• cümə axşamı, 25 aprel, 04:54
  • Baku Bakı 19°C

Şəhidlik elə bir zirvədir ki...

15.09.18 13:00 2352
Şəhidlik elə bir zirvədir ki...
Şəhid ucalığı bəxş elə, Allah...
Qoy Ana yurduma göylərdən baxım.
Şəhidlik zirvəsi bəxş elə, Allah
Dolu bulud olub torpağa yağım.
Üç il bundan öncə Dağlıq Qarabağda 20 ildən artıq bir müddətdə qaysaqlanmış bir yara yenidən açıldı, qisas qorxusuyla Azərbaycan əsgərinin qarşısındakı yolların hər qarışına mina döşəyən düşmən yenidən Vətən torpaqlarına hücum etməyə cəhd etdi. Elə həmin gün Azərbaycanın bir qaranlıq yaz gecəsinin sabahı igid oğulların Günəş kimi parlayan qəhrəmanlığının şəfəqləri ilə açıldı.
"Oğul düşmən çəpəridir”, – deyən bir atanın övladları düşmənə öz canlarıyla çəpər oldular. 1 aprel 2016-cı il gecəsi Azərbaycan əsgəri dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissiylə döyüşə atıldı. Qəhrəman Azərbaycan əsgəri öz şücaətini göstərdi, nəyə qadir olduğunu sübuta yetirdi. Ordumuzun qüdrəti qarşısında tab gətirməyən düşmən uzun illərdir möhkəmləndiyi səngərlərini, döyüş postlarını buraxıb qaçdı. Həmin döyüşlərdə yüzlərlə erməni silahlısı məhv edildi. Bu qısa müddətli döyüş zamanı əsgərlərimiz dillərə dastan olacaq qəhrəmanlıq göstərdilər, Qarabağın heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini sübuta yetirdilər. Düşmənə atılan hər mərminin səsi ön cəbhədəki yerli əhali tərəfindən sevinclə, alqışla qarşılandı. Hamının əli uca Yaradana qalxıb, Tanrıdan cəbhədə döyüşən vətən oğullarına kömək dilənirdi. Əks-hücuma keçən döyüşçülərimiz nəyin bahasına olursa-olsun kənd və qəsəbələrimizi təhdid altında saxlayan düşmən məntəqələrini ələ keçirməyi qərara aldı və bütün döyüş tapşırıqları dəqiqliklə yerinə yetirildi. Döyüş zamanı əsgər və zabitlərimiz böyük qəhrəmanlıq göstərərək qanları bahasına düşmənə ağır zərbələr vurdular. Aprel döyüşlərində şəhidlərimiz və yaralılarımız da oldu. Amma həmin gecə 90-cı illərdə Qarabağ döyüşlərində oğlunu şəhid verən anaların "bu gün şəhidlərimizin də qisası alınır, onların ruhu şad olur” deməsi ürəyinə oğul yarası düşən anaların qəlbinə su səpdi.
Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, Aprel savaşında qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Atəşkəsdən keçən əsrin dörddə biri qədər zaman kəsiyindən sonra cəmi dörd gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına onların anlayacaqları tərzdə başa saldı ki, bu xalq heç bir zaman işğala dözməyəcək, heç bir güc qarşısında boyun əyməyəcək, gec-tez ata-baba əmanəti olan torpaqları azad edəcəkdir.
Həmin dövrdə torpaqlarımızın azadlığı, dövlətimizin bütövlüyü, müstəqilliyi uğrunda düşmən qarşısında canlarını sipər edərək şəhidlik zirvəsinə ucalan əsgərimizin qəhrəmanlığı isə dillərə dastan oldu. Xalq öz qəlbində bu qəhrəmanlara möhtəşəm bir abidə ucaltdı, onların hər biri ölməzlik, əbədiyyət qazandı. Bu döyüşlərdə Naxçıvan torpağı da iki şəhid verdi. Mayor Rasim Məmmədov və leytenant Qabil Oruc­əliyev Aprel döyüşlərində şücaət və rəşadət nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəldilər. Bəli, qədim Naxçıvanın igid övladları ana Vətənin hər qarışının onlar üçün əziz və müqəddəs olduğunu bir daha sübuta yetirdilər.
Şəhid ucalığı bəxş elə, Allah!
Mən şəhid olsam da, Vətən yaşasın
Ruhuma əbədi həyat ver, Allah!
Gedənlərdən oldum, qalan yaşasın!
