AZE | RUS | ENG |

Səhnədən getmək fikrim yoxdur

Səhnədən getmək fikrim yoxdur
Gülyaz Məmmədova: “Bildiklərimiz Azərbaycanın sərvətidir”

– Gülyaz xanım, ilk dəfə fərqli, məlahətli səsinizin olduğunu necə kəşf etdiniz? – Mən uşaq olanda kəndimizə tez-tez "Lalə” qızlar və Əlibaba Məmmədovun rəhbərlik etdiyi ansamblları konsertlər verməyə gəlirdilər. Mən də çoxları kimi onları böyük maraqla dinləyirdim. Evimizdə nənəm, atam, anam hərdən kefləri gələndə tiyanı çevirib arxasına çala-çala oxuyurdular, qardaşım isə qarmonda ifalar edirdi. Bağımızda əsasən Gülağa Məmmədovun repertuarından mahnılar zümzümə etməyi xoşlayırdım. Rəhmətlik müğənni Xeyransanı yamsılayırdım, onun "Ana kür” mahnısını oxuyurdum. Anam ağacın başına çıxmağıma icazə vermirdi, qorxurdu ki, ilan olar. Ona görə ağacın altında oxuyurdum. Bir gün anam bağın ətəyindəki dirriyimizə pomidor toplamağa gələndə səsimi eşidir, deyir, bu gözəl səslə oxuyan kimdir? Yanındakılar deyirlər ki, Gülyazdır. Anam da qardaşıma deyir ki, a bala, bu qızın belə gözəl səsi var, niyə onunla məşğul olmursan? Sonra qardaşım bir müddət mənimlə məşğul oldu. Bir gün məktəbdə idman dərsində idim. Qardaşım əlimdən tutub apardı ki, səsini yoxlayacaqlar, sonra səhnəyə çıxacaqsan. Bir az məşq etdim, səsimi dinlədilər. Konsert günü gəldi, səhnəyə məktəb paltarında çıxdım, həyəcandan elə əsirdim ki... "Bəxtiyar” filmində Bəxtiyar necə bir ağız oxuyur, sonra dayanırsa mən də onun kimi oldum. Bu, bütün gənclərin yaşadığı hadisədir. "Bəxtiyar” filmini görməmişdim, amma eyni hadisəni yaşadım. Bir ağız oxudum, dayandım, həyəcandan səsim tutuldu. Atam da salonda tamaşaçıların arasında idi, oradan mənə "oxu, qızım” deyə səslənirdi. Qardaşım da yanımda idi, qarmonda ifa edirdi, o da deyirdi, oxu, niyə oxumursan? Nəhayət, mahnını sona qədər oxudum. Sonra Şəki tədbirləri, musiqi müsabiqələri başladı. Böyük bacım Rəhimə Asəf Zeynallı adına Musiqi kollecində oxuyurdu. Mən də ayağımı dirədim ki, "Asəf Zeynallı”da oxuyacağam. Anam deyirdi ki, bu qızları verək ev etsinlər, ailə qursunlar, bunlardan oxuyan olmaz. O zamanlar kənddə bu sənətdə olan qız və qadınlara yaxşı baxmırdılar. Evdə deyirdilər ki, müğənni olsan, səninlə ailə quran olmayacaq. Əslində, ən gözəl, ən sevimli sənət elə bizim sənətdir. Sənədlərimi "Asəf Zeynallı”ya verdim, yaşım uyğun gəlmədiyi üçün sənədlərimi geri qaytardılar. Səs dəyişimi dövrü olduğu üçün o vaxt kollecə on doqquz yaşından qəbul edirdilər. Bir il təsərrüfatda işlədikdən sonra 1988-ci ildə sənədlərimi "Asəf Zeynallı”ya verdim və Nəriman Əliyevin sinfinə qəbul olundum. Tələbəlik illərim çox çətin bir dövrə, Qarabağ hadisələrinin başlanğıc dövrünə təsadüf etdi. Biz əsgərlərə konsertlər verirdik, muzeylərdə konsertlərimiz olurdu.
 
