• çərşənbə, 24 Aprel, 17:19
  • Baku Bakı 27°C

“Serji rədd et” şüarı Ermənistanı bürüdü

13.04.18 16:59 794
“Serji rədd et” şüarı Ermənistanı bürüdü
Bir neçə gündən sonra, daha dəqiq desək, aprelin 17-də baş nazir olmağa hazırlaşan Serj Sarkisyana qarşı Ermənistanda narazılıq və ittihamlar səngimək bilmir. Bu dəfə artıq beynəlxalq təşkilatlar, hüquq-müdafiə təşkilatları Sarkisyanın tənqidinə start veriblər. Məsələn, "Freedom House” hüquq-müdafiə təşkilatı yaydığı bəyanatda bəyan edib ki, Ermənistanda demokratiya sahəsində ciddi geriləmələr var və bu ölkə sürətlə avtoritarizmə doğru gedir. Ermənistan siyasi liderin ölkəni kulis arxasından idarə etdiyi ölkəyə çevrilir. Serj Sarkisyanın baş nazirliyinə qarşı çıxan erməni ictimaiyyəti isə bütün mümkün vasitələrdən yararlanmağa çalışır. Erməni müxalifəti ilkin variant kimi küçə yürüşlərini seçib. Dünən Yerevanda bir qrup ictimai fəal aprelin 10-dan prezident vəzifəsini tərk etmiş Serj Sarkisyanın baş nazir qismində ən azı daha 5 il müddətinə hakimiyyətdə qalması ehtimalına qarşı etiraz aksiyası keçirib. "Serji rədd et” şüarı altında baş tutan ümumxalq mitinqinə yüzlərlə insan yığışıb. Onlar Yerevanın küçələrində əhalini məlumatlandırmaq məqsədilə vərəqələr paylayıblar. Daha bir qrup Ermənistan paytaxtının mərkəzində eyni məqsədlə avtomobil yürüşü keçirib. Son 12 gün ərzində Ermənistan Milli Məclisinin üzvü, müxalif "Yelk” ("Çıxış”) parlament fraksiyasının rəhbəri Nikol Paşinyanın təşəbbüsü ilə bir qrup fəal Ermənistan rayonlarına piyada yürüş keçirərək, əhalini Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı mübarizəyə qatılmağa çağırır. Yerevanın mərkəzində aksiyalar keçirən qruplar Nikol Paşinyanın qrupu ilə birlikdə etiraz aksiyalarını davam etdirəcəklərini deyirlər. Bundan əlavə, Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq, tətil elan edib. Bu barədə aksiya iştirakçılarında biri məlumat verib.
İki gün əvvəl Nikol Paşinyan ölkə əhalisinə müraciətində deyib: "11 gün əvvəl "Çıxış" fraksiyasının başçısı Nikol Paşinyan "Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək Respublika meydanınadək gələcəklər. Fasiləsiz mitinqlər başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün kifayət qədər adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, onda parlament buraxılaraq, yeni seçkilər təyin olunacaq”.
O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün "Azadlıq” meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb. "Yerkir çirani” partiyasının lideri Zaruhi Postandcyan isə bəyan edib ki, şənbə günü Müdafiə Nazirliyinin qarşısında hərbçilərə çağırışın əks olunduğu aksiyaya başlayacaqlar.
Müxalifət və bir çox siyasi ekspertlər daha əvvəl də ölkənin parlament idarəetmə üsuluna keçməsini nəzərdə tutan konstitusiya islahatının şou olduğunu bildiriblər. Onların qənaətincə, parlament üsul idarəsinin tətbiq edilməsi bəhanədir – bu, məhz Serj Sarkisyanın hakimiyyətdə qalmasını təmin etmək üçün düşünülüb. Aprelin 9-da Serj Sarkisyanın son, ikinci prezidentlik müddəti başa çatıb və onun və rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının (ERP) təşəbbüsü ilə ölkə prezidenti vəzifəsinəErmənistanın Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan seçilib. Lakin hakim Ermənistan Respublika Partiyası öz liderinin namizədliyini daha geniş səlahiyyətlərə malik olacaq ölkənin baş naziri vəzifəsinə irəli sürüb.
Beləliklə, baş verənlər onu deməyə əsas verir ki, Sarkisyan üçün baş nazirlik elə də asan olmayacaq. İnsanlar onun on illik idarəçilik rejiminin ölkəni necə bir uçuruma gətirib çıxardığının fərqində olduqlarından onun növbəti müddətə hakimiyyətdə qalmasına mane olmağa çalışırlar. Onların bu arzusunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.

Azər
banner

Oxşar Xəbərlər