”na ayaq basdıqları elə ilk addımda onlara təqdim olunan eksponatların zamanında Esmira Qanqalovaya uzaqdan-yaxından ünvanlanan məktubların olması da yəqin ki, təsadüfi deyil. Vitrində səliqə ilə üst-üstə toplanmış həmin çoxsaylı məktublar insan taleyinə biganə qalmamağın daha bir nümayişi olmaqla, həm də ocağın qərarlaşdığı qədim mülkün keçmiş sakinlərindən birinə ehtiramın ifadəsi kimi tamaşaçıları duyğulandırır...
Bu gün haqlı olaraq Azərbaycanın dilbər guşələrindən biri hesab olunan Qəbələdə bu yurdun tarixi sakinlərinin – udilərin əski və şərəfli keçmişinin mədəni-tarixi hadisə kimi təqdim və təbliğ olunmasında bu ocağın ideya müəllifinin və yaradıcısı Şahvələd Məmmədovun uzaqgörənlik nümayiş etdirməsini üç hektar ərazini əhatə edən sahənin hər qarışında duymaq mümkündür. Bu gün haqlı olaraq respublika turizm xəritəsində önəmli yer tutan "Azərbaycan Udi ocağı”nın tarixi-etnoqrafik tutumunun məntiqli elmi cəhətdən əlaqələndirilməsinin nəticəsidir ki, onun ekspozisiyası ilə tanışlıqdan sonra hər kəs bu qədim torpaqda zamanında mövcud olmuş qədim 26 Alban tayfasından birinin zəngin məişət ənənələrini yaşatmaqla, zamanın keşməkeşlərindən şərəflə çıxdığına əmin olmaqla, dünyaya multikulturalizm nümunəsi sərgiləyən Azərbaycanın bu torpaqdakı müxtəlif millətlərə duyulası mehribanlıq şəraitində yaşamasının əyani təsdiqini görür. Əslində bu ocağın yaranması Qafqaza gəlmə olduqları dünya tarixçiləri tərəfindən çoxdan təsdiqlənən və Cənubi Qafqazdakı xristian mədəniyyətinə və incəsənətinə iddialı olan ermənilərin udiləri də özlərindən hesab etmələrini puça çıxaran tutarlı cavabdır. Bu mənada Ş.Məmmədovun kənddəki Çotari Alban-udi xristian abidəsinin (XIX əsr) bərpasını xüsusi qayğı ilə həyata keçirəndən sonra "Azərbaycan Udi ocağı”nı yaratması burada yaşayan xalqların dostluğunun daha da möhkəmləndirilməsinə xidmət edəcək tarixi-mədəni addım, bütünlükdə isə, əsl vətəndaşlıq-vətənpərvərlik mövqeyinin nümayişidir, desək, yanılmarıq. Qənaətimizcə, bu yeni etnoqrafik park doğma yurdu sonsuz məhəbbətlə sevən sənət adamının Azərbaycanın dünyada tanınmasına xidmət edə biləcək əsl ziyalı əməlidir...
Tanışlıq üçün deyək ki, bu gün kəndin Qocabəyli məhəlləsində yerləşən və həm də mədəni mərkəz kimi fəaliyyət göstərən "Azərbaycan Udi ocağı” bir-neçə əsr əvvəl burada bünövrəsi qoyulmuş Qanqalovların mülkünün və digər bir-neçə tikilinin əsasında yaradılmışdır. Elə etonoqrafik muzeyin əsas ekspozisiyası da XVII əsrdə çiy kərpicdən olan və daş təməl üzərində taxtadan inşa olunan, bununla da yerli təbii şəraitə tam cavab verən bu mülkdə - tarixi Udi evində yerləşir. Vaxtilə ailə başçısı yerli dini icmanın başçısı olan Qanqalovlar nəslinə məxsus olan bu tikilinin timsalında sələflərimizin "çəpər qonşuları”nın qədim tarixi, zəngin adət-ənənəsi və özünəməxsus məişəti ilə tanış olmaq mümkündür. Tamaşaçı pillələrlə yuxarı qalxıb bir-neçə otaqdan ibarət olan həmin mülkün interyerinə daxil olanda təbiiliyi və qeyri-adiliyi tamaşaçı nəzərlərini ovsunlayan bir nağıllar aləminə düşdüyünü güman edir. Belə ki, burada zamanında mövcud olan və real udi həyat-tərzini əks etdirən gözoxşayan mühit yaradılmışdır. Doğrudan da, duyulası səbr və zövqlə toplanmış müxtəlif funksiyalı bu etnoqrafik əşyaların tarixiliyində və estetikasında udilərin uzaq-yaxın keçmişinə "inandırıcı güzgü” tutan mənəvi-bədii yük hifz olunur.
Evin ümumi quruluşu, buradakı müxtəlif əşyalarla zəngin olan yataq otağı, dəhliz, tövbə və dualar otağı, eləcə də fındıq çubuqlarından hazırlanan və funksionallığı ilə diqqətçəkən çardağı bizi xəyalən geriyə qaytarır, Qanqalovların timsalında udilərin keçib gəldikləri həyat yolunu duyğulandırıcı tutumda işıqlandırır. Burada nümayiş olunan mum fiqurların tamaşaçı marağına səbəb olması da birmənalıdır. Atanın üzünün dəllək tərəfindən təraş edilməsini və dərzi-qadının paltar tikməsini özündə əhatə edən edən bu fiqurlu səhnələrin yaratdığı inandırıcılığın mülkün ekspozisiyasından alınan təəssürata böyük təsir göstərməsi, əlavə çalarlar qatması danılmazdır. Bütün bu görünənlər barəsində ziyarətçilərə böyük məhəbbətlə söz açan və onların əlavə suallarına həvəslə cavab verən ocağın bələdçisi - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Viktoriya Aqayinin udilərin məişəti barəsində söhbətləri də Qafqaz albanlarının birbaşa varisləri barəsində alınan məlumatların daha da zənginləşməsini şərtləndirir, desək, yanılmarıq...
Ocağın ərazisindəki digər tikililər və açıq səma altında qərarlaşmış mədəni-tarixi obyektlər udi məişətinin mənəvi qaynaqlarının nə qədər çoxşaxəli olduğunu təsdiqləyir. Belə tikililərdən ikisi qonaqlar üçün nəzərdə tutulmuşdur. Onların bütün mənalarda yerli udi qonaqpərvərliyinin nümayişinə yönəldilməsi duyulandır. Orijinal forma-biçimə malik olan bu tikililərin daxili planlaşdırılması da məqsədli olub, bura ayaq basan insanlara elə olduqları məkandan da uzaq uca dağların əlçatmaz yamacları ilə yanaşı, yaxın qonşuların əli ilə yaradılmış gözəllikləri görməyə və duymağa imkan verir...