– Ustadınız Nəriman Əliyev sizi Opera teatrına istiqamətləndirərək deyib ki, get Leyli ol, məşhurlaş. Leylini Nəriman müəllimin təklifi iləmi oynadınız?
–Nəriman müəllim mənə və əməkdar müəllim Qəzənfər Abbasova deyirdi ki, mənim yerimdə Gülyazla Qəzənfər oturacaq, dərs deyəcəklər. Deyirdi, səni heç yerə qoymayacağam, qalıb müəllimə işləyəcəksən. Hərdən dərslərimizə Səkinə İsmayılova gəlirdi. O da deyirdi ki, bu qızı operaya göndər, gəlsin gənc Leyli olsun. Deyirlər, keçmişdə xanəndələrdə qısqanclıq hissi olub, amma mən belə bir şey görmədim. Bu söhbətdən sonra Nəriman müəllim dedi ki, Səkinə xanım gör nə yaxşı səhnəyə çıxır, uğurlar qazanır. Sən də get, Leyli ol, uğur qazan, dünyanı gəz. Nəriman müəllimin məsləhəti ilə Leylini oynamağa qərar verdim. – Musiqi həyatınızda nəyi dəyişdi? – Həyatım tamamilə dəyişdi desəm yanlış olmaz. Həyatımı mərhələlərə bölürəm: uşaqlıq dövrüm, məktəb illərim, tələbəlik illərim, "İçərişəhər” və Həbib Bayramovun ansamblında çalışdığım dövr və təhsilimi başa vurduqdan sonra başlayan opera həyatım. 1991-ci ildə rəhmətlik xalq artisti Gülxar Həsənova və tarzən Əlikram müəllim səsimi dinləmiş və bəyənmişdilər. Onlar qərar verdilər ki, musiqi kollecini bitirdikdən sonra Opera teatrında işləyim. 1992-ci ildə məni təyinatla opera teatrına göndərdilər. Səsimi yenidən dinlədilər və məni Leyli roluna hazırladılar. Canəli Əkbərov, tarzən Elxan Mansurov və rejissor Hafiz Quliyev mənimlə məşq etdilər. Qərar verildi ki, Mənsum İbrahimov Məcnunu, mən isə "Leyli”ni ifa edim. Hər ikimiz "Leyli və Məcnun”da ilk dəfə iştirak edirdik. "Aşıq Qərib” də "Şahsənəm”i, "Gəlin qayası”nda "Gülbahar”ı, ”Arşın mal alan”da "Telli”ni, "Rast” baletində muğam ifaçısını, "Natəvan”da xanəndə, "Koroğlu” operasında xanəndə qız, "Vaqif” operasında xanəndə qız rollarını ifa etmişəm.
 
