“Səhnə sənindir, bacarırsansa, özünü göstər” - Debüt
Gənclərlə
söhbət maraqlıdır. Yeni fikir, yeni nəfəs, yeni sima, yeni ideya və yeni baxış
bucaqları var. Bu dəfəki müsahibim Fətullayeva Aygün də məhz o gənclərdəndir. 3
ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Bu illər ərzində irili-xırdalı
bir çox rollar oynayıb. Teatrın səhnəsində hazırlanan "Mənim ağ göyərçinim”də
şagird, "Məhv olmuş gündəliklər”də Anjelin dublyoru, "Buratinonun macəraları”nda
qaraçı, "Qohumlar”da Artemida,
"Uzuncorab Peppi”də Annika, "Məlikməmməd”də Dilşad, "Çipollino”da Turp,
"Qulliver cırtdanlar ölkəsində”də xəzinədar, "Qar kraliçası”da Gerda, "Çeburaşka”da Tobik, "Bremen musiqiçiləri”ndə Şahzadə və başqa
obrazlara həyat verib.
2009-cu
ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada
aktyorluğu” fakültəsinə daxil olub. Tələbəlik illərində həvəskar səhnələrdə bir
çox obrazlar canlandırıb. Qısametrajlı filmlərdə fərqli obrazlarla yadda qalıb.
- Universitetə daxil olanda, tədris ocağını necə təsəvvür
edirdiniz? O təsəvvürlərin puç olduğu anlar oldumu?
-
Universitetə daxil olanda düşünürdüm ki, filmlərdəki kimi, təhsil ocağının hər
qapısını açanda, yaradıcı məşqlərin, proseslərin şahidi olacağam. Əslində universitetdə
o mühit az da olsa vardı. Mən şagird olarkən bacım İncəsənət Universitetində təhsil
alırdı. Ona görə həmin ab-hava ilə əvvəlcədən tanış idim. Universitetə qəbul
üçün öncədən məşqlərə gedirdim. Orada təhsil alarkən heç də xəyal qırıqlığına
uğramamışam. Ancaq dərslərin daha səmərəli keçməsini istərdim.
- Tələbəlik illərində özünüzün hansı tərəflərini kəşf
etməyə başladınız?
- Əslində
mən tələbə olanda deyil, işləyəndən sonra özümü, yaradıcı keyfiyyətlərimi kəşf
etdim. Düzdür, dərs prosesində öyrəndiyimiz nəzəriyyə bizə çox kömək olur.
Ancaq nəzəriyyə bizim bazamız üçün lazımdır. Əsas təcrübədir. İşləyəndən sonra
başa düşdüm ki, keçdiyimiz sadəcə praktika olub. Səhnəni daha dərindən mənimsəmək
tamam başqa bir aləmdir.
- Niyə teatr? Bu sualı özünüzə vermisinizmi?
- Çünki
teatrda özümü rahat hiss edirəm, bura mənə maraqlıdır. Getdiyim məkanlara - bankda,
məktəbdə və yaxud başqa bir yerdə olarkən düşünürəm ki, bir müddətlik burda
çalışa bilərəmmi? Hiss edirəm ki, mən orda sıxılıram. Texniki və humanitar sahələrdə
ömrümü keçirə bilmərəm. Özümü orada heç cür təsəvvür edə bilmirəm. Bu, insanın
daxili harmoniyası ilə bağlı olan bir şeydir.
- Özünüzü ifadə etmək üçün teatr sizə nə qədər
meydan verir?
- Yetəri
qədər. Əgər sən özünü ifadə etməyi bacarırsansa, teatr sənə bunun üçün hər bir
imkanı verir və şərait yaradır. Səhnə sənindir, bacarırsansa özünü göstər.
Teatrda hansısa senzura yoxdur. Teatrın öz qaydaları var. Onları pozmadığın
müddətdə sərbəstlik sənin əlindədir. Yetər ki, buna şərait yaradılsın.
- İlk dəfə peşəkar səhnəyə çıxanda hansı hissləri
yaşadınız?
- İlk dəfə
"Məhv olmuş gündəliklər” tamaşasında Anjeli dublyorunu canlandırırdım. Anjeli teatra yeni gəlmiş bir qızdır. Obrazı
canlandırdıqca gördüm ki, həqiqətən bu, mənim özüməm. Səhnədə çox həyəcan
keçirirdim. Tamaşa bitəndən sonra hər kəs gəlib məni təbrik edirdi. Vaqif müəllim
yaxınlaşıb dedi ki, "səhnədə seçilirsən, bir aktrisa üçün bu yaxşı keyfiyyətdir”.
Mən bundan bixəbər idim. Bilmirdim ki, debütü olan aktrisanı belə təbrik edirlər.
Məni təbrik edəndə qəribə gəlirdi. Bu, çox gözəl hisslər idi. İlklər çox önəmlidir.
Bünövrəsi iştirakım ilə hazırlanan tamaşalar mənim üçün xüsusilə gözəldir.
Sonradan hansısa tamaşaya daxil olanda bilmirsən ki, həmin tamaşa necə yaranıb,
hansı proseslərdən keçib. Bir də var ki, bu yaranma proseslərində əvvəldən
axıra qədər iştirak edirsən.
- Ondan sonra sizdə sənət eşqi və səhnə hərisliyi
yarandı?
- Ona qədər
də içimdə teatra sevgi var idi. Zamanla qazanılan, zəhmətlə əldə olunan hər şey
daha dəyərlidir. Yetər ki, sən onun sirrini hiss edəsən. O, sehri hiss etdinsə,
eşqi gördünsə, bundan sonra səhnəsiz yaşaya bilmirsən.
- Siz birbaşa səhnəyə baş rolla gələn aktrisalar
sırasında olmadınız.
-
Canlandırdığım obrazlarım yavaş-yavaş, addım-addım böyüyüb. Belə ki, kütləvi,
epizodik, orta və əsas obrazları canlandırmışam. Bunun özü də gözəl hisslərdir.
Çox sevinirəm ki, ilk addımlarımı Gənc Tamaşaçılar Teatrında peşəkar səhnədən
başlamışam. Mənim ilk teatr təəssüratım gözəl hisslərlə zənginddir. Azərbaycan
kinosunda, teatrında sözünü demiş sənətkarlarla çiyin-çiyinə çalışıram.
- Bu günün gəncləri uşaq tamaşalarında
oynamağı sanki özlərinə yaraşdırmır. Sizdə necə, hər hansı kompleks hissi
varmı?
- Uşaq
tamaşaları oynamaq bizi narahat etmir. Baş qəhrəmanı hər zaman oynaya bilərsən.
Uşaqların sevincini hiss etmək çox gözəldir. Biz bu tamaşaları oynamaqdan
yorulmuruq. Uşaq sevgisi çox ülvidir. Pərdələr bağlanana qədər sanki uşaqlar
sehrli bir aləmə düşürlər. Onların üzünü güldürmək, yaddaşlarında qalmaq bir
aktrisa, səbəbkar olaraq insana möhtəşəm hisslər bəxş edir. Mən uşaq olarkən
anam məni tez-tez teatra aparırdı. Hansısa aktyor zala baxanda, o, ümumi
baxırdı, ancaq mənə elə gəlirdi ki, o mənə baxır, salam göndərir. O qədər
sevinc hissi yaşayırdım ki, bunu hər yerdə danışırdım. İndi düşünürəm ki, həmin
hissləri bu uşaqlar da keçirir. Teatr uşaqların mənəvi dünyasına çox təsir
edir. Necə ki, zamanında anam məni teatra gətirib və içimdə teatra sevgi
yaranıb.
- Gənclər teatra yeni
gələndə, rejissorlar onların nöqsanlarını deyir və bu istiqamətdə məşq etməyi məsləhət
görürlər. Sizə də hansısa iradlar tutulmuşdumu?
- Əlbəttə, hər zaman tövsiyələr olur. Hansısa sənətkarın,
rejissorun yerində və düzgün irad tutması mənə xoşdur və bunu gözəl qəbul edirəm.
Rejissor bizi kənardan görür. O, bu işin peşəkarıdır. Teatra yeni gələndə
saçlarım qısa idi. Nicat Kazımov demişdi ki, "bu oğlan kimdir teatra gəlib”.
İndinin özündə də deyir ki, oğlan kimi yeriyirsən. Daha çox plastikamda səhvlər
tutur. Hazırda "Tanrıya 14 məktub” tamaşasının məşqləri gedir. Nicat Kazımov mənə
nə deyibsə, xeyrini görmüşəm. İnsan özü də bunu hiss edir. Hamısı yerində,
düzgün deyilmiş iradlardır. Əgər inkişaf etmək istəyirsənsə, bu, mütləq
olmalıdır.
- Adətən gənclər teatra təzə gələndə, özlərini "xalq
artisti” hesab edirlər. Rejissorlara, çevrəsindəkilərə "hər kəsdən çox bilirəm”
nəzəri ilə baxırlar. İçinizdə elə hiss olubmu?
- Heç
zaman belə hissə qapılmamışam. Haqqımda xoş sözlər deyiblər, ancaq yenə də
özümdə bir tərəddüd olub: "Görəsən həqiqətən yaxşı idimmi? Bundan daha yaxşı
oynaya bilərdim”. O dedikləriniz hər tələbədə 4-cü kursda baş verir. 4-cü
kursda oxuyanda mən də özümü "xalq artisti” hesab edirdim. Universitetdən sonra
iki il ara verdim. Teatra gələndə içimdə bir kompleks var idi. Çox narahat
idim. Teatra yeni gələndə repertuardakı bütün tamaşalara baxdım. Aktyorların
oyunu mənə çox möhtəşəm gəlirdi. Yavaş-yavaş səhnənin tozunu aldıqca, orda
bişdikcə gördüm ki, əslində bundan da yaxşı etmək olarmış. Baza yığdıqca,
düşünürsən ki, nə qədər yığsan, azdır. İnsan ömrünün sonuna qədər öyrənir.
- Hədəfləriniz nələrdir? 10-15 il sonra özünüzü
harda təsəvvür edirsiniz?
- Əlbəttə
ki, mənim də özümə görə hədəflərim var. Ancaq heç zaman qarşıma böyük, əlçatmaz
hədəflər qoymamışam. Misal üçün, yeni yaşım olanda, qarşıma hədəf qoyuram ki,
bu yaşımda bu kimi nailiyyətlər əldə edəcəm. Növbəti il onlara çatdıqdan sonra
başqa hədəflər meydana çıxır. İstəyirəm
ki, nailiyyətlərin ya ən yaxşısına sahib olum, ya da olmayım. Natamam olmaq istəmirəm.
Yaxşı tamaşalarda, keyfiyyətli layihələrdə iştirak etməyi qarşıma hədəf
qoymuşam. Bu bir az da şansla bağlı olan məsələdir. Arzuladığım rolları
zamanında oynamaq istəyirəm.
- Necə rollar oynamaq istəyirsiniz?
-
Yaşımın rollarını. Hər bir aktyora öz yaşının rolunu oynamağı arzulayıram.
Mialçün, bu obrazı oynamaq mənim indi əsl vaxtımdır, bir neçə ildən sonra gec
olacaq. Elə aktyorlar var ki, hiss edirsən, vaxtilə oynamaq istəyib, amma
alınmayıb. Həmin dövrü keçib və içində o hisslər qalıb. İstəyirəm hər yaşımda
öz yaşıma uyğun obrazlar canlandırım.
- Bəs film, serial?
- ARB
telekanalında yayımlanan "Uçurum”
serialında Çiçək obrazını canlandırıram. Elşən Zeynallının rejissorluq etdiyi
"Soyuq Günəş” filminə çəkilmişəm. Yəqin yaxın aylarda film təqdim olunar. Əslində serialdan daha çox filmlərdə rol
almaq istəyirəm. Film tarixdir, qalandır.
- Teatrı gələcəkdə necə bir yer kimi görmək istəyirsiniz?
- Teatrın
daha çox insanların istirahət etməsi, dincəlməsi üçün əyləncəli bir məkan
olmasını istəyirəm. Sözün həqiqi mənasında ali, ülvi bir məkan kimi görməyi
arzu edirəm. İnsanlar teatra gələndə bilsinlər ki, mənəvi, tərbiyəvi bir yerə gəlmişik
və bunun fərqinə varsınlar. Xaricdəki teatrlar kimi insanlar can atsınlar ki,
tamaşanın seansına düşə bilsinlər və tamaşaçılar "mənə də o tamaşaya baxmaq
qismət olsun” kimi yanaşsınlar. Deyirlər, indi texnologiya dövrüdür, teatra gedən
yoxdur. Bu fikirlə razı deyiləm, teatr hər zaman sevilir. Teatr bu gün
yaranmayıb, onun öz tarixi var. Bundan sonra texnologiya daha da inkişaf edəcək,
ancaq teatra hər zaman ehtiyac olacaq.
- Bu gün Sevgililər günüdür. Gününüzü necə
keçirdiniz?
- Məşqdə.
Əslində Sevgililər gününü elə sevdiyim yerdə, səhnədə keçirdim. Sevdiyim işlə məşğulam.
İnsanın sevdiyi işlə, peşə ilə məşğul olması dünyanın ən böyük xoşbəxtliyidir.
Ailə önəmli olduğu qədər, insanın ruhu üçün də lazımi qidalar var. Bu da
insanın sevdiyi peşəsi, zövq aldığı işlərlə məşğul olmasıdır.
Xəyalə Rəis