• cümə, 26 Aprel, 14:42
  • Baku Bakı 23°C

Səhralaşmaya qarşı birgə mübarizə məsələləri müzakirə edilir

09.09.19 15:22 629
Səhralaşmaya qarşı birgə mübarizə məsələləri müzakirə edilir
Bu günlərdə Dehlidə BMT-nin Səhralaşmaya qarşı Mübarizə Konvensiyasının tərəfləri Konfransının 14-cü sessiyası keçirilir. Tədbir iştirakçıları quraqlığın təhlükəli nəticələrinə qarşı birgə mübarizə və torpaqların sürətlə deqradasiyasının, o cümlədən səhraşlaşmanın qarşısının alınması yollarını müzakirə edirlər.
AZƏRTACBMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Konvensiyanın icraçı katibi İbrahim Tiau konfransda çıxış edib. O bildirib ki, dünyanın quraqlıq rayonlarında torpaqların deqradasiyası milyardlarla hektar ərazinin səhralaşmasına gətirib çıxarıb. Bu rayonların əhalisinin təqribən yarısı yoxsulluq şəraitində yaşayır, həyat və sağlamlıq üçün ciddi təhlükələrlə üzləşirlər. Davamlı iqtisadi inkişafa nail olmağın yeganə yolu torpaqların bərpasına yönəlmiş layihələrə investisiya qoyulmasıdır.
Hazırda torpaqların üçdə bir hissəsi deqradasiyaya məruz qalıb. Quraqlıq rayonlarda bu proses səhralaşmaya çevrilir. Qida məhsullarının 97 faizdən çoxu, habelə içməli su münbit torpaqlar hesabına yaranır. Lakin torpağın münbitliyi ilbəil azalır. Torpağın karbonu udmaq qabiliyyətinin azalması isə iqlim dəyişmələrini sürətləndirir.
Vaxtilə öz ölçülərinə görə dünyada dördüncü yeri tutan Aral dənizinin quruması ekoloji fəlakətlərin əyani nümunəsidir. Nəticədə qiymətli balıq növlərinin, habelə regionda yaşayan vəhşi heyvanların nəsli kəsilib. Aral dənizinin qurumuş hissəsində sahəsi 5,5 milyon hektardan çox olan səhralar yaranıb.
Səhralaşmaya qarşı Mübarizə Konvensiyasının icraçı katibi bir neçə misal göstərib: "2018-ci ildə Hindistanın şimal hissəsində güclü toz və qum tufanları nəticəsində 125 adam həlak olub. 2018-ci ilin mart ayında Avropada narıncı qar yağıb. Keçən il Türkmənistanın bir sıra vilayətlərində duz və qum yağması müşahidə olunub”.
Hazırda dünyanın 151 ölkəsinin sakinləri qum tufanlarından zərər çəkir. 70 dövlət quraqlıqla üzləşib. Keçən il həmin dövlətlərin 25-də fövqəladə vəziyyət elan edilib.
Ekspertlərin fikrincə, torpaqların deqradasiyaya uğraması indiki sürətlə davam edərsə, bu, gələcək üçün ciddi təhlükə mənbəyidir. Səhralaşma və quraqlıq aclığa və yoxsulluğa gətirib çıxarır, sosial və iqtisadi gərginlik isə münaqişələrə səbəb olur.
Səhralaşma problemlərinə dair 14-cü konfrans sentyabrın 13-dək davam edəcək. Konfransda dünyanın 196 ölkəsinin hökumətlərinin, ictimai təşkilatların və özəl sektorun nümayəndələri iştirak edir. Gözlənildiyinə görə sessiyada 30 sənəd qəbul ediləcək. Bu sənədlər səhralaşmaya və torpaqların deqradasiyasına qarşı mübarizədə ölkələrə kömək edəcəklər.
Səhralaşmaya qarşı mübarizə barədə Konvensiya 1994-cü ildə Parisdə qəbul edilib və 1996-cı ildə qüvvəyə minib. Bu sənədin əsas məqsədi torpaqların münbitliyinin artırılması, torpaqların və su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi üzrə səyləri birləşdirməkdir.
banner

Oxşar Xəbərlər