• cümə, 19 Aprel, 19:30
  • Baku Bakı 24°C

Səlahiyyətli nümayəndə

27.02.20 15:15 2872
Səlahiyyətli nümayəndə
Bir tamaşanın yaxud kinofilmin ərsəyə gətirilməsində dramaturqdan, rejissordan tutmuş, butafora, texniki işçilərə qədər çoxsaylı peşəkarlar uzun müddət çalışırlar və nəhayət hazırlanmış səhnə, ekran əsərini tamaşaçılara təqdim edirlər. Hər bir əsərin süjetində müxtəlif səpkili və maraqlı həyat hadisələri, əhvalatlar, dönüşlər ola bilər. Lakin bütün bunlar özü-özlüyündə tamaşaçı üçün önəmli deyil. Onun üçün önəmli bu hadisələri yaşayan, bütün konfliktlərin, toqquşmaların mərkəzində dayanan insandır, bu insanın həyatı, xarakteri, taleyidir... Bu sənət əsərlərinin əsas diqqət mərkəzi insan olduğuna görə ön plana bu insanı bilavasitə canlandıran aktyor çıxır və o, əsəri yaradan peşəkarların demək istədiklərini öz oyunu, ifası ilə tamaşaçılara çatdırır. Beləliklə, aktyor yaradıcı heyətin, bir növ, səlahiyyətli nümayəndəsi olur...
Bəs, aktyorlar bu etimadın məsuliyyətini bütün dolğunluğu ilə dərk edirlərmi, üzərlərinə düşən işin öhdəsindən lazımınca gələ bilirlərmi? Onlar öz işlərində hansı yolu tuturlar, obrazın insani varlığını dərinliyi və dolğunluğu ilə aça bilirlərmi, yaxud üzdən gedərək, obrazın zahiri görüntüsünü yaratmaqla kifayətlənirlər və nəhayət, bu obrazdan istifadə edərək ən qorxulu xəstəliyə - özününümayişə düçar olurlar?
Məlumdur ki, insan bir varlıq kimi müxtəlif qatlardan ibarətdir və onun görünən üst qatı heç də onun əsl varlığının göstəricisi deyil. Çox təəssüf ki, teatrlarımızın hələ də yaxa qurtara bilmədiyi melodramatik oyun üslubu, rolların amplualara bölünməsi ilə üzləşdiklərinə görə aktyorlarımız çox vaxt obrazın yalnız üst, görünən qatını oynamaqla kifayətlənirlər, o biri qatlar, obrazın intellekti, düşünmə qabiliyyəti diqqətdən kənarda qalır. Bu daxili boşluğu gizlətmək üçün aktyorlarımız rejissorlarımızın fəal köməyi ilə müxtəlif səhnə effektlərindən, görüntülərindən bol-bol istifadə edirlər. Melodramatik üslubda oynayan aktyorlar çox zaman romantik, yaxud lirik oyun tərzinə müraciət edirlər, çünki məhz bu üslublarla tamaşaçıların duyğularına təsir etmək nisbətən asan olur, amma bu təsir insanın üst qatındakı duyğularını qıcıqlandırmaqla bitmiş olur, onun dərin qatlarına, qəlbinə və şüuruna toxuna bilmir. Aktyor da birinci qatın əldə etdiyi qazancla kifayətlənirlər, hətta bu qazanc ona populyarlıq, şöhrət, ad-san gətirir, o da bununla arxayınlaşır, düşünmür ki, ikinci və sonrakı qatları, intellekti işə salmadan əsl sənət əsəri yaratmaq mümkün deyil və bu yaradıcılıq işi yalnız dar çərçivəli məkanda və dar çərçivəli düşüncə və zövqə malik insanların, tamaşaçıların rəğbətini qazana bilər. Nəticədə sənətdə əyalətçilik ruhu peyda olur – "Biləcəri sindromu” xəstəliyi...
