• çərşənbə axşamı, 23 aprel, 22:26
  • Baku Bakı 20°C

“Səkkiz uşaq istəyirik” – Ailə

10.02.15 06:27 2216
“Səkkiz uşaq istəyirik” – Ailə
Vaqif Yusifli: “Axtardığım qadın o idi”
Cəmalə Yusifli: “Hər uşaq olanda ilk 3 ay evimizdə mübahisə olur”

Rubrikamızın budəfəki qonaqları sadə azərbaycanlı ailəsidir. Bu hekayə mebel ustası Vaqif ilə evdar qadın Cəmalənin hekayəsidir. Onlar məşhur simalar olmasa da, bu gün evliliyi, ailə həyatını oyuncağa çevirən bəzi “ailələrə” örnəkdirlər. Indiki zəmanədə, özü də hansısa regionda deyil, Bakıda 4 uşaq böyüdürlər. Beləliklə 11 ildir, eyni həyatı bölüşən
həmsöhbətlərimizin tanışlıq tarixçəsindən başlayaq...
Məntiqli evlilik
Cəmalə 2 saylı Tibb Texnikumunda oxuyarkən qrup yoldaşı olan rəfiqəsi vasitəsilə həyat yoldaşı ilə tanış olub. Rəfiqəsinin qohumu olan Vaqif ilk dəfə Cəmaləni görüb, bəyənib. Onun haqqında maraqlandıqdan sonra Cəmalə ilə ailə qurmağı qarşısına məqsəd qoyub.
Cəmalə deyir ki, Vaqif ona “ürəyini açanda” ilk baxışda indiki həyat yoldaşı onu cəlb etməyib: “Doğrusu, mən deyə bilmərəm, aşiq oldum, gözüm kor oldu, ailə qurduq. Biz kor-koranə yox, məntiqli şəkildə düşünüb ailə qurmuşuq. Vaqifi ilk dəfə görəndə, o qədər də xoşuma gəlmədi. Amma məni ona çəkən nə isə var idi. Yəqin qismət budur. Vaqiflə ünsiyyət qurduqdan sonra onun xarakteri, ailəcanlı olması, onda əsl kişi xüsusiyyətlərinin cəmləşməsi məni özünə cəlb etdi. Məntiqli şəkildə düşünüb məni xoşbəxt edəcək insanın Vaqif olacağına qərar verdim”.
Axtardığım qadın o idi...
Vaqifin isə diqqətini ilk baxışda Cəmalənin əxlaqı, mədəniyyəti, özünü aparması çəkib: “Cəmalənin qrup yoldaşı ilə hər dəfə bu mövzuları müzakirə edir, onun xüsusiyyətlərini soruşub, araşdırırdım. Cəmalə mənim kriteriyalarıma o qədər uyğun idi ki, “yox” cavabı alsam belə, onunla ailə qurmağı qarşıma məqsəd qoymuşdum. Çünki axtardığım qadın o idi”.
Gənclər bir-birlərini tanıyıb razılığa gəldikdən sonra qarşılarına əngəllər çıxıb. Onlar heç də rahat şəkildə ailə qurmayıblar. Amma bu əngəllər cütlüyümüzü yolundan döndərməyib. Cəmalənin atası düz bir il Vaqifin ailəsini get-gələ salıb, elçilərə “yox” cavabı verib. Amma ailənin xəbəri olmayıb ki, Vaqifin aldığı “yox” cavabı, onu Cəmalədən uzaqlaşdırmaq əvəzinə, ona daha çox bağlayıb: “Atası onu mənə verməyəndə düşündüm ki, əgər bir evdə kişinin sözü keçirsə, deməli, o evin qızını almaq olar. Çünki o, öz evində gördüyünü gələcək ailəsində də tətbiq edəcək. Həyat yoldaşına da atasına göstərdiyi münasibəti sərgiləyəcək. Bundan sonra israrla qızdan əl çəkmədim”.
“Atası ilə özüm danışdım”
“Yox” cavabından bezməyən Vaqif sonda elçiliyini özü etməli olur. O, böyük qardaşının adından gələcək həyat yoldaşının əmisinə zəng edir və onu görüşməyə razı salır: “Əmisinə telefonda dedim ki, Vaqiflə görüşün, xarakterinə baxın. Bəyənməsəniz, qızı vermərsiniz”.
Beləliklə, Vaqif Cəmalənin əmiləri ilə şəxsən görüşür və onları razı sala bilir.
“Uşaqlar hüquqlarını bilirlər”