– Səhnəyə ilk dəfə "Leyli” kimi çıxdığınız günü necə xatırlayırsınız?
– O zaman 22 yaşım vardı. Səkkiz ay məşq etdik. Hafiz müəllim bizimlə çox ciddi məşqlər edirdi. Tamaşaya bir neçə gün qalmış səhnə paltarlarımızla məşq edirdik. Tamaşa may ayında oynanmalı idi. Məni "Vətən” cəmiyyətinin xətti ilə Avstriyaya Beynəlxalq festivala dəvət etdilər. Ona görə tamaşanın premyerası iyun ayında baş tutdu. "Leyli və Məcnun”u iki gün bir-birinin ardınca oynadıq. Tamaşalarımız böyük anşlaqla keçdi. Tamaşamıza o vaxt Mədəniyyət naziri vəzifəsində işləyən Polad Bülbüloğlu də gəlmişdi. O, səhnə arxasında bizi təbrik etdi. Operaya gəlişimdə Polad Bülbüloğlunun da rolu olub. Həbib Bayramovun ansamblında fəaliyyət göstərdiyim zaman "Mirzə Hüseyn” muğamını və "Mahur-hindi” dəsgahını ifa etmişdim. Polad müəllim ifamı çox bəyənmiş, sən operaya gedərsən demişdi. Bir müddət sonra təyinatla bağlı Mədəniyyət Nazirliyinə getmişdim. Polad müəllim məni görəndə demişdi ki, sən o konsertdə gördüyüm balaca qız deyilsən, bitirdin məktəbi? Dedim, operaya yeni gəlmişəm, səsimi dinləyirlər. Dedi, sən Leylini oxuyacaqsan. O an özümü çox xoşbəxt hiss etmişdim Mədəniyyət nazirimizdən bu sözləri eşitmək çox xoş idi. Opera Teatrının çox mehriban kollektivi var. Hər dəfə teatrın pilləkənlərini çıxanda ilk gəlişimi xatırlayıram. Teatrın ilk qoxusu burnumdan getmir. O dövrdə həm operada, həm də Mahnı Teatrında fəaliyyət göstərirdim. Mahnı Teatrından çoxlu qastrol səfərlərinə göndərilmişəm. Avstriya, Fransa, Almaniya, İsrail, Norveç, İsveç, Misir, Litva, Ukrayna, Maldova, Belorusiya, Gürcüstan, Moskvada dəfələrlə konsertlər vermişəm. Kabzon, Alla Puqaçova, Larisa Dolina, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Polad Bülbüloğlu kimi böyük sənətkarların çıxış etdikləri "Böyük Teatr”ın səhnəsində biz gənc bacılar da iştirak etmişik. Sənətini gərək sevəsən, o qədər sevəsən ki, şöhrətin səni nə zaman qucaqladığından xəbərsiz olasan. Ustadımız Kamil Vəzirov bizə başa salırdı ki, hansı ölkəyə getsəniz, mütləq o ölkənin bir mahnısını oxuyun. Belə ifalar tamaşaçıların çox xoşuna gəlirdi. Konsertlərimizə azərbaycanlılarla yanaşı, həmin ölkənin vətəndaşları da gəlirdi.
 
– Opera səhnəsində bir çox obrazlar yaratmısınız. Onlardan hansını özünüzə daha yaxın hesab edirsiniz?
– Leyli ilk obrazım olduğu üçün o, mənə daha doğmadır. "Arşın mal alan”da "Telli” ni oynayanda başqa bir hiss keçirirdim, ”Aşıq Qərib” də özümü şah qızı kimi hiss edirdim.  "Leyli və Məcnun”da özümü gəncləşdirib on üç yaşında çılğın, sevən bir gənc qız kimi o rolu ifa etmişəm. Təbii ki, sonu fəlakətlə, faciə ilə bitir. Heç kimə belə bir sevgi arzulamıram. Tərəf müqabillərim Mənsum İbrahimov, Baba Mahmudoğlu, Səbuhi İbayev, İlkin Əhmədov, Elnur Zeynalov, Təyyar Bayramov, Zabit Nəbizadə və operaya yeni gələn gənc ifaçımız Nurlan olub. Hərdən şikayət edirlər ki, əlli yaşında Leylini, Məcnunu oynayırlar. Bu, doğru deyil, səhnənin yaşı olmur. Bundan başqa, səhnədə bizi gəncləşdirirlər, elə bir formaya salırlar ki, orada Leylidə, Məcnunda gənc görünür.
 
– Tez-tez repertuarınızda köhnə, unudulmuş mahnılara da yer ayırırsınız. Həmin mahnıların musiqi mətnini necə əldə edirsiniz?
– Tələbəlik illərində ustadım Nəriman müəllim hər zaman mənə deyərdi ki, bu mahnıları oxu, onları o zaman heç kim oxumurdu. Sonra Kamil Vəzirovla iş birliyimiz başladı. O da unudulmuş mahnıları əldə etməyimizdə bizə köməklik etdi. Rübabə Muradovanın, Zeynəb Xanlarovanın repertuarından mahnılar, Zaqatala xalq mahnısı "Üst köynəyi ilə” mahnısını oxumağımızı bizə məsləhət verdi. Bu mahnı efirdə heç vaxt səslənməyib. Tarzən Mehman Mikayılov həm muğam bilicisi, həm də tədqiqatçıdır. Son on ildə mahnı seçimində o bizə köməklik edir. Bir gün mənə dedi ki, gəl mənim repertuarıma müraciət edək. Keçmişdən bu günə kimi oxunmayan Kərkük xalq mahnılarını, o taylı-bu taylı Azərbaycan mahnılarını gətirdi. Elə mahnılar da var ki, onların sözlərini fars dilindən tərcümə edir. Pepertuarda oxunmalı iki min mahnı var. Onların oxunması maddiyata bağlıdır. Bizim Gülyanaqla qazancımız bu mahnıların səsyazmasına gedir. Səkkiz yüzə yaxın mahnı yazdırmışıq.
 
