Səhnədə məni “yandırıb-söndürürlər”

Səhnədə məni “yandırıb-söndürürlər”

Müsahibə
05 Oktyabr 2012, 09:06 1604
...Opera Teatrının səhnəsində azərbaycanlı bir qız “Karmen”i oynayır. Maraqlıdır, mən sadəcə onu seyr edirəm və düşünürəm ki, öz mədəniyyətindən olmayan bir nümunəni bu xanım necə bu cür mənimsəyə bilib? Və sonra yadıma salıram ki, əslində mədəniyyətin böyüklüyü də elə bundadır. Əsl sənətkarlar bu dilsiz xəzinəni bu cür cilalayıb ürəklərə nüfuz etdirə bilirlər. Bax, bu xanım da belələrindəndir...
İllər öncə məni bu düşüncələrə qərq etdirən xanımla müsahibəm indi. Həm də evində və öz əlləriylə hazırladığı alma piroquna qonaq olmuşam. O səhnədəki məhtəşəmliyin yerini sadə bir qızcığaz alıb. Tez-tez anasına səslənən və nə danışacağını hələ də kəsdirə bilməyən tipik bir azərbaycanlı qızı.
Müsahibim Azərbaycanın Əməkdar artisti, operamızıın “Karmen”i Fidan Hacıyevadır.

- Fidan xanım, sizə ənənəvi bir sualla müraciət etmək istəyirəm. Hamı tərəfindən sevilmək necə bir hissdir?
- Mən heç inanmıram ki, hamı tərəfindən sevilirəm. Ancaq belə bir münasibəti çox istəyərdim və bununçün da çox çalışıram. Kiminsə sənətimi çox sevdiyini dediyi gün çox sevinirəm, əhval-ruhiyyəm yaxşı olur. Bilirsiz, mən sənətimi çox sevirəm. Bu məhəbbət dinləyicilərimlə qarşılıqlı olanda da özümü gözəl, xoşbəxt hiss edirəm. Mənə elə gəlir ki, bu, sənətimdə nə isə edə bildiyimin göstəricisidir.
- Sizin məşğul olduğunuz musiqi sahəsi həddindən artıq səviyyəlidir. Günümüzdə isə əksinə, kifayət qədər bayağılaşma var. Sizə elə gəlmirmi ki, elə bu bayağılaşmanın da, mədəniyyətimizə olan təcavüzün də qarşısını yalnız ciddi sənətlə məşğul olan adamlar ala bilər və onlar nə isə etməlidir? Sanki Azərbaycan incəsənəti sahibsiz bir xəzinədir, hər gələn əlinə gələni götürüb aparır və öz adına çıxarır...
- Bu məsələ hər birimizin, xüsusilə də professional musiqiçilərin ağrılı yeridir. Axı, necə olur ki, bizim efirlərdə bayağı musiqilərə belə yersiz imkan verilir? Bilmirəm, bunlar hardan gəlib çıxırlar, hələ üstəlik, populyar da olub, müəyyən dinləyici kütləsinə də sahib olurlar. Hətta onları örnək də götürürlər. Halbuki, elə bizim Opera Teatrının gözəl səsə, yüksək mədəniyyətə, gözəl musiqi təhsilinə malik solistləri var, çox istedadlıdırlar, amma kənarda qalıblar. Onların əksinə, bu bayağılar gündəmdədirlər. Bilirsiz, məni ağrıdan ətrafımdakı insanların öz televiziyalarımıza baxa bilmirik, demələridir. Bu fikir niyə səslənməlidir? Təbii, ki, onlara qadağa qoymaq üçün professional insanlardan, ziyalılardan ibarət bir qurum yaradılmalıdır. Şou da olar, amma ifrat dərəcədə deyil. Mən yoldaşımla İngiltərədə olanda bu kimi məqamları müşahidə edirəm. Şou-biznes insanlarından bu cür verilişlər hazırlanmır. Onları heç mətbəxə də qatmırlar. Adi insanlardan, gözəlliklərdən, güllərdən, tarixi hadisələrdən, musiqi tarixindən bəhs edən müxtəlif verilişlər var. Mətbəxdən danışanda adi insanları dəvət edirlər. Bilirsiz, hər bir şeyin etikası-estetikası var. Biz bu kriteriyanı gözləmirik. Baxmayaraq ki, bizim dövlətimiz bu cür inkişaf edib, yeni binalar, yeni tikililər və s. bu kimi maddi gözəlliklər var, ancaq bu dəyişiklik musiqidə yoxdur.
Əslində, mən günahı onlarda yox, özümüzdə görürəm, çünki biz aktiv deyilik. Mən öz dostlarıma efirlərə çox çıxmadıqları üçün irad tuturam. Amma onları da qınamalı deyil, çünki efirlərdə Opera sənətçilərinin canlı ifası üçün imkanlar yoxdur, fonoqramla oxunmalıdır. Fonoqram yazdırmaq isə böyük bir məbləğ tələb edir. Bizim solistlərin başları öz sənətlərinə qarışıb, çünki biz bir operanı altı-yeddi aya öyrənirik və cəmi bir gecədə onu nümayiş etdiririk.
- Azərbaycan musiqi mədəniyyətini o bəsitliklərə vasitə eləməyə haqqımız yoxdur. Bununla mübarizə aparacaq bir qurumun yaranması da inandırıcı deyil. Konkret olaraq hər hansı bir kanal sahibinə telefon açıb demək mümkün deyilmi ki, bu qədər yetər artıq?
- Əslinə qalsa, efirlərdə bu istiqamətdə irəliləyişlər gözə çarpır. Kanallarımızda yeni verilişlər hazırlanır. Bu istiqamətdə “Mədəniyyət” kanalını xüsusi qeyd etmək yerinə düşər. İpəkyolu festivalı, Qəbələ festivalı, Üzeyir bəyin festivalı, Rastrapoviçin festivalı - bunlar hamısı musiqi bayramıdır. Amma unutduğumuz bir şey var, hər festivala eyni tamaşaçılar gəlir.
Yenə də ümidsiz deyiləm. Mənə elə gəlir ki, bayağı proqramlar öz-özünə yox olub gedəcək. Çox istərdim ki, professional musiqiçilərin iştirak edə biləcəyi verilişlər hazırlansın. Opera musiqisi olmasın, xalq mahnıları olsun. Opera solistləri muğam da oxuyur. Opera səsi elə səsdir ki, biz hər bir janra müraciət edə bilərik. Çox inkişaf etmiş belə bir ölkəmizdə musiqinin geridə qalması ürəkağrıdıcıdır. Televiziyanın rolu çox böyükdür. Bunu özləri düşünməlidilər. Tutaq ki, kanalın rəhbəri vokalistləri yığsın başına, studiya hazırlatsın, royal, kamera orkestri, hamısı da klassik formada geyinsin, frakda, axşam vaxtı olsun, hər dəfə də bir xarici qonaq dəvət edilsin. O qonağın da mədəniyyətindən ifalar olunsun. Mən çox istəyərəm belə bir veriliş olsun.
Əgər xatırlayırsızsa, mənim “Mədəniyyət” kanalında “Klassika” adlı bir verilişim vardı, təəssüf ki, vaxt məhdudluğum ucbatından dayandı. İki il İtaliyaya gedib-gəlməli oldum. Mənə çətin oldu onun aparıcılığını eləmək. Verilişin təşkilatçılığı çox vaxt aparır. Dostlarım mənə deyirlər ki, sən o verilişi bağlayandan sonra biz efirə çıxmırıq, bizi də tanımağa başlamışdılar...
- Azərbaycan musiqisini dünyaya çıxaran sənətçilərimizdən birisiz. Bu missiyanı yerinə yetirmək sizin üçün çətindirmi, yoxsa ailənizin xariclə bağlılığı sizin işi asanlaşdırır?
- Əvvəllər çətin olurdu, indi vərdiş eləmişəm. Mən iki il İtaliyanın məşhur səhnələrində çıxış elədim. İlk dəfə Azərbaycanın mədəniyyət günləri çərçivəsində İtaliyada – Turində, Venesiyada, Milanda Cüzeppe Verdinin konservatoriyasında, Milan yaxınlığındakı Berqamo
şəhərindəki teatrda çıxış etdim və mükafat da aldım. Üzeyir bəyin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını ifa elədim. Ondan öncə də bizim İtaliyadakı səfirimiz Vaqif Sadıqov bizim ulu öndərimizin anım gününə həsr olunmuş konsert təşkil eləmişdi. Və mənim ilk solo konsertim orada keçdi. Mənim üçün böyük bir nailiyyət idi ki, məşhur Santa-Ciciliyada konsertim oldu. Ondan sonra məni dəvət elədilər, Katolika şəhərində italyan bəstəkarı Puçinyonun “Ancelika” operasında bir obraz aldım. Demək istəyirəm ki, bunlar mənim deyil, Azərbaycan musiqisinin nailiyyətləridir. Və mən hamısını öz Vətənim üçün edirəm. Mənim üçün tamaşaçı tamaşaçıdır. Musiqinin dili yoxdur.
- Zövqlə dinlədiyiniz Azərbaycan musiqiçisi...
- Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar. Müslüm Maqomayev mənim kumirimdir. Onun səsi, aktyor oyunu məni heyran edir. Bilirsiz, o, həm gözəl rəssam olub, həm də kitab yazıb, italyan tenoru Mario Lans haqqında. Allah ona hər bir istedadı vermişdi. Öz obrazlarını özü qrim edirdi. Gözəl rəssam, gözəl şair, pianoçu idi. Çox gözəl əlləri var idi. Mən heyrət edirdim, bu qədər də ideal adam ola bilərdi? Araz Ağalarov onun sağlığında Moskvada gözəl bir gecəsini təşkil eləmişdi, xanımıyla bir yerdə gəldi. Alla Puqaçova qonaq idi, Azərbaycandan da Sevda Ələkbərzadə ilə məni dəvət eləmişdilər. İlk dəfə orda tanış olduq. Daha sonra Moskvada görüşdüm, mənə dedi ki, sənin çox gözəl səsin var. Heç unutmuram, mən, Murad Adıgözəlzadə və başqaları hətta şəkil də çəkdirdik. Belə bir insanla görüş mənim üçün inanılmaz idi. Müslüm Maqomayev mənim idealımdır və çox xoşbəxtəm ki, onunla görüşüb danışa bilmişəm.
- Sizdə yüksək aktrisalıq qabiliyyəti də var. Təhsiliniz necə, varmı?
- Təbii ki, var. Mən bununçün öz müəlliməm Şəfiqə Mahmudovaya minnətdaram. Konservatoriyada oxuyanda aktyor sənəti dərsi keçirdik. Qruplara bölünəndə onun qrupuna düşdüyüm üçün çox sevinmişdim. Şəfiqə xanım bizimlə işləməyə başladı. Etüdlər verirdi, səhnəciklər hazırlanırdı. Mənə çox da dərs keçmədi, amma biz onunla hələ də dostluq edirik. O xanımın çox müsbət enerjisi var, mən onda hardasa özümü görürəm. Çox sevirəm o aktrisanı.
- Həm çox professional bir sənətiniz var, həm də çox sadəsiniz....
- Hə, onu mənə çox deyirlər. Siz vurğuladınız, mən həm də aktrisayam. Amma onu deyim ki, mən sənətdə başqa cür oluram. Obrazlarımda, “Karmen”, “Aida” və s. elə bilin ki, səhnəyə düşən kimi mən artıq Fidan olmuram, sanki məni “yandırıb-söndürürlər”. Söndürürlər Fidan oluram, yandırırlar obrazda oluram. Bu artıq bir vərdiş halınımı alıb. Opera doğrudan da çox çətin janrdır. Musiqi təhsili, intellekt, aktyor ustalığı, səs - hər şeyi tənzimləmək lazımdır. Hiss etməkdən başqa intellektual cəhətdən zəngin olmağın da lazımdır. O zənginliyi də sən sadəcə obrazda istifadə etməlisən. Hər bir sənətkara arzu edərdim ki, həyatda necədirsə, səhnədə də elə olsun. Əgər obrazdasansa bunu özün kimi oynaya bilməzsən. Bu, çətin bir peşədir.
- Sizə elə gəlmirmi ki, “Karmen” sizin həyatınızın roludur?
