Şeir kefdən yaranmır...

Şeir kefdən yaranmır...

06 Aprel 2015, 07:26 1409
“Ağdı, qaradı, bilmir,
Hara haradı bilmir.
Ömür indi başlayıb
Yoxsa yarıdı bilmir.
Şairin yaşı olmur”
Müsahibim hər bir qadını təpədən-dırnağa şair hesab edən, “Şair öz sevgisini tapsa, elə o andaca qələmi yerə qoyar” - deyə şeiri şairin övladı sayan şairə Fərqanə Mehdiyevadır.

– Fərqanə, artıq 50-dən üzüyuxarı gedirsən. Bu illərdə nə itirdin, nə qazandın?
– Elə xəbərsiz ötdü ki 50 il... Bir də gördüm ki, mənimlə üzbəüz dayanıb. Özü də qəribə suallar verir mənə: “Fərqanə, necə keçdi bu ömür? Bu yaşam sənin üçün çətin olmadı ki?” Qaldı ki nəyi itirib, nəyi qazanmağıma, uşaqlığımı itirdim, sağlamlığımı itirdim, gəncliyimi, atamı, anamı, qardaşımı itirdim. Torpaqlarımı itirdim. Tələbəlik vaxtlarımda mən çox xoşbəxt idim. Onda itirməyin dadını bilmirdim. Qazandıqlarım ovcumun içində idi. Qızım Ülkər balaca olanda topla oynaya-oynaya “Dolub–boşaldı dünya, Kimlərə qaldı dünya” mahnısını eşidəndə, mənə belə bir sual vermişdi: “Ana, “dolub-boşaldı” nədir?” Bu da mənim ona cavabım:
Nə dərdinə qalıb, topunu oynat,
Suyun heç bulanıq axmayıb hələ.
Ananı top kimi fırladan həyat
Sənə gözucu da baxmayıb hələ.

Amma qazandığım da az olmadı. Tanrının bu günə kimi verdiyi ömrü qazandım. Ailəmi, övladlarımı, dostlarımı, kitablarımı, şeirlərimi, oxucularımı qazandım.
– Dayandur Sevginin gözəl, həm də artıq məşhur olan bir deyimi var: “50-dən o yana yollar yoxuşdu”. Yoxuşla üzüyuxarı qalxmaq necədir?
– Qayğılı, ağrılı, sevincli, təlatümlü... Amma 50-dən aşağıya nisbətən, 50-dən yuxarı yolları keçəndə bir az addımların səngiyir. 50-yə çatanacan o qədər yüyürmüşəm, qaçmışam, tələsmişəm ki... Amma indi hər addım atdıqca geriyə baxıram. Çox düşünürəm, daşınıram, fikirləşirəm... Zeynəb xanım, bu yaşla bağlı məni nə yaman sual atəşinə tutmusan? Axı “Şairin yaşı olmur” :
Ağdı, qaradı, bilmir,
Hara haradı bilmir.
Ömür indi başlayıb
Yoxsa yarıdı bilmir.
Şairin yaşı olmur.

Bahara gendən baxır,
Payızı, qışı olur.
Dünyada şirin nə var
Dadmağa naşı olur.
Şairin yaşı olmur.

Çəkdiyi əzabına
Tab gətirən sinədir.
Yaranışdan itirir
Doğum adlı sənədi.
Şairin yaşı olmur.

Əyilmir nakəslərə,
Şamşax qalır beləcə.
Çiynində illər yatır,
Uşaq qalır beləcə.
Şairin yaşı olmur.

– Yarım əsrdir ki, varsan, mövcudsan. Bunu özün çox hiss edirsən, ya ruhun?
– Özümü harda gördüm ki? Həmişə ayağım yerdən üzüldü, fikrim, xəyalım dağda, daşda, çayda, dənizdə, göylərdə, ağacların üstündə qaldı. Heç yerə sığışammadım. Qələmi əlimə alanda Tanrı ilə üzbəüz oldum. Demək olar ki, ruhum məndən daha çox göründü.
– Şeirlərinin birində belə bir haray qoparırsan:

Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa.

