• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

"Şeir söyləmək iki ürək tələb edir"

16.07.20 09:30 2950
"Şeir söyləmək iki ürək tələb edir"
Günel Həmidova: "Mənə elə gəlir ki, yumaq öz qaydasında dolanır, hələ ki, ilişməyib”
Günel Həmidova Bakı Bələdiyyə Teatrının aktrisasıdır. Biz onu məhz bu teatrda canlandırdığı obrazları ilə tanımışıq. Daha sonra filmlərin, serialların baş qəhrəmanı kimi insanların qəlbinə yol tapdı. Səsləndirdiyi şeirləri ilə daha böyük sevgi qazandı. Son bir neçə ildə isə aparıcı kimi incəsənət aləmində fərqli amplualarda görünür. İndi isə "Kaspi" nin qonağıdır.
- Pandemiya...koronavirus...karantin... Çox ağır bir dönəmdən keçirik. İncəsənət adamarının daha həssas və ruh insanları olduğunu nəzərə alsaq, bu dönəm sizə necə təsir edir?
- Sənət adamı kimi deyil, sıradan bir vətəndaş olaraq cavab vermək istərdim. Virus gələndə nə sənət, nə vəzifə, nə də alim tanımır. Amansız, vaxtsız bir qonaq kimi dünyanı ağuşuna alır. Belə bir dönəmdə isə sənət adamlarının, xüsusən də televiziya işçilərinin işi ikiyə vurulur. Mən öz işimdən nümunə olaraq göstərə bilərəm. İnsanların çoxu virusdan qorunmaq üçün evə məhkum olundular. Bu dönəmdə güc telekanalların üzərinə düşdü. Belə ki, verilişlər hazırlanmalı, reportajlar edilməli, serialların davamı gəlməli idi. Səbirləri tarıma çəkilən tamaşaçılara onlara material təqdim etmək lazım idi. Buna görə də televiziya işçilərini bioloji müharibənin ön cəbhədə vuruşan əsgərləri adlanandırıram. Çünki ən çətin anlarda belə biz iş başında idik. Telekanalların bir neçə əməkdaşı bu xəstliyə yoluxdu. Yaranan vəziyyəti gözə almadan çalışdılar. Biz bu çətin dönəmdə xalqa xidmət göstərməyək,bəs hansı dövrdə göstərək? Tamaşaçı bizi sevir, alqışlayır, pərəstiş edirsə, bizim də borcumuz onlara xidmət etməkdir. İnşallah, az itkilərlə bu çətin sınaqdan alını açıq, üzü ağ çıxarıq. Bu dönəmdə bir-birimizə arxa durmalıyıq.
- Hazırda Tovuzdan düşmən təxribatı ilə bağlı xəbərlər alırıq, şəhidlərimiz var. Belə dönəmdə birlik nümayiş etdirmək əsas məsələlərdəndir.
- Elədir. Onsuz da ürəyimiz dağlıdır. Torpaq uğrunda saysız şəhidlər vermişik. Neçə-neçə anaların, gəlinlərin, uşaqların bacıların, ailələrin gözü yaşlı qalıb. Mən vətənə bağlı, vətənini sevən vətəndaşam. Ali baş komandanımız tərəfindən döyüş əmri verilərsə, sənətimi unudub, oxuduğum illərin üstündən xətt çəkib, bir tibb bacısı olaraq könüllü sürətdə cəbhə bölgəsinə yollanmağa hazıram. Torpaqlarımızın geri qaytarılması uğrunda zərrə qədər əməyim olarsa, nə xoş mənə. Anam tibb işçisidir, ondan öyrəndiklərimi tətbiq edərəm. Yetər ki, torpaqlarımız geri qaytarılsın və mənim də bu torpağın üzərində gəzməyə, suyunu içməyə haqqım olsun...
- Bir mövsümü də geridə qoyduq. Bu mövsümü bir aktrisa necə dəyərlənidirsiniz?
- Hazırda bir aktrisanın ömrünü yaradıcılığına, işinə peşəsinə, sevdiyi sənətinə həsr etdiyi dönəmi yaşayıram. Baxmayaraq ki, bu il ölkəmiz üçün bir az ağır il hesab edilsə də, çox qəribədir ki, mənim yaradıclığımda daha çox canlanma, məhsuldarlığı ilə yadda qalır. İllər sonra da bu tarix mənim yadımda belə qalacaq. Çünki teatrda iş fəaliyyətinin məlum səbəblərdən dayandırlmasına baxmayaraq, televiziya, film sahəsində məhsuldar bir il oldu. Televiziyada bir layihə təhvil verdik. Yay ayı üçün görkəmli kino rejissorumuz, Xalq artisti Vaqif Mustafeyev "Həyat sevgi və göz yaşları" layihəsini mənə təklif etdi. Burada tanınmış sənət nümayəndələrinin həyatından və yaradıcılığından bəhs edilir, həyat yolu, durduğu yer, ilk sevgiləri müzakirə edilir. Çox maraqlı bir televiziya layihəsidir. Bundan başqa, dövlət sifarişi ilə çəkilən bədii seriala dəvət aldım. Hazırda çəkilişlər davam edir.
