• cümə axşamı, 25 aprel, 13:39
  • Baku Bakı 23°C

Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 263 mindən artıqdır

14.11.18 13:09 357
Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 263 mindən artıqdır
1991-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən bu gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, simptomları, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.
AZƏRTACxəbər verir ki, qədim Roma təbibləri Sels və Aret bəzi insanlarda çoxlu sidik ifrazı, həddən artıq susuzluq hissinin əmələ gəldiyini və çəki itkisini qeydə alıb. XVII əsrdə ingilis həkimi Tomas Uillis həmin əlamətlər olan insanlarda sidiyin şirintəhər dada malik olduğunu bildirib. XIX əsrdə isə nazik bağırsaqda nişastanın qlükozaya çevrilməsi və qaraciyərə qan axaraq diabetə səbəb olması müəyyən edilib. Lakin uzun əsrlər boyu "şəkərli diabet” diaqnozu qoyulan xəstələr onunla mübarizə vasitələri tapa bilmirdilər və nəinki sağalmağa, hətta yaşamağa ümid verən hormondan xəbərsiz idilər.
1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto Universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarına çıxarılıb.
Bantinq apardığı tədqiqatlarının nəticələri əsasında doktorluq dissertasiyası müdafiə edərək Toronto Universitetində elmi dərəcə alıb. 1923-cü ildə Ontario vilayətinin hakimiyyət orqanları Toronto Universitetində onun adına tibbi tədqiqatlar bölməsi təsis edib.
Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas edib. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. 1923-cü ildə biokimya və təbabət sahəsində Bantinq və Makleoda Nobel mükafatı verilib.
Orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya bəzən də az olması xəstəliyin əsas əlamətidir. Təəssüf ki, diabetdən əziyyət çəkənlərin sayı ildən-ilə artır.
Şəkərli diabet tam müalicə olunmadığına görə həmin xəstələr daim ciddi nəzarət altında olmalı, müəyyən qayda və qadağalara riayət etməlidirlər. Ona görə də bəzən şəkərli diabet xəstəlik yox, həyat tərzi hesab edilir.
Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə bu problem dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır. Xəstəlik eyni zamanda yayılma miqyasına görə də aktuallığını qoruyur. Əgər 1980-cı ildə şəkərli diabetdən 108 milyon insan əziyyət çəkirdisə, 2014-cü ilin hesablamalarına görə bu rəqəm 422 milyon təşkil edib. Yəni hər il şəkərli diabetdən əziyyət çəkənlərin siyahısı artmaqda davam edir.
Ölkəmizdə isə 263 mindən atıq şəkərli diabet xəstəsi qeydə alınıb ki, onların 1654-ü uşaqdır. Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxil edilir.
Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.
Əvvəllər qanında qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir. Bu, şəkərli diabet xəstələrinin sayının artması deməkdir.
banner

Oxşar Xəbərlər