Yetim nə deməkdi ümumiyyətlə? Yaxşı, bəs şairin özü yetim, zavallı deyilmi?
– O şeiri uşaqlarım balaca olanda sanki onların ayaqlarına döşənib yazmışam. Hətta atalarını da unutmamışam:
Qəbrinin qapağı açıqdı deyin,
Qurduğun yuva uçuqdu deyin,
Ay ana, atamız yazıqdır deyin,
Siz məni qoymayın şair olmağa.

Əslində, şair olmaq taledən “2” almaqdır, bu, qadın üçün isə ikiqat çətindir. Həm ailəni, həm uşaqları, həm sənəti tərəzinin gözünə qoymaq, həm də bu tərəzini tarazlıqda saxlamaq asan məsələ deyil. Ailəmə, uşaqlarıma verəcəyim sevgidən kəsib şeirə vermişəm. Elə bilmişəm, şeir ən nisgilli, ən yaralı, ən qərib balamdır. Onun yanında daha çox durmağa, onun başına daha çox sığal çəkməyə, onun könlünü daha çox almağa çalışmışam. Əslində, şair də yetimdir, balası da...
– Sənin yaradıcılığında sevginin yeri çox möhkəmdir. Yəni insana sevgi, həyata sevgi, vətənə sevgi... Elə vətəndən deyək: “Laçınsız Laçını oynama, qardaş”... Necə yarandı bu şeir?
– Laçınlı şair qardaşım İlham Qəhrəmanın qardaşının toyunda yaranıb bu şeir. Laçının, laçınlıların dərdlərindən yaranan bu mahnı oyun havası deyildi, bu da mənə qəribə təsir etdi.
Soyut ürəyini kaman-tarınla,
Çaldır “Kərəmi”ni dərd-azarınla.
Yanına salınmış qanadlarınla,
Laçınsız Laçını oynama, qardaş.
Çəkək dərdimizi, çəkək nəki var,
Dərdə yüklənməyə bizdə çəki var,
Nəyi oynayırsan, oyna o ki var
Laçınsız Laçını oynama, qardaş...

Rəhmətlik gözəl xanəndəmiz Məhəbbət Kazımov “Ulduz” jurnalına verdiyi musahibədə demişdi ki, Fərqanənin bu şeirindən sonra laçınlıları bu mahnıya oynamağa qoymuram.

– Nəsr yazmaq istəmirsənmi? Elə şairlər var ki, şeirdən “yorulub” keçiblər nəsrə.
– Hər ikisi çətin janrdır. Əsas odur ki, hər ikisində özünü təsdiqləyə biləsən. Mən özümə inanıram ki, nəsrdə şeirdə olduğu kimi uğur qazana bilmərəm.

– Səni tərif edənləri, yoxsa tənqid edənləri sevirsən?
– Tərifi kim sevməz ki... Amma yerində ola gərək. Sağlam tənqidi həmişə dəstəkləmişəm.

– Şairdən qadın da, ana da, hətta nənə də olurmuş. Bunun adilik və qeyri-adilik fərqləri nədədir?
– Əslində, hər bir qadın təpədən-dırnağa şairdir. Şeir yazmasa belə. Ana bətnində balasını gəzdirəndə, balasına layla çalanda ikiqat şair olur qadın. Nənə nəvəsini öpüb əzizləyəndə, onun gözlərinə baxıb doğma balasının təkrarını görəndə onqat şair olur. Hələ ona nağıl danışmağını demirəm. Mən nəvəmin adını Sevgi qoymuşam...

– Belə bir adla nə demək istədin ki?
– Sevgilərin azaldığı bir vaxtda onu Sevgi adlandırdım ki, kimsə onu çağıranda azca diksinsin. “Hələ sevgi var” desin. İkinci qız nəvəmin adı isə Mələkdir. Bu da saflıq, müqəddəslik timsalındadır. Bunlar özü də mənim üçün bəlkə də hələ yaza bilmədiyim ən gözəl şeirlərdir.