... Naxçıvan şəhərinin İslam Səfərli küçəsindəki bir ünvanda, Aprel döyüşlərində mərdliklə vuruşan və şəhidlik məqamına yüksələn Qabil Orucəliyevin ata ocağında onun üç yaşlı körpəsi böyüyür. O, dünyaya gələndən üç gün sonra atası şəhid olub, onun dünyaya gəlməsi xəbərini də atası elə cəbhədə olarkən alıb, bu müjdəli xəbəri dostları ilə paylaşıb. Ancaq qəddar düşmənin törətdiyi bu münaqişə üzündən körpəsinin səsini eşidə bilməyən bir çox atalar kimi, övladını qucağına almaq ona da nəsib olmayıb. Bu gün onun məzarı üzərinə gələnlər arasında ailəsi və bu torpaq üzərində kövrək addımlar atan, qan-qadanın, müharibənin nə demək olduğunu dərk edə bilməyən balaca, üç yaşlı Qabil də var. Bəlkə də illər keçəcək, bu münaqişə də müxtəlif yollarla həllini tapacaq, Qabil də böyüyüb sülh şəraitində öz xidməti borcunu yerinə yetirəcək. Ancaq gənc Qabil və yüzlərlə eyni taleli gəncimiz müharibənin dəhşətlərini unuda bilməyəcək. Beləcə yaxın, qanlı və şanlı tariximiz təkcə film və kitablarda deyil, həm də yaddaşlarda yaşayacaq.
Şəhid ucalığı bəxş elə, Allah!
Ruhumla balama toxuna bilim!
Qüdrət qələminlə elə yaz, Allah
Bəsirət gözüylə oxuna bilim!
... Qabil Orucəliyev 1991-ci ildə anadan olub, Naxçıvan şəhərində 1 nömrəli tam orta məktəbi bitirib. Atasını erkən yaşlarında itirən, iki bacı və bir qardaşının sevimlisi olan Qabil 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub, 3 il sonra bu təhsil ocağını əla qiymətlərlə başa vurub. Sonra ulu öndərimizin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini başa vurub. Leytenant rütbəsi alan qəhrəman döyüş bölgəsindəki hərbi hissələrdən birində motoatıcı bölüyün tağım komandiri vəzifəsində hərbi xidmətini davam etdirib. Şəhidlik məqamına ucaldığı zaman Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən məntəqədə olub. Bu məntəqəyə Milli Qəhrəman Mübariz İbrahimovun şərəfinə "Qisas postu” adı verilmişdi. Məhz bu postdan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşmən üzərinə yürüşü başlatmış, bu postu bütün Azərbaycanda, hətta düşmən ölkədə tanıtmışdı. Qabil üçün də başlanan bir yol var idi və o, özü də bilirdi ki, nə zamansa çıxdığı bu yol onu şəhidlik zirvəsinə ucaldacaq.
... Hadisə şahidlərinin dediyinə görə, düşmənə qarşı əks-hücumda Qabil və onun yoldaşları "Qisas postu”ndan 15-16 kilometr məsafədə düşmənin dərinliyinədək irəliləyiblər. Erməni postunu tutduqdan və oradakı erməniləri zərərsizləşdirdikdən sonra o, irəlidə olan postu da ermənilərdən təmizləmək üçün yoldaşları ilə məsləhətləşib. Bundan sonra Qabil hücum istiqamətlərini müəyyən edib və döyüş yoldaşları ilə birgə irəli gedib. Döyüş yoldaşlarının dediyinə görə, Qabil və yoldaşları Madagiz kəndində mühasirəyə düşüblər, ancaq uzaq məsafədə olduqlarından onlara kömək gələndə gec olub. Qabil və 2 yoldaşı – Cavid Dədəkişiyev və Adil Adilzadə son güllələrinədək düşmənlə vuruşub və qəhrəmancasına şəhid olublar. Döyüş zamanı Qabil və yoldaşları çox sayda düşmən zabit və əsgərini zərərsizləşdiriblər. Döyüş zamanı göstərdiyi qəhrəmanlığa görə Qabil Orucəliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 aprel 2016-cı il tarixli əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif edilib. Şəhidin ailəsi şəhid ailələrinə böyük qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən hər cür şəraitə malik yeni mənzillə təmin olunub.