Əlbəttə, belə qüsurlu yanaşmanın məsuliyyəti, ilk növbədə, rejissuramızın üzərinə düşür, çünki məhz onlar aktyorlarımızı belə oyun tərzinə təhrik edirlər. Əgər obraz müsbətdirsə o, mütləq məlahətli, əzəmətli, qürurlu görünüşə malik olmalıdır, necə deyərlər – Əyilməz vicdanın böyük heykəli... və əgər mənfidirsə, onun bütün görkəmində, sifətində, hərəkətlərində bu mənfilik aydın şəkildə görünməlidir. Kino sənətində belə yanaşma daha qabarıq göründüyünə görə kinorejissorlarımız çəkdikləri filmlərdə üstünlüyü əcnəbi aktyorlara verirdilər, amma təəssüf ki, onlar da bu işdə həddi çox aşırdırlar, bəzən buna heç ehtiyac olmayanda da... Nəticədə bir çox filmlərimizdə baş və aparıcı rolları öz aktyorlarımız deyil, dəvət olunmuş əcnəbi aktyorlar ifa edirlər, özü də azərbaycanlı insanların obrazlarını. Bu aktyorlar ifadəli görünüşlə, peşəkarlıqla ekran obrazını canlandırırlar, lakin burada obrazın milli ruhu, mentalitetə xas xüsusiyyətlər itmiş olur, nəticədə tamaşaçılara natamam ekran obrazı təqdim edilir.
Təəssüf hissi ilə deməliyik ki, bu ekran obrazlarının sayı bir, beş, on deyil, bundan qat-qat çoxdur və oxucularımız asanlıqla onları yada sala bilər. Onların bəzilərini xatırlayaq.
n Nazim Hikmətin əsəri əsasında "Bir məhəlləli iki oğlan” filmində baş rollar Əhməd və Nuri obrazlarını rusiyalı aktyorlar V.Medvedev və S.Sokolovski oynayırlar.
n Mehdi Hüseynin romanı əsasında çəkilmiş "Səhər” filmində baş rolu, ucqar bir kənddən Bakıya gəlmiş, burada neft mədənlərində fəhlə işləyən və o vaxtkı inqilabi burulğanlara düşmüş Bayram adlı obrazını gürcü aktryoru Q.Çoxonelidze ifa edir.
n "Qanun naminə” filmində baş rol Mehman obrazına osetin aktyor B.Vatayev çəkilib.
n "Tütək səsi” filmində baş rol Cəbrayıl obrazına moldavan aktyor M.Volontir çəkilib.
n "Ad günü” filmində əsas qəhrəman Əli obrazına gürcü aktyoru D.Uplisaşvili çəkilib.
n "Telefonçu qız” filmində baş rolu ukraynalı aktrisa R.Nedaşkovskaya ifa edir.
n "Ulduzlar sönmür” filmində görkəmli dövlət xadimi, tanınmış dramaturqumuz Nəriman Nərimanov obrazını rusiyalı aktyor V.Samoylov canlandırır.
n "Onu bağışlamaq olarmı” filmində iki baş rolu osetin aktyor oynayır və filmin sonunda – Onu bağışlamaq olarmı - pafoslu sualını yalnız bir epizodda görünən tanınmış gürcü aktrisası Veriko Ancaparidze söyləyir.
n Deyilənlərə görə, rejissor Adil İskəndərov "Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsində işlədiyi vaxtlarda rejissorlarımızın əcnəbi aktyorlara meyillərini azaltmağa çalışmışdır, lakin özü də "Əhməd hardadır” filmini çəkərkən Əhmədin kiçik bacısı, filmdə heç bir önəmli funksiya daşımayan gənc qız roluna gürcüstanlı gənc aktrisanı çəkmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, göstərilən bu nümunələr bizim filmlərimizdə azərbaycanlı obrazları ifa edən əcnəbi aktyorların çox kiçik bir hissəsidir və bu siyahını uzatmaq olar...