Hər bir xalqın məişətində əsas yer tutan təsərrüfatın məzmununun və idarə olunmasının duyulası önəm kəsb etməsinin qarşılığında, "Azərbaycan Udi ocağı”nın həyətinə səpələnən və funksionallığı ilə diqqətçəkən obyektlərin bura gələnlər üçün maraq doğurması şəksizdir. Udi ailəsinin məişət-təsərrüfat qayğılarının çözülməsində istifadə olunan çörək bişirilən iki təndirin, şərabçılıq və araqçəkmə üçün nəzərdə tutulan yay tikilisinin, üzümün sıxılması üçün istifadə olunan böyük daş quyusunun, xalça toxunan hanaların, eləcə də geniş həyətyanı sahədən toplanmış meyvə və tərəvəzlərin konservləşdirilməsi, tütünün qurudulması, ipək qurdun baramasının bəslənməsi üçün hazırlanmış çardağ otaqların forma-biçimində ifadə olunan orijinallıq, onların funksionallığını şərtləndirən xüsusiyyətlərin hamısı tamaşaçılar üçün duyulası maraq kəsb etdiyindən, səma altında sərgilənən bu "açıq muzey”in estetik tutumlu hər bir eksponatı həm də böyük tarixi-etnoqrafik əhəmiyyət kəsb edir.
Meyvəli bağ-bağatı, suyu balıqlı zəngin gölü, landşafta xüsusi gözəllik verən arxlı bulağı, taxtadan qurulmuş istirahət guşələri, çəllək tipli taxtadan orijinal mini istirahət otaqları məkana xüsusi gözəllik verir. Buradakı daş oyma və relyefli başdaşıları udi ustalarının yüksək sənətkarlığını özündə əks etdirir. Bura tikililərin interyerlərini bəzəyən toxuculuq nümunələrini də əlavə etsək, onda bu yerlərdə bədii sənətkarlığın da özünəməxsus estetik dəyərə malik olduğunu söyləmək olar.
Ocağın ümumi kolleksiyasını təşkil edən iki mindən çox estetik tutumlu eksponatın qətiyyətlə muzey ekspozisiyasında özünəməxsus yük daşımaqla, bütünlükdə, Albanların birbaşa sələfi olan udilərin qədim tarixə və mədəniyyətə malik olduğunu təsdiqləməsi birmənalıdır. Odur ki, bu yeni mədəni məkan fəaliyyətə başladığı gündən həmişə qonaq-qaralı olub. Elə onun açılışı günü respublikamızın bura toplaşan tanınmış şəxsiyyətlərinin də çıxışlarında, onun yaradıcısı Şahvələd Məmmədovun atdığı addımın tarixi olduğu, hələ bundan sonralar da zaman-zaman xatırlanacağına əminlik ifadə olunmuşdur. Biz də elə qədim Qəbələnin Nic kəndinə səfərimizdən və ümumi məzmunu ilə hər kəsdə qürurdoğurucu hisslər oyadan "Azərbaycan Udi ocağı” ilə tanışlıqdan böyük estetik zövq aldıq. Qışın arxada qaldığı, yazın-yayın astanasında olduğumuzun qarşılığında hamınıza haqqında söz açdığımız bu gözəl məkanı görmək və ondan zövq almaq arzulayırıq....
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi


banner

Oxşar Xəbərlər