Bəli, Qabil və onun kimi oğulların igidliyi onlardan sonra gələnlər üçün bir örnək, ölkəmizin hər bir gənci üçün qürur, fəxarət simvoluna çevrildi. Çünki Qabil Orucəliyev Azərbaycan Silahlı Qüvvələrinin zabiti idi. Sonadək də bu zabit adına sadiq qaldı və əsl zabit kimi şəhadətə qovuşdu. O, atası vəfat edəndə, uşaq olmasına baxmayaraq, ailənin yükünü öz çiyinlərinə götürmüşdü. Halal zəhmətiylə qazandığı ruzisiylə ailəsinin qayğısını çəkir, atasının ölümündən iki ay sonra dünyaya gələn qardaşı İsaya atalıq edirdi. Qabil iki bacısına el adətiylə toy edib, gəlin köçürdü. O hər zaman anasına, əmisinə, nənəsinə, özündən böyük qohumlara itaətdə çox diqqətli idi. Qabil çox imanlı, təqvalı, mədəniyyətli, əxlaqlı, qohumcanlı, mərd, vətənpərvər olmaqla, həm də dözümlü, səbrli, çətinlikdən qorxmayan bir insanıydı. İslam dininə görə, elə təkcə bu sadaladığım yüksək keyfiyyətlər Qabilin Allahın əziz qullarından olmasına kifayət edir. Şəhidlik haqda hədislərdən birində deyilir ki, "Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər”.
Qabil döyüş bölgəsində xidmət edirdi. Buna baxmayaraq, heç zaman çətinlik çəkdiyini dilinə gətirmirdi. Hətta ön cəbhədə xidmət etməsindən fəxrlə danışırdı. Onun şəhid olması bizi həm qürurlandırdı, həm də çox kədərləndirdi. Qürurlandıq ona görə ki, Qabil vətənini, torpağını qoruyarkən igidliklə, qəhrəmanlıqla, mərdliklə şəhid oldu, düşmənin qabağından qaçmadı. Kədərləndik ona görə ki, Qabil gənc idi, yeni ailə qurmuşdu, ailə başçısı idi, özündən kiçik 11 yaşında qardaşı və yeni doğulmuş övladı var idi. Anası, həyat yoldaşı, qardaşı və oğlu Qabilsiz, ailə başçısız qaldı. Mən onun yas mərasimində iştirak edərkən o qədər insanın onun haqqında danışdıqlarını eşitdikcə, həqiqi mənada fəxr etdim ki, Qabilin nə qədər çox sevəni, dostu, əxlaqını, vətənpərvərliyini, igidliyini bəyənən insanlar var. Qabil o qədər vətənini, torpağını sevən insan idi ki, üç gün əvvəl ilk övladının doğulmasını və getdiyi yoldan sağ dönməyəcəyini bilə-bilə düşmənin üstünə getdi, övladının üzünü görmədən şəhid oldu.
Qabilin dəfnində yüzlərlə insanın evdən qəbiristanlığa kimi Allahın müqəddəs adlarını zikr edə-edə yürüş etməsi, Qabilin müəllimlərinin onun qəbri üstə qürurla nitq söyləmələri şəhidin necə olduğundan xəbər verdi. Allah elə bil ki, şəhid olacaq şəxsə əvvəlcədən nur verir, sonra özünə qonaq edir. Qabilin də üzü çox nurluydu. Görün, Allah şəhidə nə qədər dəyər verib ki, şəhidlər ölümüylə qəlblərdə dirilir, ölməzliyə yüksəlir. Şəhidlik haqdakı hədislərdə deyilir ki, "cənnətə ilk girən şəxs şəhid olacaq” və "cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər”.
Şəhid məzarları - and yerlərimiz
... Bu gün hər bir gəncimiz üçün şəhid məzarları and yerinə çevrilib. Gənclərimiz hərbi xidmətə yollanmazdan öncə bu məzarlar üzərində dualar oxuyub, müqəddəs Vətən torpaqlarının hər qarışını qorumaq üçün and içirlər. Qabil Orucəliyevin də döyüş yolu hər bir Azərbaycan gənci üçün örnəkdir. Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən, bununla fəxr edən gənclərimiz var. Qabil Orucəliyev kimi qəhrəmanlar yetirən xalq heç zaman məğlub ola bilməz. Bu gənclərin qəhrəmanlığı xalqımızın həyatında, yeni nəslin düşüncə tərzində yaranan mühüm hadisədir. Bu gün şəhidin ocağını ziyarət edən gənclər bu ocağa müqəddəs ziyarətgah kimi baxır, Qabilin məzarı önündə müqəddəs torpaqlarımızı azad etməyə hazır olduqlarına and içirlər. Sabah həmin gəncləri məğlubedilməzlik ruhu ilə səngərlərdə görəcəyimizə əminik. Bu ruhu, bu Vətən məhəbbətini, Vətən üçün ölməyə hazır olmaq şövqünü yaradan Qabil kimi qəhrəman övladlarımıza ulu Tanrı­dan rəhmət diləyirik!
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Əpoş Vəliyev
"Şərq qapısı” qəzetinin müxbiri
Ramiyyə Əkbərova
banner

Oxşar Xəbərlər