- Günel qadın kimi daha xoşbəxtdir, yoxsa aktrisa kimi?
- Xanım aktrisa kimi daha xoşbəxtəm. İşimi o qədər çox sevirəm ki... İşimin aşiqi və vurğunuyam. Bəlkə özümü başqa sahədə bu qədər xoşbəxt hiss edə bilməzdim. Mən sevdiyim işlə məşğulam. İşinə sevərək yanaşdıqda, onun ağırlığını hiss etmirsən.
- Həyatda nəyə gecikib, nəyə tələsibsiniz?
- Dəqiq və punktual insanam. Həyatımda hər şeyi vaxtı-vaxtında etməyə çalışmışam. Həyatımda yaşadığım bütün məqamlar yerli-yerində olub. İstər təhsilim, istər işim, istər şəxsi həyatım, övladım hamısı zamanında yaşanıb. Artıq olanı vaxtında əksiltmişəm, əksik olanı da zamanında artırmışam. Həyat, əlindəki bir topa ip yumağını necə və hansı şəkildə istiqamətləndirməyə bənzəyir. Əvvəlində nəsə düz getmədikdə, bu ip hardasa dolaşığıa düşür. Hardasa sən gecikmiş olursan, ya da tələsirsən. Mənə elə gəlir ki, yumaq öz qaydasında dolanır, hələ ki, ilişməyib. Həyatdır, hər şey yağ-bal kimi getmir. Olur ki, hardasa dolaşığa düşürəm və bunu anında sezirəm, sezdiyim anda da yerində həll edirəm. Yolun başında bilirəm ki, hansı yola çıxıram. Hər zaman, hər şeyin pis tərəfini fikirləşirəm ki, yaxşı olanda buna sevinə bilim. İşimi elə qururam ki, xırda çətinlikləri həll edə bilim. Həlli bilinməyən yola, çalışıram ki, çıxmayım. Zamanımı mənə və ətrafıma, çevrəmə, sevdiklərimə xeyir gətirən işlərə yönəldirəm.
- Geriyə dönmək şansınız olsaydı, həyatınızda nələri dəyişərdiniz?
- Mən geriyə baxmıram. Geriyə baxmağı sevmirəm. Geridə olanların geridə qaldığını düşünürəm. Nə edirəmsə, gələcək üçün edirəm. Düşünürəm ki, geriyə baxsam, elə orda vaxt itirmiş olacağam, başım qarışacaq və gələcəyə dair planlarımda gecikəcəyəm. Çalışıram ki, gecikməmək üçün arxaya baxmayım. İnsanlıq halıdır , hansısa məqamlarda yanlış edirik. Çalışıram ki, mənim yanlışımdan kiməsə xələl gəlməsin. Yanlışlarımdan mütləq dərs alıram. Həyat pirinsiplərimdən biri də odur ki, yaşadıqlarımdan dərs alım. Çalışıram ki, növbəti dəfə o yanlışı etməyim. Şükürlər olsun ki, həyatımda böyük səhvlərim olmayıb. Kiçik səhvlər məni daha da müdrikləşdirib. Geridə olanlar, yaşadıqlarım, zatən ağlımdadır. Bunun üçün geriyə baxmağa ehtiyac duymuram.
- Serial, aparıcılıq, teatr, film çəkilişləri... Sizə elə gəlmir ki, bu gərgin iş prosesində qadın Günelə zaman qalmır?
- Evdə ana, xanım, ailədə övlad, dost, sirdaşam. Açığı desəm, son zamanlar qadın Günelə zaman qalmır. Mənə zaman yetmir. İşin öz məsuliyyəti, ailə qayğıları, teatrın sevərək gördüyümüz işləri var ki, bu qayğılardan əsla şikayətlənmirəm. Salonlarda, geyim dükanlarında, gözəllik mərkəzlərində çox da zaman sərf etmirəm. Mən bu yükləri sevərəkdən çiynimə götürürəm. Bu gün övladımın təhsilinə, savadına zaman ayırmasam, evimin həm xanımı, həm köləsi olmasam, anamın qulluğunda dayanan övlad olmasam, Allahın mənə verdiyi istedadı, teatrda, serialda, filmdə göstərməsəm, televiziyada qatqılarım olmasa, bəs bunları nə zaman edəcəm? Nə qədər ki, məqamdır, bu işləri indi icra etməliyəm. Təki, sevdiklərim sağ-salamat yanımda olsunlar.
