Səhnəmizin Məcnunu - İNCƏ BAXIŞ
"Məcnun Hacıbəyov dünyasını dəyişdi...” Tanınmış aktyorun ölümü ilə
bağlı xəbəri oxuyub heyfsiləndim. Həm də nostalji hisslər keçirdim. Onu
uşaqlıqda televiziya ekranlarında görmüşəm. Ailəlikcə ağ-qara ekranın başına
yığışıb "Göz həkimi”, "Qatarda”, "Alov”, "Atayevlər ailəsi” teletamaşalarına,
”Qəzəlxan”, "Kişilər” filmlərinə baxdığım vaxtlardan tanıyıram.
Sonra
Azdrama-nın səhnəsində oynadığı rollarına tamaşa etmişəm. Ekran yaddaşımdan səhnəyə
köçən aktyor möhtəşəm oyunu ilə yaddaşımı təzələyib.
Məcnun Hacıbəyov sevilən aktyor idi. Özünəməxsus oyunu, tükənməyən istedadı,
rollarına fərqli yanaşması vardı. Aktyor oyunu onu səhnədə və ekranda görənlərin
yaddaşına həmişəlik həkk edirdi.
40 il səhnədə
Məcnun Hacıbəyov Əməkdar artist idi. Ömrünü teatra fəda etməsinə baxmayaraq,
Xalq artisti adına layiq görülməmişdi. Təqdimatına laqeyd yanaşan o zamankı teatr
rəhbərliyini, Mədəniyyət Nazirliyini günahlandırırdı. "Deməli, mən buna layiqəm”
deyə küsüb, inciyirdi. Haqqı da vardı. 40 illik aktyorluğunu, teatr və sənət
yanğısını görməzdən gəlmişdilər, əməyini layiqincə dəyərləndirməmişdilər...
Teatrdakı tənha otaq
Məcnun Hacıbəyov bir neçə il doğma teatrın divarları arasında
yaşamışdı. Evini satıb övladlarını yerbəyer etmişdi. Evi olmadığından teatrın divarları
arasına sığınmışdı. Teatrın o zamankı rəhbəri Həsən Turabov aktyor həmkarına
canıyananlıq etmişdi: ona teatrda otaq vermişdi. Teatrdakı rəhbər dəyişiklikləri
də aktyorun həyatından izsiz ötmürdü. O, doğulduğu Quba ilə teatr arasında
qalmışdı.
Əliabbas Qədirov
teatra rəhbər təyin olunanda "teatr qonaq evi və ya yataqxana deyil”- deyə aktyora
otağı tərk etməyi tapşırmışdı. Aktyor sənətinin məbədindən ayrılıb yenidən
Qubaya qayıtmışdı. Bir müddət sonra Əliabbas Qədirov ya teatrda onun rollarına
ehtiyac olduğundan, ya həmkarlarının təkidi, ya da peşmanlığından yenidən aktyoru
geri çağırmışdı. Teatrın məcnunu teatra dönmüşdü. Yenə bir müddət teatrdakı tənha
otağına sığınmışdı, yenə səhnədə ara-sıra rollar oynamışdı, yenə qəlbindəki
xatirələrlə yaşamışdı...
Unudulmayan rollar
Nəhayət,
bir gün 40 ilini həsr etdiyi səhnədən, canı qədər sevdiyi teatrdan,
tamaşaçılardan, qiymətli xatirələrindən də əl götürüb yenidən rayona qayıtmışdı.
Bu dəfə həmişəlik getmişdi. Ara-sıra ona baş çəkənlərə "kənd-kəsəkdə iş çox
olur, başımı qatıram” deyirdi. Amma onun gedişi ilə milli teatrımız nə qədər
sanballı rollardan məhrum oldu...
Məcnun Hacıbəyov 86 yaşında həyata vida etdi. Amma Azərbaycanın
televiziya, kino və teatr sənətinə unudulmayan rollar bağışladı. Özü ilə apardığı
isə xalqın sevgisi oldu.
Məkanın cənnət
olsun, Əmir kişi, Fatı, Tumacov, usta Əliş, Murtuz, Ağasəlim, Gülüşov...
Təranə Məhərrəmova