• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

“Şəkixanovlar evi”ni tarixi görkəminə qaytardılar

02.09.13 12:12 2834
“Şəkixanovlar evi”ni tarixi görkəminə qaytardılar
Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov Trend-ə bildirib ki, Azərbaycan KP Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 24 noyabr 1967-ci il tarixli birgə qərarı ilə Şəki şəhərinin qədim hissəsi olan "Yuxarı Baş" ərazisi tarix-memarlıq qoruğu elan edilib. Qoruq ərazisində yerləşən çoxsaylı abidələrdən biri də "Şəkixanovlar evi"dir. Abidə XVIII əsrın ortalarında Məhəmməd Hüseyn xan tərəfindən tikilib. Ev yaşayış evlərinin inkişaf etmiş saray tipli formasındadır. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi mühafizə olunur.
"Şəkixanovların evi" iki mərtəbəlidir, altı otaq və dörd dəhlizdən ibarətdir. Birinci mərtəbədəki mərkəzi otaq qış yaşayış otağı, yan otaqlar isə mətbəx və təsərrüfat işləri məqsədi ilə istifadə olunub. İkinci mərtəbədə isə ortadakı rəsmli otaq qonaq otağı, digər ikisi isə yaşayış otaqları olub.
Binanın divarlarının inşasında "faxverk" tipli taxta konstruksiyalardan, çay daşından və çiy kərpicdən istifadə olunub. Sonralar bərpa zamanı çiy kərpicin bir hissəsi bişmiş kərpiclə əvəz olunub. Binanın fasad hissəsindəki pəncərələr rəngarəng şüşələrdən düzülmüş şəbəkələrdən hazırlanıb. Rəngli şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda rənglər oynağı yaradır.
II mərtəbədəki mərkəzi otaq xüsusilə bəzədilib. Divarlarda iki sıra tematik rəsmlər çəkilib. Birinci sıra taxçalar stalaktitlərlə tamamlanır. Hər taxçanın içində Nizami Gəncəvinin bir əsərindən süjet təsvir olunub. İkinci sıra taxçalar təbiət süjetli rəsmlərlə bəzədilib-ağacin altında ceyranlar, quşlar, şirlər, bənövşə gülləri çəkilib. Taxçalardan sonra güzgülərlə bəzənilmış stalaktit zolağı verilib. Tavan yeganə bir süjetli rəsmlə tamamlanıb. Tavanda bitgi ornament içində 4 pəri çəkilib.
Abidənin hansı usta tərəfindən tikilməsi məlum deyil. Lakin binanın istər bəzək işlərinin, istərsə də rəsm əsərlərinin və şəbəkələrin bir-birinə oxşarlığı sübut edir ki, "Şəkixanovlar evi"nin tikilməsində "Xan sarayı"nı tikən ustalarının da əməyi vardır.
Abidə uzun illər baxımsız olduğundan artıq dağılmaq üzrə idi. 1992-ci ildə ev varislərinə satilıb. Abidə yeni sahibkarları tərəfindən bərpa və təmir edilmədiyinə görə üçmaq təhlükəsində idi.
Abidədə təcili olaraq bərpa işlərinin aparılması məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığı əsasında abidəyə texniki baxış keçirilib.
Baxış zamanı abidənin sonralar dəmirlə əvəz olunmuş dam örtüyünün tamamilə sıradan çıxdığı müəyyən olunub. Dəmirdən olan örtük çürüdüyündən, atmosfer sularının təsirindən taxta çatqı konstruksiyalarının bir hissəsi çürüyüb, əyilib və dam örtüyü tam qəza vəziyyətinə düşüb. Bunun nəticəsində çiy və bişmiş kərpicdən olan divarlarda qabarmalar, dağıntılar əmələ gəlib, faxverk sütunlar öz möhkəmliyini itirib. İnteryerdə və fasadda suvaq örtüyü dağılıb. Ən acınacaqlısı isə mühüm memarlıq əhəmiyyətinə malik olan qonaq otağının qəza vəziyyətinə düşməsi idi. Həmin otağın divarlarında rəsmlərin bir hissəsi dağılmış, bir hissəsi əsası ilə birlikdə divardan ayrılmış, örtük tirləri əyildiyindən tavandakı rəsmlərin bir hissəsi tökülüb, qalanı isə qəza vəziyyətinə düşüb.
"Şəkixanlar evi"nin bərpası layihəsi Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin sifarişi ilə "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Layihədə abidənin tam bərpası, həmçinin XVIII əsrdə Şəki xanlarının yaşayış məişət tərzini əks etdirən ekspozisiyanın təşkili nəzərdə tutulurdu. Bərpa işlərinə 2012-cü ilin noyabrında başlanıldı. Bu işlər "KE" İnşaat MMC tərəfindən yerli sənətkarların qüvvəsindən istifadə edilməklə həyata keçirilib. Ən mühüm memarlıq əhəmiyyəti olan ikinci mərtəbədəki divar rəsmləri Azərbaycanın əməkdar rəssamı Natiq Səfərov tərəfindən bərpa olunub. N.Səfərov bərpa işləri aparmamışdan qabaq rəsmlərdə elmi və mühəndisi tədqiqat, həmçinin binada aparılan bərpa işlərinin təsirindən dağılmaması üçün rəsmlərdə konservasiya işləri aparıb. Xüsusi memarlıq əhəmiyyətinə malik olan bu rəsm əsəri ilk dəfə olaraq bərpa olundu və bu işlər yüksək səviyyədə aparıldı. Layihəyə uyğun olaraq, ciddi qəza vəziyyətində olan abidənin bünövrəsində, mərtəbəarası örtüklərində, divarlarında möhkəmləndirmə işləri aparıldı, kirəmit dam örtüyü, şəbəkəli pəncərələr, taxta kronşteynlər, bəzəkli karnizaltı taxtalar, qapı-pəncərələr, döşəmələr və s.bərpa olunaraq ilk tarixi görkəminə qaytarıldı.
Yalnız ikinci mərtəbədə abidənin gələcək istifadəsi ilə əlaqədar torpaq döşəmə taxta döşəmə ilə əvəz olunmuşdur. Bununla birgə abidənin həyətyanı ərazisində də abadlıq işləri aparıldı.
banner

Oxşar Xəbərlər