Səhnədə aktyorları daha çox çörək düşündürür

Səhnədə aktyorları daha çox çörək düşündürür

Mədəniyyət
25 Dekabr 2012, 09:01 2020
Ötən həftə Bakı Uşaq Teatrında “Xaşxaşın göz yaşları” tamaşasını izlədim. Artıq 7 ildir ki, teatrın səhnəsində maraqla baxılan bu tamaşaya İntiqam Soltanın təqdimatında yeni quruluş verilib. Region teatrlarında da davamlı olaraq oynanılan tamaşa bu gün də repertuarı bəzəyir.
Teatrın quruluşçu rejissoru və tamaşanın əsas obrazlarından birinin qəhrəmanı İlhamə Əhmədova təəssüratlarını “Kaspi”yə bölüşdü.

Ən uğurlu obrazım

- Bu obrazı artıq neçə ildir ki, oynayırsınız. Sizə hansı uğuru gətirib?

- Bundan öncə Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərirdim. O teatrda 14 il ərzində müxtəlif obrazlar oynamışam. Bu 14 ildə orada çox şey öyrəndim. Ancaq ən uğurlu anlarım, yaradıcılıq fəaliyyətim Bakı Uşaq Teatrında məhz “Xaşxaşın göz yaşları” tamaşası ilə başladı. Bu tamaşa mənim ən uğurlu və sevimli tamaşamdır. Bundan sonra da uğurlu obrazlarımın olacağını düşünürəm, ancaq mənə elə gəlir ki, heç bir obrazım bunun qədər uğurlu olmayacaq. Nazı obrazını sevərək oynayıram. Tamaşanın hazırlıq məşqləri gedərkən Gənc Tamaşaçılar Teatrında çalışırdım, amma vaxt tapıb bu tamaşanın məqşlərinə gəlirdim. O zaman Uşaq Teatrında bu tamaşanı müqavilə əsanasında oynayırdım. Əvvəllər düşünürdüm ki, bu obraz mənim ifamda alınmayacaq. Ancaq sonluqda çox gözəl bir tamaşa ərsəyə gəldi. Bu teatrda məhz bu tamaşa məni özünə cəlb etdi. Həmin tamaşada ilk dəfə 2005-ci ildə oynamışam. 7 il bundan öncə ifa etməyimizə baxmayaraq, Gənclər İdman və Turizm Nazirlyinin sifarişi ilə yenidən oynadıq. Sözügedən tamaşanı Gənc Tamaşaçılar Teatrında təqdim etdik.

- Bu tamaşanın “Mono tamaşalar festivalında” təqdimatı teatrşünaslar tərəfindən birmənalı qarşılanmadı...

- Bu tamaşa uşaqlar üçün nəzərdə tutulmayıb, gənclər üçün hazırlanıb. Teatrşünaslar bunu bilməlidirlər ki, bu, gənclər üçün vacib və məlumat xarekterli bir tamaşadır. Burada narkotik maddələrin nə qədər bəlalar gətirdiyi açıq şəkildə göstərilir. Qoy gənc nəsil bilsin ki, narkotika çox böyük bəlalar yaradır. Heç bir müharibə narkotika qədər dəhşətli deyil, bu, bir növ kütləvi qırğındır. Biz bu tamaşanı oynayarkən 200-300 tamaşaçıdan biri maariflənirsə, o yoldan çəkinirsə, o zaman biz çox sevinirik. Hesab edirəm ki, mənim ifamda həmin “Mono tamaşa” uğurlu alındı. Bu tamaşanı bütün bölgələrdə oynamışam.

Səhnədə oynamaq istəyirəm

- Rejissorluq fakültəsini bitirməyinizə baxmayaraq, sizi aktrisa kimi daha çox tanıyırıq. Hansına daha çox üstünlük verirsiniz?

- Bəli, aktyor kimi daha çox tanınıram. Hazırda Bakı Uşaq Teatrının quruluşçu rejissoruyam. Burada bir çox tamaşalar hazırlamışam. Onlar bu gün də səhnədə oynanılır. “Allahın bəlası”, “Heykəl” və bu kimi tamaşalar mənim sevərək quruluş verdiyim tamaşalardır. Hazırda uşaqlar üçün yeni bir tamaşa üzərində işləyirəm. Aktyor kimi isə daha çox səhnədə oynamaq istəyirəm. Səhnədə fəaliyyət göstərməkdən daha çox zövq alıram.

- Oynadığınız obrazlar daha çox dramatik üslubdadır, təkcə “Heykəl” tamaşası komediya janrındadır. Dramatik obrazlar sizə daha çox yaxındır?

- Dramatik obrazları özümə daha yaxın hiss edirəm. Komedik obrazı yaradan zaman isə daxilimdə hiss edirəm ki, bu mənim obrazım deyil. Ancaq dramatik obrazları rahat oynayıram.

- Gənc Tamaşaçılar Teatrını tərk edib Bakı Uşaq Teatrında balacalar üçün tamaşalarda iştirak etməkdə tərəddüd etmədiniz?

- Buraya gələrkən zərrə qədər də tərəddüd etmədim, çünki mən Bakı Uşaq Teatrının iş prinsipindən xəbərdar idim. Düşünmədən burada işləməyi qərar verdim. Sevinirəm ki, bu gün bu teatrda fəaliyyət göstərirəm. Bakı Uşaq Teatrının tamaşaları maarifləndirici tamaşalardır. Bilirsiniz, elə götürsək “Heykəl”nı, tamaşası yüngül bir komediyadır. Gəl, otur bax, əylən və get. Ancaq belə tamaşalara repertuarımızda elə də çox yer verilmir. Bizim istəyimiz gənclərimizi komediyalarla da olsa maarifləndirməkdir. Ona görə də hazırladımız uşaq tamaşalarına maarifləndrici hissələr əlavə edirik. Uşaqlar tamaşaya baxıb, əylənərkən oradan tərbiyəvi keyfiyyətlər də öyrənməlidir.

- Gənc Tamaşaçılar Teatrından nəyə görə ayrıldınız? Kollektivlə aranızda ədavət yarandı, yoxsa iş prinsipini bəyənmədiniz?

- Yox, kollektivlə heç bir ədavətim yaranmadı. Mən o teatrda yetişmişəm, teatrdakı bütün kollektivə böyük hörmətim var. Ancaq nədənsə bu teatra daha çox istəyim oldu. Ümumiyyətlə, İntiqam Soltanın çox gözəl üsulu, iş prinsipi var. Mən Bəhram Osmanovla, Vaqif Əsədovla, Ağakişi Kərimovla, Loğman Kərimovla, hətta Cənnət Səlimova ilə də işləmişəm, ancaq onlardan İntiqam Soltanla çalışmaq qədər böyük zövq almamışam. İntiqam Soltan aktyorlarla rahat işləyir və onlardan istədiyini çox rahat şəkildə ala bilir.

- Digər teatrlardan dəvət alsanız, təklifi qəbul edərsiniz?

- Bəzən elə olub ki, xırda bir şeyə əsəbləşəndə “gedəcəm bu teatrdan” deyirdim. Ancaq mənim bu teatrı tərk etməyim o zaman baş verə bilər ki, teatrın direktoru məni teatrda istəməsin. O zaman gedərəm.

- Aldığınız qonorar necə, sizi qane edirmi?

- Qonorarımız çox azdır. Biz qonorarın azlığını belə düşünmürük, yetər ki, işimiz alınsın. Başa düşürəm ki, hər bir insanın qarnı tox olmalıdır. Aktyor mütləqdir ki, ac olmasın, onun beyni, diqqəti obrazında olmalıdır. Hərdən olur ki, aktyor səhnədə hansısa rolu ifa edərkən “görəsən mən bu gün evimə çörək apara biləcəyəmmi?” deyə düşünür. O baxımdan aktyor doğrudan da yazıqdır. Ancaq aktyor ailəsini dolandıra bilsə, onun fikri-zikri bütünlüklə səhnədə olar. Çox istərdim ki, aktyorlarımız bütünlüklə səhnədə olsun. Onda teatrlarda hazırlanan tamaşalar da gözəl alınar, bu sahədə daha da inkişaf edə bilərik. Amma nə yazıq ki, aktyorlar çörək haqda çox düşünür. Düzdür, əlavə qazancımız da olur, ancaq bu da kifayət etmir.

Hər küçədən keçəni seriallara çəkirlər

- Aktyorlar yeni qazanc yerini indi seriallara çəkilməkdə görürlər. Sizin “Pərvanələrin rəqsi” serialına gəlməyiniz necə oldu?

- Mənim sənətdə ən uğurlu obrazların Arzu Soltanın ssenarisi əsasında yazılan əsərlərdə olub. Bu seriala çəkilməyi mənə ilk dəfə o təklif etdi. Mən də danışıqlara getdim. Serialda Nazı obrazını oynadım. Çox sevinirəm ki, serial işinə də Rövşən İsaqla başladım. Nə yaxşı ki, o mənimlə işləməyə razılıq verdi. Ümid edirəm ki, seriallarımz getdikcə yoluna düşəcək. Hazırda serial təcrübəmiz o qədər də çox deyil. Serial çəkən rejissorların kifayət qədər təcrübələri yoxdur və bu da azmış kimi, qeyri-peşəkar insanları seriala çəkilməyə dəvət edirlər. Təbii ki, o zaman da serialın keyfiyyəti aşağı düşür. Bizim tamaşaçılarımız da deyir ki, biz yerli seriallara baxmırıq. Bizim serialı isə doğrudan da tamaşçılar sevir, çünki yaradıcı heyət, aktyor seçimi gözəldir. İndi aktyorluqdan xəbəri olmayan, hər küçədən keçəni seriallara çəkirlər. Bu o rejissorlarda alınmır və heç tamaşaçı tərəfindən də baxılmır.

- Sizcə, serial üçün aktyor-aktrisaların xüsusi yetişdirilməsinə ehtiyac varmı?

- Teatrda fəaliyyət göstərən hər hansı bir aktyor kinoda, serialda çox rahat işləyir. Biz canlı şəkildə 300-500 tamaşaçının qarşısında 2 saat oynayırıq. Bütün səhvlərimiz birbaşa göz qarşısında olur. Filmdə isə alınmayan kadrlar yenidən çəkilir, dubllar olur. Məhz teatr aktyorlarının ifasına görə seriallarımız bu gün az da olsa uğur qazanır. Bu, danılmazdır. Rejissorlar teatrda çalışan peşəkar aktyorlarla işləsələr, seriallarımız da uğursuz olmaz. Təkcə teatrda deyil, kinoda da aktyorlarımız var. Dediyim odur ki, rejissorlar sənətdən xəbəri olmayan, teatrın, kinonun nə olduğunu bilməyən aktyorlarla işləyirlərsə, hansı uğurdan danışmaq olar? Çox zaman seriala aktyorlar tanışlıq vasitəsilə çəkilirlər. Təbii ki, o zaman seriallarımız sevilməyəcək, tamaşaçı onu qəbul etməyəcək. Tamaşaçı da bilmir ki, bu, təsadüfi bir insandır. Yəni onun incəsənət aləmindən xəbəri yoxdur.

Xəyalə Rəis