Vaqiflə Cəmalə çoxuşaqlı ailə tərəfdarıdırlar. Hələ 4 uşaqları olsa da, gələcəkdə 8 uşaq sahibi olmağı düşünürlər. Cütlüyümüz deyir ki, çoxuşaqlılıq nə maddi, nə də mənəvi cəhətdən onlara problem yaratmır: “Düzdür, hamı deyir ki, dörd uşaq saxlamaq çətindir. Amma Allah uşaq verəndə ruzisini də onunla birlikdə verir. Özümüz də sınamışıq ki, hər dəfə uşaq olanda imkanımız daha da yaxşılaşıb. Mənəvi çətinliyə gəlincə, uşaqlar arasında ədalətli qərar çıxarmaq çətindir”.
Uşaqlara cəza vermək metodlarından danışan gənc ana deyir ki, cəzalandırarkən onları otaqda 15-20 dəqiqə tək qoyur: “Uşaqların tərbiyəsinə gəlincə, onlara nə çox sərbəstlik verir, nə də çox sıxırıq. İndiki uşaqları tərbiyə etmək o qədər da asan deyil. Hüquqlarını bilirlər. Məsələn, 5 yaşlı oğluma “danışma” deyəndə, danışmaq hüququnun olduğunu bildirir. Az qalırlar, Konstitusiyanın maddələrinə qədər sitat gətirələr. Amma uşaqlardan narazılığımı yoxdur, məni incitməməyə çalışırlar. Böyük qızım Humay sinif nümayəndəsidir, o biri qızım Lamiyə də dərslərini əla oxuyur. Digər iki uşaq isə hələ məktəbə getmir”.
“Uşağın çoxluğu valideynin mükafatıdır”
Vaqifin fikrincə, ailədə uşağın çoxluğu valideynlərin mükafatıdır: “Övladın çoxluğu qorxulu bir şey deyil. Övladı böyütmək ən böyük savabdır. Gözəl, tərbiyəli övlad yetişdirmək valideynin mükafatıdır. Həmçinin çox uşaq bir-birinə gələcəkdə dəstək olur. Qardaşı-bacısı olmayan uşaq ömür boyu tək qalır. Məsələn, mənim bacım-qardaşlarım var, nə zaman ehtiyacım olsa, bir-birimizə kömək edir, əl tuturuq. İstəyirəm mənim övladlarım da bir-birlərinə dəstək olsunlar”.
Bütün ailələrdə olduğu kimi, arada Yusifli ailəsində də kiçik konfliktlər olur. Cütlüyümüz hesab edir ki, mübahisələrin olmadığı ailə normal ailə deyil: “İlk vaxtlarda mübahisə olanda hər ikimiz öz fikrimizi deməyə can atır və dediyimizdən dönmürdük. Müəyyən vaxt keçəndən sonra bir-birimizin xasiyyətinə bələd olduq və bildik ki, hansı hərəkəti etsək, digərimizə xoş gəlməyəcək. Bizdə mübahisə hər vaxt uşaqlara görə olur. Hər uşaq olanda ilk 3 ay evdə mübahisələr olur. Çünki üç ay ərzində qadın yuxusuz olduğundan depressiyadan çıxa bilmir və hər hərəkət ona təsir edir, qıcıqlandırır. Dünyaya yeni uşaq gətirəndə əvvəlcədən yoldaşıma deyirəm ki, məni idarə etsin. Sağ olsun, o da problem yaratmadan yola verir”.
Problemsiz ailə olmur
Vaqif deyir ki, boşanmaların sayının artması qadınların evdə kişilik etməsi ilə bağlıdır: “İndiki dövrün problemi odur ki, kişi qadının, qadın kişinin yerini bilmir. Bizim ailədə kişinin öz yeri, qadının öz yeri var. Əgər qadın evdə öz yerini bilirsə, o evdə hər şey normal olacaq. Bu gün ailələrdə bir-birinə güzəşt etmək məsələsi yoxdur. Qadın ərinə qarşı çıxır, üsyan edir və ailədə olan söz-söhbətlər boşanmalara səbəb olur”.
Vaqif hesab edir ki, yaxşı xanım ailəsini sevməli, etibarlı olmalı, həyat yoldaşına hörmət etməlidir.
Xoşbəxt ailənin sirri
Müsahiblərimiz xoşbəxtliklərinin sirrini də bizimlə bölüşdülər. Gənc cütlüyümüz hesab edir ki, islam dininin qaydalarına əməl etmək xoşbəxtliyi yaxalamaq deməkdir: “Kimsə bu gün pulu, zənginliyi xoşbəxtlik sayırsa, o ailənin axırı yoxdur. Amma insan düşünsə ki, bu ailə, bu övladlar ona əmanətdir, bu zaman xoşbəxt olarlar. Ailədə dürüstlük, bir-birinə inam, etibar, hörmət və halallıq olmalıdır”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər