• cümə, 29 Mart, 17:59
  • Baku Bakı 14°C

Şəkidə “Olimpiya Odisseyası” layihəsi çərçivəsində tədbir keçirilib

01.12.19 17:15 779
Şəkidə “Olimpiya Odisseyası” layihəsi çərçivəsində tədbir keçirilib
Şəki şəhərindəki Heydər Əliyev mərkəzində "Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Namiq Abdullayevlə görüş keçirilib. Tədbir çərçivəsində olimpiya çempionu haqqında çəkilmiş film nümayiş etdirilib.
AZƏRTACxəbər verir ki, tədbir gənclər arasında sağlam həyat tərzinin, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın, Olimpiya prinsiplərinin, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası təbliğ məqsədi daşıyıb.
Tədbirdə çıxış edən Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov ölkəmizdə, o cümlədən Şəki şəhərində həyata keçirilən gənclər siyasəti və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıb, belə tədbirlərin önəmini vurğulayıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri Məryəm Qafarzadə ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurları diqqətə çatdırıb. O, gənclərin məşğulluğu, yaradıcı təşəbbüslərini reallaşdırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb, gəncləri zərərli vərdişlərlə mübarizəyə çağırıb.
Milli Olimpiya Komitəsinin nümayəndəsi Nazir Rəhimov ölkəmizdə idman sahəsində aparılan yenidənqurma işləri barədə məlumat verib, gənclər arasında olimpiya hərəkatı dəyərlərinin təbliğində maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən layihə müəllifi, kinorejissor Arzu Qulamov "Qızıl Sidney/Namiq Abdullayev" filminin çəkilişi zamanı baş verən anlarla bağlı xatirələrini danışıb, Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanları olan olimpiya çempionlarımız haqqında filmlərin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib.
Sonra sərbəst güləş üzrə 1996-cı il Atlanta Olimpiadasında gümüş, 2000-ci il Sidney Olimpiadasında qızıl medal qazanmış Namiq Abdullayevdən bəhs edən "Qızıl Sidney/Namiq Abdullayev” filmı nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən olimpiya çempionu ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradıldığını deyib. Bildirib ki, dövlətin yüksək diqqət və qayğısı nəticəsində idmanın digər növləri kimi, güləş də sürətlə inkişaf edir. O, həmçinin idman həyatındakı maraqlı anları tamaşaçılarla bölüşüb.
Namiq Abdullayev sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
banner

Oxşar Xəbərlər