- (Gülür). Həyat yoldaşım deyir ki, sən artıq “Karmen” obrazıyla bu sənətdə möhür vurmusan, artıq bəsdir. Deyirəm yox, “Karmen”lə mən özümü səhnədə, həyatda tapmışam. Axı, onu oynamasaydım səni necə tapacaqdım? (gülür). Onunla Bakıda, BP-nin təşkil elədiyi bir milad bayramı konsertində tanış olmuşam. “Karmen” operasında bir Tabanera parçası var, mən onu ifa eləyəndən sonra mənə yaxınlaşıb. Mən də cavan bir qız, özü də orda elə ürəklə oynamışdım ki, anam mənim üçün təzə paltar almışdı, elə bilirdim ki, bu konsertin şahzadəsi mənəm. Sarışın bir oğlan mənə yaxınlaşdı, dedi, siz nə gözəl “Karmen” ifa elədiz. Bilirsiz, Filipp çox sevir klassik musiqini. Tanış olandan sonra da Türkiyənin müxtəlif bölgələrində - Mersin, İzmir, Samsun, Kıbrıs, İstanbul, Ankara Opera və Balet teatrlarında üç il çalışdım. Bu müddət ərzində sadəcə, “Karmen”lə məşhur oldum. Məni Fidan deyil “Karmen” deyə çağırırdılar. Çox obrazlar ifa etmişəm, amma bu obrazı özəlləşdirmişəm. Azərbaycan operettalarından “Arşın mal alan”da Asyanı oynamışam. Baş rejissorumuz Hafiz müəllim həmişə deyir ki, “Fidan sən onu necə oynamısan, elə bil əsl Asya elə sən özünsən”. Ailə qurmamışdan əvvəl mən tamam başqa cür idim, ərköyün böyüyürdüm. Amma indi ailə, işlər məni dəyişib. Baxmayaraq ki, yenə də anam tərəfindən, yoldaşım tərəfindən o münasibəti görürəm, amma bu, əvvəlki deyil.
- Ana olmaq və bu cür çətin bir sənətlə məşğul olmaq. İkisi bir arada sizi yormur ki? Əslində, ailəsində başa düşülən və sevilən bir qadın üçün bu, elə də çətin olmamalıdır...
- Hələ ailə qurmamışdan mənim atam mənim tamaşalarıma gəlmirdi, deyirdi ki, birdən həyəcanlanarsan. Tamaşadan evə gəlib həvəslə danışardım: “Ata, heç bilirsən, necə gözəl oxudum?” O da gülümsəyib öz dəmlədiyi çaydan süzərdi və biz ata-bala bunu bölüşərdik. Bu, mənim üçün o qədər xoş idi ki, həmişə istəyirdim, ailə quracağım adam mənim atama bənzəsin. Əslində, bu, bütün qızların arzusu olur. Elə də oldu. Filippin mənim sənətimdə rolu çox böyükdür. Azərbaycanı çox sevir. Az deyil, artıq on beş ildir ki, bizim ölkədədir. Əlamətdar günlərimizi, faciələrimizin ildönümlərini mütləq qeyd edir. 20 Yanvarda hər səhər Şəhidlər Xiyabanını ziyarət edir və deyir ki, mən gedib onlara baş əyməliyəm ki, onlar bu torpaq üçün öz qanlarını töküblər. Balaca bir zibili belə yerə atmaz, əlində gətirib evdə zibil yeşiyinə atar ki, mən bu ölkəni niyə zibilləyim? Və mən ona bu alicənablığı üçün təşəkkür edirəm. Bizim adətlərimizə çox bağlıdır. Bilirsiniz, ata, ailə, həyat yoldaşı yaradıcı insan üçün çox önəmlidir. Mən çox istərdim ki, qızlarımız ailə quranda tələsməsinlər, çünki ailə həyatı bir dəfə qurulur.
- Sizin deyəsən hərbi rütbəniz də var...
- Hə. Artıq on ilə yaxındır ki, mən Həzi Aslanov adına Zabitlər evinin solistiyəm. Əsgərlər qarşısında müxtəlif konsertlərimiz olur. Mənim çoxlu vətənpərvərlik mahnılarım var. Belə bir işdə işlədiyim üçün sevinirəm. Bir də ona görə sevinirəm ki, əsgərəm, əsgərlərimizin qarşısında çıxış eləyə bilirəm.
- Bizim oxuculara sözünüz...
- Söhbətimiz o qədər səmimi oldu ki, elə bil, yüz ildir tanışıq. Qəzetiniz hər zaman bu cür səmimi söhbətlərlə zəngin olsun. Pafosdan uzaq, səmimiyyətlə zəngin.

Nigar İsfəndiyarqızı