– Hazırda yaradıcılığınızda hansı yeniliklər var?
– Novruz bayramı ərəfəsində Almaniyanın bir neçə şəhərində konsertlərimiz gözlənilir. Musiqili filmimiz çəkiləcək. "Şahnaz” ritmik muğamını və "Cahargah” muğamını xələl gəlmədən ritmlə oxumuşuq. Bunlar həmin filmdə öz əksini tapacaq.
 
– Rəssam olsaydınız musiqini hansı rənglə təsvir edərdiniz?
– Nə gözəl sualdır. Hardan bildiniz ki, rəssam olmaq istəmişəm. Uşaq olanda başqa rəsmlərə baxıb onları daha iri həcmdə yaratmağa çalışmışam. Qara və kül rəngini sevmirəm. Yəni musiqini bu rənglərdən başqa bütün rənglərdə təsvir edərdim.
 
– Ustadınız Nəriman Əliyevdən nələri öyrəndiniz?
– Bütün muğamları öyrəndim. O, bizə atalıq etdi. Atam var idi, o, bizi şəhərə oxumağa göndərdi, Nəriman müəllim isə bizə himayədarlıq etdi. Allaha şükürlər olsun ki, xeyirxah insanlarla, gözəl sənətkarlarla qarşılaşdıq. Nəriman müəllim muğamı öyrətməklə yanaşı bizə onları başa salırdı. Biz bu muğamları araya-ərsəyə gətirəndən sonra Youtube kanalına yerləşdiririk ki, gənclərimiz onlardan bəhrələnsin. Bir dəfə dünyasını dəyişən sənətkarlarımızdan biri dedi ki, mən bildiklərimi öyrətmək istəmirəm. Heç kimə də lazım deyil, o qədər paxıl insanlar var ki... Ancaq mən düşünürəm ki, bildiklərimiz Azərbaycanın sərvətidir, niyə də yaşatmayaq. Ustadlarımız vaxtı ikən səslərini çətin şəraitdə lentə yazdırıb bizim üçün qoyublar. O valların bir çoxu keyfiyyətini itirib. Ona görə də mən dərs deyirəm, tələbələr yetişdirirəm ki, ənənə davam etdirilsin, heç nə unudulmasın. Bildiklərimiz nəsildən-nəslə ötürülməlidir. "Asəf Zeynallı” a muğam üzrə, "Şuşa” humanitar kollecində isə xalq mahnıları üzrə dərs deyirəm.
 
– Tələbələriniz arasında sizdən aldıqları bilikləri gələcək nəsillərə ötürə biləcək həqiqi istedadlar varmı?
– Əlbəttə var. Tələbələrim var ki, ”Xalq ulduzu”ndan, "Tanıdım səni” layihəsindən çıxıblar, muğam müsabiqələrinin qalibləridir, "Sing your song” mahnı müsabiqəsindən birinci yeri əldə edənlər var. Muğam müsabiqəsinin qaliblərindən Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sərxan Bünyadzadə Ayşən Mehdiyeva, Sədəf Budaqova, Sima Qasımova, Taleh Hacıyev var. Hər zaman deyirəm ki, bizim də səhnədən gedən dövrümüz olacaq, səhnə tələbələrimə qalacaq. Amma hələ ki, səhnədən getmək fikrim yoxdur (gülür). Hələ ki, özümü həm xanəndə, həm də müəllimə kimi gərəkli hesab edirəm. İstəyirəm ki, doğru-düzgün oxusunlar, mahnılarda nə qədər səhvlər tuturam. Efirə çıxan gənclər çox səhvlər edirlər. Tələbələrimin hamısı ilə qürur duyuram. Siz də sağ olun ki, milli dəyərlərimizi yaşadırsınız.   Söhbətləşdi: İntizar İsmayıl    

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775