• çərşənbə axşamı, 23 aprel, 11:01
  • Baku Bakı 20°C

Şəhidlik və qəhrəmanlıq

17.01.14 08:31 2070
Şəhidlik və qəhrəmanlıq
Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır. Bu qavram Allahın, Peyğəmbərin, mələklərin və insanların sifəti kimi istifadə olunmuşdur. Dini-istilahi anlamda Allah yolunda canını fəda edən müsəlmana verilən addır. Ona bu adın verilməsinin səbəbi cənnətlik olmasına şahidlik edilmiş olması, yaxud Uca Allahın hüzurunda daim yaşaması və yaxud ölüm zamanı mələklərin hazır duraraq onun ruhunu birbaşa cənnətə götürməsi, yaxud da Allah tərəfindən müxtəlif mükafatlarla mükafatlandırılmış olmasıdır. Qurani-Kərimdə təqribən otuz beş yerdə “şəhid” kəlməsi, iyirmiyə yaxın yerdə isə bu sözün cəmi olan “şühəda” və “əşhəd” sözləri keçir. Eyni kökdən olan sözlərlə yanaşı Qurandaki “şəhid” kəlməsi daha çox şahid mənasındadır. Şəhid həm də Allahın adlarından biridir. Şəhidlər həm Allahın mədhini, həm də Hz. Peyğəmbərin sevgisini qazanan xoşbəxt insanlardır.
İnsan sifəti olaraq şəhid kəlməsi müxtəlif mənalarda işlədilmişdir: a) bir hadisəyə şahidlik edən kimsələrə; b) həqiqətləri görən, dinləyən, duyan və qafil olmayan kimsələr; c) nankorluğunu bilməsi, anlaması və görməsi etibarilə hər insana; ç) inanc, söz, hərəkət və davranışları ilə, adil, müstəqim, nümunəvi, gözəl əxlaq sahibi, elm və irfan sahibi olmalarına görə müsəlmanlara şəhid-şühəda deyilmişdir. Ayədə buyrulur: “Beləliklə də sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə şahid (şühəda=gözəl örnəklər) olasınız, Peyğəmbər də sizə şahid (şəhid) olsun” (Bəqərə 2/143). Hz.Muhəmmədin inanc, söz, hərəkət, davranış və yaşantısı ilə insanlara örnək olması “şəhid” kəlməsi ilə, möminlərin də eyni şəkildə digər insanlara nümunə olması “şühəda” kəlməsi ilə ifadə edilmişdir; e) Allah yolunda öldürülən möminlərə “şühəda” deyilmişdir. Bu gün işlətdiyimiz “şəhid” kəlməsi bu mənanı daşıyır. Şəhidlər axirətdə peyğəmbərlər, siddiqlər və salehlərlə bərabər olurlar.
Uca Allah şəhidlərin mənən ölmədiklərini, onlara ölülər deyilməsinin mümkün olmadığını Quranın müxtəlif ayələrində dilə gətirmişdir:
“Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etyiyi nemətə sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağı xəbərinə görə sevincək olurlar” (Ali-İmran 3/169-171).
Allah yolunda ruhunu təslim edən şəhidlərin əməllərinin boşa getməyəcəyi, böyük mükafat və savab qazanacaqları Quranda xəbər verilmişdir. Şəhidlərin günahlarının əfv olunacağı barədə Qurani-Kərim buyurur:
“Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-brinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındandır!”” (Ali-İmran 3/195).
Üzürsüz səbəbdən evdə oturub hər hansı bir işlə məşğul olan kimsələrlə Allah yolunda döyüşənlərin Allah dərgahında dərəcələrinin eyni olmadığını bildirən ayədə deyilir:
“Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində əyləşən) möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (savaşa getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə) savab vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir” (ən-Nisə, 4/95).
Allah şəhadət mərtəbəsinə yüksələnə cənnət vəd edir:
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!” (ət-Tövbə, 9/111).
Hər bir müsəlman Vətəninin təhlükə altında olduğu zaman yüksək fədakarlıqla onun müdafiəsinə qalxmalı, onun yolunda malını, canını və hər bir şeyini fəda etməyə hazır olmalıdır. Qurani-Kərimin bizlərə aşıladığı ehkamların mənası budur. Vətənin müdafiəsinə həmişə hazır olmaq gərəkdir. Bu barədə Uca Allah buyurur: “Düşmənləri qorxutmaq üçün onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədaük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilir və sizə heç bir haqsızlıq edilməz” (əl-Ənfal 8/60).
Vətəni hər cür təhlükədən qorumalı, öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Qurani-Kərim bizə Vətən torpağını düşmənlərdən azad etməyin zəruriliyini tövsiyə edir:
“Sizinlə vuruşanlarla siz də vuruşun, lakin həddinizi aşmayın... Allah həddi aşanları sevməz. Sizi çıxardıqları yerdən siz də onları çıxarın. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun...” (əl-Bəqərə, 2/190-191).
Sevgili Peyğəmbərimiz buyurur: “Ey insanlar! Düşmənlə qarşılaşmaq (vuruşmaq) istəməyin. Allahdan qorumasını istəyin. Amma elə ki, düşmənlə qarşılaşdınız, bütün şiddətli vuruşmalara qarşı əzmlə dayanıb səbr edin. Bilin ki, cənnət qılıncların kölgəsi altındadır”.
Vətəni kəm gözlərdən, düşmən istilalarından qorumaq üçün sərhəd boyunca növbə çəkmək çox müqəddəs və savabı bol olan bir davranışdır. Sevgili Peyğəmbərimiz hədisi-şərifində buyurur ki, “Allah rizası üçün bir gün növbə çəkmək dünya və dünyadakılardan xeyirlidir...”. Unutmamaq lazımdır ki, vətən üçün yaşamasını bilməyən, vətən üçün ölməsini də bilməz. Nəcib millətimizin irəliləməsi, istiqlal və gələcəyi üçün şüurlu surətdə çalışmaq başlıca şərtdir. Əgər millət və vətənimizi sözün həqiqi mənasında seviriksə, bu mübarək Azərbaycan torpaqları üzərində milli bütünlük, sülh və əmin-amanlıq içərisində əbədi olaraq yaşamaq istəyiriksə, içərimizə hopmuş milli-müsəlman xarakterimizi mühafizə etməliyik. Vətənini hər şeydən çox sevən bir azərbaycanlı olaraq milli birliyimizi təmin etməli, dinimizə, bayrağımıza, irz və namusumuza bağlı olmalıyıq. Xatırlamalıyıq ki, din, iman, vətən və müqəddəslik uğrunda şəhadət şərbətini içib bu fani dünyadan köçənlər Allah dərgahında peyğəmbərlərdən sonra ən yüksək mərtəbəni fəth etmişdirlər. Cənabi-Haqq şəhidləri iftixarla yad edən ayeyi-kəriməsində belə buyurur:
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur!” (ət-Tövbə, 9/111).
Allah Rəsulu buyurur ki, “İki gözü cəhənnəm atəşi yandırmayacaqdır. Biri Allah qorxusu üçün ağlayan, digəri isə Allah rizası üçün növbə çəkən göz”.
Müsəlman bütün şəraitlərdə əvvəlcə dövlətini, içərisində yaşadığı cəmiyyəti və sonra özünü düşünməlidir. Hamımız çox yaxşı bilməliyik ki, bu vətən hər şeyi ilə bizimdir. Maddi-mənəvi sıxıntılarımızı yox etmək, millət fərdlərini bir-biinə yaxınlaşdırmaq üçün birlikdə çalışıb daxili və xarici düşmənlərimizə qarşı vətənimizə sahib çıxmalıyıq. Millətimiz üçün vətənin xüsusi bir dəyəri vardır. Çünki bu vətən, dövlət asanlıqla yaranmamışdır. Bu yurd, bu vətən bizə əmanətdir. Bu əmanəti sonuna qədər ən yaxşı şəkildə qorumalı və bizdən sonrakı nəsillərə tərtəmiz şəkildə təhvil verməliyik. Dünən olduğu kimi, bu gün də istər ölkə daxilində, istərsə də ölkə xaricində məmləkətimiz əleyhinə pis əməllərə sahib insanlar mövcuddur. Onların bizi bölüb parçalamağa çalışmalarına baxmayaraq, varlığımızı qorumanın, millət olaraq inkişaf və tərəqqimizin yeganə şərtinin milli birlik və bərabərlik olduğu həqiqətini heç zaman unutmamlıyıq. Milli birlik və bərabərliyin daim ola bilməsi üçün qarşılıq gözləmədən Allah rizası üçün bir-birimizi sevməliyik. Sevgili Peyğəmbərimiz də “Bir-birinizi sevmədikcə həqiqi mömin ola bilməzsiniz” buyuraraq diqqətimizi cəlb etmişdir.
Allah yolunda, Vətən və milləti müdafiə etmək üçün canını fəda edənlər şəhidlik, sağ qayıdanlar isə qəhrəmanlıq dərəcəsinə yüksəlmiş olurlar. Şəhidlik və qəhrəmanlıq peyğəmbərlərin dərəcəsindən sonra ən ali məqamdır. Çünki qəhrəman da şəhid olmaq amalı ilə hərb meydanına atılmışdır.
Şəhidlik olmadan vətən olmaz. Bəli, vətən bir torpaq parçasıdır, amma hər torpaq parçası vətən deyildir. Vətən şəhidlərin, uğrunda qan axıtdıqları torpaq parçasıdır. Bu gün sahib olduğumuz bu cənnət vətən qəhrəman babalarımızın hər qarışını qanları ilə sulayaraq bizə əmanət etdikləri torpaqlardır. Şair nə gözəl söyləmişdir:
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımızın məskənidir...
Vətəni sevməyən şəxs olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Vətən müsəlmanın hər şeyidir. Çünki din, namus, şərəf və müstəqillik kimi müqəddəs dəyərlər yalnız vətən sayəsində qoruna bilər. Bunun üçün babalarımız vətənimiz üçün hər cür fədakarlığa sinə gərmiş, qanları bahasına onu düşmənə təslim etməmişdirlər.
Vətən sevgisi imandandır. Vətən sevgisini itirən millət tarixin səhnəsindən silinib gedir. Ona görə də Vətənimizi, dövlətimizi qoruyan qəhrəmanlarımızı və şəhidlərimizi daim sevməli, xatirələrini əziz tutmalıyıq.
İdris Abbasov
banner

Oxşar Xəbərlər