– Özünü evdə şairə, yoxsa çoxsaylı qayğılarla yüklənmiş sadə bir qadın kimi hiss edirsən?
– Hər şeyə şeirin gözü ilə baxıram. Hətta mətbəxdə xörək bişirəndə də şeirin yanında oluram.
Məni qınamayın, ürək yağımla
Sözü qızardacam soğan əvəzi.
Özgə yol tapmadım üz tutdum hara
Qonağım olasız, ay mənkimilər,
Şeir bişirəcəm bu gün nahara.
Bu mənim mətbəxdə xörək bişirə-bişirə yazdığım şeirimdən bir parçadır. Sadə qadın kimi də çox qayğılıyam. Ailə, uşaq qayğısı, müəyyən ehtiyaclar istər-istəməz sıxır məni. Əslində, ehtiyac adama şeir yazdırır. Bu qayğılar olmasa, yazılan şeir mükəmməl olmur:
Mən düzüm sözləri vərəq süfrəmə,
Kim bilir familli, adlı çıxacaq?
Ürək qabarından yaranan şeirin
Çox güman tikəsi dadlı çixacaq.

– Hansı məqamda şair olursan?
– Şeirə çox bağlıyam. Hər an, hər dəqiqə şeirlə nəfəs alıram.
– Övlad yükünü daşımaq çətindir, yoxsa şeirin yükünü?
– Hər ikisini. Axı şeir də şairin övladıdır. Səhhətimlə bağlı Təbrizə gedirəm. Həkimim mənə məsləhət görür ki, əsəbiləşmə, ağır yük götürmə...
Zəmanə havamı elə çaldırır,
Qalxıb oynayıram əsəbim ilə.

Həkimim hardan bilsin ki, dünyanın ən ağır yükü olan qələmi daşıyıram. Qələm bütün yüklərdən ağırdır.
– Hələ də sevirsən?
– Sevgiyə Allah qədər inanıram. Amma dadını bilmirəm. Ən böyük sevgim Allahadır. Ən yaxın dostum Allahdır. Bir də şair öz sevgisini tapsa, elə o andaca qələmi yerə qoyar.

Sevgili çağlarım bəlkə daldadır,
Bu sevgi əzəldən elə bal dadıb.
Atamı-anamı sevgi aldadıb
Balam da dünyaya gəlib sevgidən.

– Səndə bir ötkəmlik hissi var, özün hiss eləmisən bunu?
– Hiss eləmişəm. Əslində, bu, bütün yaradıcı insanlara xas olan bir xüsusiyyətdir. Baxır hansı məqamda ötkəm oluram. Haqqı nahaqqın ayağına vermirəm, istedadlı adamları dəstəkləyirəm.
Yaradıcı insanın xarakteri gərək bütöv olsun. Əqidəsini qorusun.
Həyasın qorusun üzünün üstə,
Torpağı saxlasın gözünün üstə.
Qoşa əlləri ilə dizinin üstə
Gərək döyülməsin şairin başı.
Onu da deyim ki, məni düzgün kəşf eləmisən.

– Hansı şeirini ağlaya-ağlaya yazmısan?
– Əslində, bütün şeirlərimin misraları qələmimdən tökülən göz yaşlarımdır. Ümumiyyətlə, şeir kefdən yaranmır.

– Sənin ana haqqında şeirlərini oxuyanda adam göz yaşlarını saxlaya bilmir. Sən özün necə?
– Anama yazdığım bütün şeirlərimi nəinki ağlamaq, hönkürə-hönkürə yazmışam.
Bəlkə uçub göylərə,
Günəşlə, ayla gedib.
Üz – gözündə bayatı
Dilində layla gedib.
Gəzirəm qərib-qərib,
Nə ümid var, nə inam.
Siz deyin, ay adamlar,
Hayana gedib anam?

– Oturub gecənin dizləri üstə,
Sənə məktub yazım səhərə kimi...

-Ünvanına çatıbmı o məktub?
– Gecənin dizləri üstə oturub yazdığım məktublar heç vaxt ünvanına çatmayıb...

– Müsahibələrinin birində deyirsən ki, qadın azad deyil. Niyə?
– Yenə sözümün üstündə dururam. Müsəlman qadını heç vaxt azad olmayıb, amma elə qadının yaraşığı da onun azad olmamasıdır. Müsəlman qadını hər əzaba dözən, qatlaşan, hər ağır yükü çəkən, ömrünü balasına, ailəsinə qurban verən dözümlü, ləyaqətli, bir saçını ağ, birini qara hörən, bir üzü qız, bir üzü gəlin olan Azərbaycan qadınıdır. Şeiri, sözü azad olan yazarın özündən qabaq qələmi heç vaxt ağlamaz...

Zeynəb Əliqızı