• şənbə, 27 Aprel, 01:27
  • Baku Bakı 14°C

“Şeirlər o qədər gözəl ifa olundu ki...” Reportaj Fotolar

16.04.14 17:46 2776
“Şeirlər o qədər gözəl ifa olundu ki...” Reportaj Fotolar
«Sona xanım üçün azərbaycançılıq dedikdə Azərbaycan insanı, Azərbaycan dili, Azərbaycan yurdu kimi üç komponent əsas götürülür. Azərbaycanın parçalanması, Güney, Quzey nisgili, Qarabağ ağrısı Sona Vəliyeva yaradıcılığından ana xətt kimi keçir. Sevgidən yazanda da, quşlara qoşulub göylərə pərvaz edəndə də, ağaca dönüb təbiətlə pıçıldaşanda da bölünmüş vətənin ağrısı hiss olunur hər sətrində. Çünki bu ağrı onun qanına hopub. Hara boylansa da, hansı mətləblərdən söhbət açsa da, bu ağrı sınmış budağın arasına tökülən qətran kimi damla-damla süzülüb sətirlərə töküləcək».
Bu fikirlər Azərbaycan Dillər Universitetində «Kaspi» qəzetinin və «Kaspi» Təhsil Mərkəzinin təsisçisi, şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın yaradıcılıq gecəsində səslənib. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin tələbələri, KİV nümayəndələri və ziyalıların qatıldığı mərasimdə səslənən şeirlər, oxunan mahnılar gecəni rövnəqləndirib.
Hər şeirində bir ağrı, bir acı...

Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva şairə haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, Sona Vəliyevanı çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi kimi dəyərləndirib: «Sona Vəliyeva azərbaycançılıqla bağlı ən mükəmməl elmi əsərlərdən birinin müəllifi, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısıdır. Belə ki, bu yaxınlarda İstanbul Universitetində «Kaspi» qəzeti və “Kaspi” Təhsil Mərkəzinin təşəbbüsü ilə «Hüseyn Cavid. Əsərləri» kitabının təqdimatı keçirilib. Əsər türkcəyə tərcümə olunub və qardaş ölkədə keçirilən elmi konfrans yaddaşlarda iz salıb. Bu, bizim görkəmli dramaturq, filosofu bütün türk aləmində tanıtmaq istiqamətində atılan addımdır».
Şairənin yaradıcılığı ilə ilk tanışlığından danışan F.Səfiyeva «Deyirlər hər şey sözdən başlayır. Söz isə sözsüz ki, səsdən başlayır. Onun yaradıcılığı və mənim tanışlığım məhz onun səsindən başladı. Televizorda öz çəhrayı dünyası haqqında şeir deyən xanımın səsi diqqətimi cəlb etdi. Müxtəlif mövzularda - azadlıq, vətən, torpaq, sevgi, gözəllik, təbiətə vurğunluq haqqında şeirlər səsləndirdi. Amma onun «Çəhrayı dünya»sı haqqında oxuduğu şeir məni heyran etdi. Mən təəccüb etdim, görəsən, bu gözəl xanım mənim iç dünyam, düşündüklərim haqqında haradan bilir? Verilişi axıra qədər izlədim və bir şeyi sezdim. Onun hər şeirində bir ağrı, bir acı var. Bölünmüş torpaqlarımızın dərdi var. Sona xanım heç bir şeirində xoşbəxt görünmürdü. Bu, böyük bir azərbaycançı xanımın, ürəyində vətən həsrəti daşıyan xanımın arzuları idi». F.Səfiyeva qeyd edib ki, o, Sona Vəliyevanın yaradıcılığına daha yaxından bələd olmaq üçün onun yazdığı kitabları axtarıb tapıb. «Arazbarı» kitabını oxuyub: «Doğurdan da başa düşdüm ki, Sona xanımın yaradıcılığı hazırda Azərbaycan gəncinə lazım olan ədəbiyyatdır. Bu ədəbiyyat hər cür mətləblərdən söhbət açır və hər birində vətən ön plandadır».
Onun çəhrayı dünyası