Və belə olduqda bir sual ortaya çıxır. Əcnəbi aktyorların bizim filmlərdə geninə-boluna at oynatmalarına rəğmən niyə bizim aktyorlarımız bu ölkələrdə, ilk növbədə, qonşu Gürcüstanda çəkilən filmlərə heç vaxt dəvət almayıblar? Niyə belə alçaldıcı vəziyyət yaranmışdır, bunun səbəbi, kökləri nədədir? Bizim kinoşünaslarımız, kino xadimlərimiz özünütərifləmə, raportomaniya ruhundan əl çəkməli, bu sualların cavablarını tapmalı və lazımı qiymət verməlidirlər.
Aktyor məsuliyyətindən danışarkən xüsusi qeyd etməliyik ki, o yaradıcı sənətkardır, heç vaxt passiv, gözləyici vəziyyətdə qalmamalıdır, unutmamalıdır ki, o, rejissorun, xüsusən novatorçuluq iddiasında olan rejissorun əlində icraçı robot deyil. Tamaşanın ümumi konsepsiyasından çıxış edərək aktyor öz sözünü deməyi bacarmalıdır, yaratdığı obrazı ilə tamaşanın ali məqsədinə qulluq etməlidir. Aktyor oynadığı obrazın elə xüsusiyyətlərini tapmalıdır ki, bunlar hamı üçün, hətta pyesin müəllifi və tamaşanın rejissoru üçün də gözlənilməz olsun, çünki bu işdə səlahiyyət onun əlindədir. Burada biz bir örnək kimi görkəmli aktrisamız Nəsibə Zeynalovanı xatırlamalıyıq, çünki onun yaratdığı obrazlar dramaturq və rejissordan daha çox özünün yaradıcılıq məhsuludur. Aktrisanın yaratdığı hər bir obrazda zəngin müşahidə qabiliyyəti, obrazın müxtəlif insani xüsusiyyətlərini ön plana çəkmək və hətta tamaşaçı ilə kontakt-ünsiyyət yaratmaq bacarığı aydın şəkildə duyulur.
Burada aktyorun başqa vacib xüsusiyyətinə də toxunmaq lazımdır. Bəllidir ki, aktyor peşəsi asılı peşədir – rol verilsə, aktyor özünü necəsə göstərə bilər, verilməsə, potensial imkanları tədricən sönüb heç ola bilər. Ona görə də aktyor fəal şəkildə öz bacarığını, istedadını üzə çıxarmalı və müxtəlif formalar, vasitələrlə tamaşaçılarla ünsiyyətə girməlidir. Burada biz yenə də başqa aktyor-örnəyə müraciət edə bilərik. Söhbət amerikalı aktyor Dastin Hofmanın məşhur "Tutsi” filmində yaratdığı aktyor obrazından gedir. Burada aktyor özünü təsdiq etmək üçün son dərəcə mürəkkəb vasitələrə əl atır və əzm göstərərək öz istəyinə tam dolğunluğu ilə nail olur.
Onu xüsusi qeyd etmək lazımdır ki, göstərdiyimiz hər iki nümunədə aktyorun özünə məftunluq hissi qəti şəkildə yoxdur, burada bütün dolğunluğu ilə canlı insan obrazı yaratmaq və tamaşaçılara çatdırmaq istəyi, fikri dayanır. Tamaşaçı da bu istəyi anlayır, qəlbən duyur və ona görə də aktyora minnətdar olur, çünki aktyor bir yaradıcı şəxs kimi, ona ağıllı söz demişdir, onun duyğularını oyatmışdır, nəhayət, böyük yaradıcı kollektivin adından səlahiyyətli nümayəndə kimi öz missiyasını uğurla yerinə yetirmişdir...

Fikrət Sultanov
Əməkdar incəsənət xadimi, professor

banner

Oxşar Xəbərlər