- Deyirlər, Amaliya Pənahovanın ölümü ilə Bakı Bələdiyyə Teatrının uğuru da getdi. Deyilənlər nə qədər doğrudur?
- Əsla belə deyil. Bu sözləri teatrı gözü götürməyən, teatrı istəməyən, teatrdan bixəbər insanlar deyə bilər. Əvvəla Bakı Bələdiyyə Teatrı Amaliya xanımdan sonra onun qızına, Aynur xanıma həvalə edilib, teatrdan bixəbər birinə həvalə olunmayıb. Bu gün ailənin mətbəxində varıq və bilirik ki, Amaliya xanımın qoyub getdiyi şəkildə işlər davam etdirilir. Amaliya xanım zamanında teatrda çox istedadlı aktyorlar yetişdirib. O, ən istedadlı aktyorları Bakı Bələdiyyə Teatrına cəlb edib. Amaliya xanım bizim sənət aləmində son mogikanlardan idi. O, öz teatrına aktrisa seçəndə ən istedadlılara üstünlük verirdi. Bu gün müasir filmlərimizə, serillara baxsanız, görərsiniz ki, orada başqa teatrlardan bir-iki nəfər iştirak edirsə, bizim teatr heyətinin 90 faizi iştirak edir. Əgər bizim teatrımızın aktyorlarının istedadı olmasa, hansı prodüser istəyər ki, öz məhsulunu məhv etsin? Bakı Bələdiyyə Teatrı bu gün də uğur qazanmaqdadır. İnşallah ki, biz öz sözümüzü yenə də deyəcəyik. Tetarımız bina ilə təmin olunandan sonra siz bir də həmin aktyorların əzmlə işləməsini və növbəti uğurlarını görün.
- Sizcə, bu gün bizə teatr lazımdır?
- Bizə hər zaman teatr lazımdır. Lazım olub, olur və olacaq da. Teatr bizə həm məvəviyyatımızı kamilləşdirmək, həm də mədəniyyətimizi dünyada tanıtmaq üçün lazımdır. Teatr insanı yetişdirir. Bu gün formalaşmağımda teatrın müstəsna rolu var. Teatr insanları aktyor, rejissor olmağa çağırmır. Mən teatrda özümü tapdım. Burada bir vətəndaş kimi püxtələşdim. Bu gün bir fərd kimi yetişməyimdə 50 faiz valideynlərimə minnətdaramsa, 50 faiz də teatra borcluyam. Teatr bizə dünən də lazım olub, bu gün də lazımdır, gələcəkdə də lazım olacaq.
- Sizi həm də qiarətçi kimi tanıyırıq. Ümumiyyətlə, şeir demək ürək istəyir. Sizcə, bu ürəkdən hər şeir söyləyəndə varmı?
- Həqiqətən də, şeiri söyləmək qırtlaqdan gələn bir şey deyil. Şeir söyləmək ruh və könül məsələsidir. İnsanın könlü dolu, ruhu yüklü olmalıdır. Şeiri hiss etdiyin kimi deyil, müəllif necə yazıbsa, oxucusuna necə çatdırmaq istəyirsə, qiraətçi öz payını onun ruhuna qataraq səsləndirməlidir. Burda nəinki bir ürək, hətta deyərdim ki, şeir söyləmək iki ürək tələb edir. Bir yazanın ürəyi, bir də söyləyənin.
- Bəzən aparıcılıq etdiyiniz verilişlərdə üzünüz gülsə də, gözlərinizi kameralardan yayındırdığınızın şahidi olmuşam. Halbuki siz seriallarda gözləri ilə danışan aktrisalardansınız. Bəzən isə o gözlər sizi ələ verir.
- Bunu mənə bir çox insan deyib. Əslində bu nüans məni çox sevindirir. Gözlərinlə danışırsansa, artıq sən 1:0 öndəsən. Bu, mənə Allahın vergisidir. Eləcə də, öz üzərində işləməyin, bundan necə istifadə etməyin texnikasıdır. Obraz canlandırarkən, ən əsası, səmimiyyətə önəm verirəm. Bütün rollarıma bu səmimiyyəti daxil edir, obrazı özünküləşdirirəm. Özümdən bir parça o obraza əlavə edirəm. Nəticədə xarakter yerini alır və ümumilikdə, həmin rol alınır. Ən əsası, təkrarçılıq olmur. Mənim obrazlarım bir-birini təkrarlamır. Ola bilər ki, gözlərim məni ələ versin. Əgər tamaşaçı ilə aranda bağ yaradırsansa, onun arxasında sevgi, səmimiyyət dayanırsa, onda da gözlər səni ələ verəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər