• cümə, 19 Aprel, 14:10
  • Baku Bakı 25°C

ŞƏHİDLİK… QƏHRƏMANLIQ

21.01.19 12:00 2772
ŞƏHİDLİK… QƏHRƏMANLIQ
Şəhid insan…
Şəhid şəhər…
Şəhidlər qəbiristanlığı…
Şəhid ruhlar…


Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son iyirmi doqquz ildə belə çox işlənən sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. «Şəhid ailəsi», «şəhid anası», «şəhid atası», «şəhid məzarı» – yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi bizim hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi hes kəs bağışlamır. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.
Azərbaycan ədəbiyyatında şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə gedib çıxır. Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə abidə səviyyəsinə qaldıran və şəhidliyi bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd Füzuli olubdur. «Hədiqətüs-süəda» əsərində o, əski çağlardan çox yayılan Kərbəla vaqiəsini qələmə almış, bu dini hadisəni təkcə din yolunda gedən mübarizə kimi yox, insanın mənəvi və cismani köləliyə qarşı üsyanı, məslək və etiqad uğrunda mübarizəsi kimi təsvir etmişdir. Ümumiyyətlə, türk dünyasında, müsəlman aləmində şəhidlik missiyası dini-ideoloji kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri ilə sıx bağlı olmuşdur. Xüsusilə, qardaş türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər. Yəni onların poetik tərənnümündə şəhidlik anlayışı qəhrəmanlıq kimi dərk olunur.

Qəhrəmanlıq nə yalnız
bir yüksəliş deməkdir.
Nə də yıldızlar kibi
parlayıb sönməməkdir.
Sızlarsa da könüllər
Şəhidlərin yasından,
Qoşar adım getməli
onların arxasından.
Qəhrəmanlıq-içərək
acı ölüm tasından,
irəliyə atılmaq və
sonra dönməməkdir!

(Nihal Atsız)
Azərbaycanın müstəqilliyi təkcə 80-90-cı illərin hadisəsi olmayıb, kökü milli şüurumuzun və azadlıq düşüncələrimizin dərin qatlarına gedib çıxır. Odur ki, poeziyada müstəqilliyimizə qədər gələn arzuların real ifadəsi kimi bir sıra obrazlar diqqəti cəlb edir
1990-cı ilin 20 Yanvar günü də yaddaşımızda dərin iz buraxan belə səhifələrdən biridir. İyirmi doqquz il keçir o qanlı faciədən. Hər il 20 Yanvar günü Bakıda, Azərbaycanın digər şəhərlərində insanlar axın-axın Şəhidlər Xiyabanı adlanan, günahsız insanların dəfn olunduqları məzarlıqlara baş çəkirlər.
Vətən övladları məhz azadlıq, istiqlal duyğusu ilə küçələrə, meydanlara axışdılar, xeyli canlı qüvvə, sursat və zirehli texnika ilə silahlanmış rus ordusu ilə üzbəüz qaldılar. Vaxtilə şəninə mahnılar qoşulan Qızıl Ordu Bakını qan dənizinə döndərdi, Neftçalada, Lənkəranda, Cəlilabadda eyni faciələr törətdi. Xalq şairi Qabilin «Mərsiyə» şeiri də həmin günlərdə yarandı:

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər.
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır ZİL bu səhər.
Gecəni atəş ilə qırsızı qan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər.

Öz Qızıl Ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Öldü gənc, öldü uşaq, öldü gəlin qızlarımız,
Ölmədi, şanlı şəhid oldu neçə yüzlərimiz.
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz, gözlərimiz?!
Gecəni atəş ilə qırsızı qan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər!


Həmin gün çoxlarının yadındadır. Boğazımızda tıxanan qəhərlə, içimizi doğrayan kin və qəzəbdə axına qoşulub Şəhidlər Xiyabanına doğru yol alırdıq. Fikirləşirdik ki, əsrlər boyu «Avropanın jandarmı» rolunu oynayan Rus imperiyası öz rüsvayçı «Parçala və hökm sür!» siyasətində ən müdhiş rolunu oynadı. Axı, biz nə istəyirik? – istəyirik ki, Azərbaycan müstəqil olsun, bizim də üçrəngli bayrağımız BMT-də dalğalansın, maddi sərvətlərimizin yiyəsi özümüz olaq, yeni bir Azərbaycan yaradaq. Buna görə bütöv bir xalqı işğala məruz qoymaq, onun azadlıq yanğısını söndürmək olardımı? Həmin gün bütün Bakı qırmızı qərənfillərə qərq olmuşdu. Çox keçməz, Azərbaycan poeziyasında və xalqın yaddaşında QƏRƏNFİL obrazı 20 YANVAR obrazı ilə qoşalaşacaqdı. Kim bilir, o zərif çiçəklər bəlkə də bizdən çox şəhid məzarları üzərində göz yaşları axıdacaqdı…

Qərənfil-şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular –
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!


1990-cı il Azərbaycan poeziyasının ən hüznlü ili idi. Çünki xaincəsinə vurulan zərbələr hamını sarsıtmışdı, yara hələ isti idi. Hələ göylərimizdən, analarımızın, bacılarımızın qara yaylıqlarından, şəhərimizin üzərindən matəm buludları çəkilməmişdi. Bu matəm buludları, bu göz yaşları şeirimizdə də kədərli bir ovqat yaratmışdı. «Bakının yuxusu dağılmışdı küçələrə, Od ələnirdi işıq gələn pəncərələrə Göydən ölüm yağırdı yerə. O aylı gecədə Ah-vaylı gecədə için-için ağlayırdı Bakı» (Nüsrət Kəsəmənli), «Dağlar da, daşlar da ağlayır dil-dil, Bu dərdi çəkməklə qurtaran deyil» (Ofelya Babayeva), «Əl-ələ tutdular şəhid oğullar, Güllələr töküldü yolları üstə. Dayanıb tankların önündə onlar, Ölümü aldılar qolları üstə» (Aslan Kəmərli), «Göylər qara bağlayır, Bu torpağın ahına. Şeirimiz yas saxlayır, Şəhidlərin ruhuna» (Nisə Bəyim), «Yarımçıq yazılmış şeirlər öldü, Səhəri Şəhidlər xiyabanında ağlaya-ağlaya basdırdı millət Özünün ən gözəl şeirlərini» (Aydın Uluxanlı), «Bələyinə qan bələndi Bakının, Əynimizə qan köynəyi biçmişik Aman allah, bu nə dərddir, düşmüşük?!» (Qaçay Köçərli), «Dönüb milyon-milyon al qərənfilə, Vətən torpağında bitdi şəhidlər» (Nəsir Əhmədli) və s.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin «Şəhidlər» poeması 20 Yanvar mövzusunda yazılan əsərlərin ən kamili və bədii-sənətkarlıq baxımından ən mükəmməlidir.
Müəllif bu poemada «Gülüstan» poemasındakı vətənpərvərlik ideyasını daha parlaq şəkildə davam etdirir, bu faciənin yaranması səbəblərini təhlil edir, faciənin günahkarlarını ittiham edir. Poema lirik səpgidə başlasa da, tezliklə epik xətt də ona qoşulur. Ayrı-ayrı şəhidlər haqqında da (İlham-Fərizə, Larisa, Sürəyya Lətif qızı, Baba müəllim, Aleksandr Marxevka və s.) poetik oçerklər poemanın epik vüsətini artırır.

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

Zalım öyünməsin zülümləriylə,
Minbir böhtanıyla, minbir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpğın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.


İyirmi doqquz il nə tez gəlib keçdi. Elə bil dünən idi Bakının üzərini qara buludlar alan gün. Zəhmli tankların sürətlə şığıyaraq küçələri, meydanları, insanları şumladığı gün. Dünən idi elə bil Bakının qırmızı qərənfillərə qərq olduğu gun, Şəhidlər Xiyabanına gedən insan axını.
Biz bunları unutmamışıq… Çünki:

Sınar dağların beli, bu qədər ah götürməz,
Adi insan olan kəs belə günah götürməz,
Yerdə bəndə götürsə, göydə Allah götürməz,
Qəm yemə dəli könlüm, nahaq qan yerdə qalmaz.
(Z.Yaqub)

20 Yanvardan sonra xalqımız çox-çox müsibətlərlə üzləşdi. Ancaq 20 Yanvara biz təkcə qara gün kimi boylanmamalıyıq, bu gün Azadlığa, Müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə, xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.
Beləcə 20 Yanvar – qanlı şənbə bizimlə yol gedir. Ruhumuzda, mənəvi dünyamızda, şeirmizdə... Düşmənimizi tanımaq, özümüzü dərk etmək, müstəqilliyimizi qorumaq üçün. Şəhidliyimizi Qəhrəmanlıq kimi anlamaq üçün

Zillət ilə ləzzəti olmaz həyatın, dustilər,
Nəğdi-can sərf eyləyib dünyadan kam almaq gərək.
Əcz ilə dönmək ədudən səhlidir, himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!

(M.Füzuli)


Vaqif YUSİFLİ
banner

Oxşar Xəbərlər