Universitet tələbələrinin şairənin yaradıcılığına həsr olunan şeirlərdən və mahnılardan ibarət kompozisiya maraqla qarşılanıb. «Sona xanım şeiri ictimai hadisə sayır. Heç bir şeirində millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənarda deyil» deyən xalq şairi Sabir Rüstəmxanlının, «Sona Vəliyevanın «Arazbarı» şeirlər kitabını həyəcansız oxumaq olmur. Ən kədərli, hətta, ən nostalji şeirlər də səndə ovqat yaradır» söyləyən tənqidçi Vaqif Yusiflinin, «Bir nəfəsə oxudum Sona xanımın şeirlərini. Hay-küydən, pafosdan, qulaq cırmaqlayan ifadələrdən uzaq şeir kitabı ruhumu oxşadı» - deyə bildirən Rüstəm Behrudinin, «Sona xanım azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından biridir. Onun «Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu» əsəri azərbaycançılığın mükəmməl bir tərifə çevrilməsi sayəsində uğurlu bir addımdır» fikirlərini səsləndirən professor Nizami Cəfərovun, «Sona xanımın «Arazbarı» kitabı əslində öz ruhunun, iç dünyasının şəklidir» yazan Əməkdar jurnalist Flora Xəlilzadənin, «Bu şeirlər təkcə bir ananın, bir qadının, bir vətəndaşın yanğısı, üsyanı deyil, onun azadlığını, müstəqilliyini sevənlərin, qəlb çırpıntılarının kağız üzərində inkasıdır» - deyə səslənən tanınmış telejurnalist Telli Pənahqızının söylədiyi fikirlər auditoriyaya Sona Vəliyevanın yaradıcılığını daha yaxından tanıdıb.
Sona Vəliyevanın yaradıcılığını izlədikcə rənglər göz önündə bir-birini əvəz edir. Bu qarışıq rəng palitrası içərisində hərə öz ürəyinə xoş olanı görür. S.Bəliyevanın şeirlərində çəhrayı – acılı-şirinli uşaqlıq xatirələrinin, arzularının, ümidlərinin rəngi, analı-atalı-nənəli dünyanın, halal qazancın, əbədi sevginin rəngi, sarı - günəşin, payızın, ayrılığın, ümidsizliyin simvolu, boz rəng – Vətən həsrəti, ağ rəng təmizlik, saflığın rəmzi, yuxulu körpənin təbəssümü, yaşlı ananın nurlu üzü, saflıq deməkdir. “Sona xanımın doğma ata ocağına həsr etdiyi şeirlərinin rəngi heç şübhəsiz ki, ağdır» - deyə səslənib. Ancaq bu rənglər aləmində şairənin çox sevdiyi bir rəng də var – çəhrayı rəng. «Mənim çərhayı dünyamla işiniz olmasın» - deyir şair onu dərk edə bilməyən insanlara. Həyatdakı haqsızlıqlardan bezəndə işıqlı dünyasına çəkilib, orada rahatlıq tapır Sona xanım”. Şeirlərinin əsas mövzusu milli qürur, milli təəssübkeşlik olan Sona xanımım özünün dediyi kimi: bu dünyada yeganə arzum, diləyim Qarabağ probleminin tezliklə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Mən bütöv ola bilmərəm, çünki torpaq bütöv deyil».
Gecədə Sona Vəliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Şairənin sözlərinə bəstələnmiş «Qəmli qadın», «Yağış», «Yollara yağış yağır», «Ay qara qız», «İlahi eşq», «Qapına gəldim», “Qaragilə” və s. mahnılar auditoriyaya lirik ovqat bəxş edib.
Bir az möhlət...

«O şeirlər mənim qanımda, canımda yoğrula-yoğrula gəlib. Mən hər şeiri tanrının vəhyi kimi qəbul edirəm. Bu şeirlər bir dəfə yazılır, mən sonradan onların üzərində heç vaxt düzəliş eləmirəm» - deyə çıxış edən Sona Vəliyeva yaradıcılıq gecəsinə görə universitet rəhbərliyinə, təşkilatçılara, tələbələrə və qonaqlara təşəkkürünü bildirib: «Bu şeirlər o qədər gözəl ifa olundu ki, mən sözün böyüklüyünə inandım. Sözün böyüklüyünə inana-inana Azərbaycan dilinin böyüklüyünə inandım. Azərbaycan dilinin böyüklüyünə inana-inana tariximə inandım, insanımın böyük insan olduğuna inandım. İnandım ki, söz nə qədər yaşayırsa, tanrının bizə bəxş etdiyi söz, ədəbiyyat, dil, millət yaşayacaq».
Dünyanın qloballaşdığını və demokratikləşdiyini diqqətə çatdıran Sona Vəliyeva şeirimizin, ədəbiyyatımızın da mövzusunun bu barədə olmasının vacibliyini vurğulayıb: «Qloballaşan dünyada insanların dərd-sərləri nədir? Demokratikləşmə bu cür dünyada böyük dövlətlərə necə sərf edirsə, o cür də istifadə olunur. Dərdimizi, sərimizi əks etdirən qətnamələri böyük dövlətlər imkan versələr bir günə qəbul olunar, amma qoymurlar. Lazım olanda bir Şərq ölkəsi yerlə-yeksan olunur. Tanrıdan dünyanı tanımağa möhlət, özümüzü tanımağa idrak dərinliyi istəyərək, əgər demokratiyanın da həddini düzgün qəbul etsək, Şərqə münasibətimizi düzgün dəyişsək, Avropaya münasibətimizi düzgün qursaq, bunu canımıza-qanımıza hopduraraq taleyimizə çevirib yaddaşımıza yazsaq – gedən torpağı da qaytarmaq, itən əşyanı da almaq, unudulan tarixi də bərpa etmək olar. Ancaq millətin yaddaşı itəndə o manqurtlaşır və heç bir uğurları əldə edə bilməz». S.Vəliyeva şeirlərində əsas qayənin yaddaş, torpaq, insanın bunlara münasibət məsələlərinin önəm təşkil etdiyini vurğulayır: «Həmişə dərk eləmişəm ki, milli yaddaş önəmlidir. Milli yaddaş dünyaya inteqrasiya olunma məsələsində bizim yanaşma prinsiplərimizin düzgün müəyyənləşməsində əsas rol oynayacaq».
Böyük təfəkkürün millətin idrakı olduğunu bildirən “Kaspi”nin təsisçisi tələbələrə üz tutaraq «Sizin xoşbəxt tələbəliyiniz var. Bizim tələbəliyimizdən fərqli şəkildə tələbəlik həyatı yaşayırsınız. Biz torpağımızı, dilimizi mütləq sevməliyik. Dilin inkişafı, millətin tarixi fəlsəfəsidir» deyə tövsiyə edib. S.Vəliyeva yazarlarla bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyini də vurğulayıb: «Bu, yaddaşa, sözə qayıdışdır. Hər bir sözə qayıdış tarixə qayıdışdır. Sözümüzü yaşadaq ki, millətimiz yaşasın. Millətimizi inkişaf etdirək ki, dövlətimiz əbədi olsun!»
Gecədə iştirak etdi:
Təranə Məhərrəmova
Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar"> Reportaj Fotolar">

banner

Oxşar Xəbərlər