AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şəhidlər hər birimizin əzizi və qürurudur

Şəhidlər hər birimizin əzizi və qürurudur

Cəmiyyət
07 Aprel 2016, 09:43 2007
Azərbaycan ərazisinin 20 faizini zəbt edərək 20 ildən artıq müddətdə işğal altında saxlayan Ermənistan silahlı qüvvələri mart ayının 31-i gecədən aprel ayının 5-ə qədər cəbhə xəttində atəşkəsi pozmaqla, müxtəlif təxribatlar törətməklə, hətta yaşayış məntəqələrimizi hədəf seçməklə böyük gərginlik yaşadıb. Cəbhə xəttində təxminən 5 gün davam edən şiddətli döyüş nəticəsində düşmənin 200-ə yaxın canlı qüvvəsi, onlarla hərbi texnikası, artilleriya qurğusu məhv edilib, yüzlərlə erməni əsgəri yaralanıb, hətta əsir düşənlər də olub. Təbii ki, bu döyüşlərdə Azərbaycan tərəfi də itki verib. Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısı alınarkən Azərbaycan ordusunun 31 nəfər hərbçisi şəhid olub, bir neçə hərbi qulluqçumuz yaralanıb, bir helikopterimiz, bir neçə tankımız vurulub. Həlak olanlar və yaralananlar arasında düşmən mərmisinə tuş gələn dinc sakinlər də olublar. Həmin günlər ərzində bütövlükdə ölkə ictimaiyyəti, cəmiyyətimiz qələbə üçün səfərbər oldu. Hətta şəhid xəbərləri gələndə, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər qəhrəmanlıqla vuruşaraq həlak olan hərbçilərimizin Naxçıvanda, Sumqayıtda, Bakıda, Şəkidə, Biləsuvarda, Zaqatalada, Füzulidə keçirilən dəfn mərasimlərində “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər”, “Vətən, sənə canım fəda” və sair kimi vətənpərvər şüarlar səsləndirildi. Şəhidləri son mənzilə yola salan vətəndaşlarımız ordumuza dəstək oldular, vəhdət halında düşmənə nifrətlərini ifadə etdilər.

Lakin təəssüflər olsun ki, bu sınaqdan, həmrəylik, birlik-bərabərlik, vətənpərvərlik testindən uğurla çıxmayanlar da oldu. Ötən 5 gün ərzində cəbhədə şiddətli döyüşlər gedəndə, insanlar cəbhə xəbərlərini böyük həyəcan və narahatlıqla izləyəndə, şəhidləri göz yaşı və qürur hissi ilə torpağa tapşıranda öz şəxsi maraqlarını Vətən, millət, xalq maraqlarından üstün tutanlar da oldu. Xalqın ağır günlərində təmtəraqlı, musiqi sədaları altında şadyanalıq, toy mərasimləri keçirən restoranlar, şadlıq saraylarına rast gəldik. Əlbəttə biz heç kəsin şəxsi işinə, xüsusən də şəxsi biznesinə müdaxilə etmək niyyətində deyilik. Biznes varsa, təbii ki, bu, pul qazanmaq üçündür. Ancaq pul qazanmağın da bir əndazəsi olmalıdır. Ola bilsin ki, toy mərasimləri şadlıq sarayı və restoranlara hələ cəbhə xəttində gərginlik yaşanmazdan çox-çox əvvəllər sifariş verilib, toy sahibləri də qabaqcadan dəvətnamələr paylayıblar. Bunu da nəzərə alarıq. Başa düşürük ki, belə olan halda toy mərasiminin təxirə salınması bir qədər çətinləşir. Ancaq bu halda heç olmasa təmtəraqdan qaçmaq, səsgücləndiricilərdən istifadə etməmək olardı. Yola saldığımız həssas məqamda yaxşı ki, bu vacib məsələni nəzərə alanlar da rast gəldik.

Təəssüf ki, hər kəs, o cümlədən bizlər də həmin günlər bəzi hallarda bunların əksini müşahidə etdik. Bəzi restoran və toy sahibləri cəbhədə baş verənlərə, şəhid xəbərlərinə, hüzr mərasimlərinə açıq-aşkar sayğısızlıq nümayiş etdirdilər. Görəsən restoran və şadlıq sarayı sahibləri biznes obyektlərindən ucalan musiqi sədalarının həyəcanla cəbhədən xəbər gözləyən, atəş altında Vətən torpaqlarını qoruyan yaxınlarına görə narahatlıq keçirən sadə vətəndaşlara bu vəziyyətin necə pis təsir etdiyinin fərqindədirlərmi? Təəssüflə qeyd etməliyik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərdə biz bunları müşahidə etmədik. Əksinə, paytaxt Bakıdakı bir sıra restoran və şadlıq saraylarında ötən 5 gün ərzində təmtəraqlı, çal-çağırlı toyları hər kəs müşahidə etdi.

Yazını hazırlayarkən, hər kəs tərəfindən tənqidlə qarşılanan belə hallar barədə şəhərimizdəki bir sıra şadlıq sarayı təmsilçilərinin fikirlərini də öyrənməyi özümüzə borc bildik. Obyekt təmsilçilərinə “Aprelin 1-dən 5-ə qədər olan müddət ərzində sizin şadlıq sarayınızda toy mərasimi edən oldumu?”, “Həmin vaxt toyu olanlardan kimsə şəhidlərin ruhuna hörmət niyyəti ilə mərasimi təxirə salmaq üçün sizə müraciət etdimi?”, “Sizin özünüz toy sahiblərinə belə bir müraciət etdinizmi?”, “Gələcəkdə bununla bağlı toy sahiblərinə hər hansı təklifləriniz ola bilərmi?” kimi suallarla müraciət etdik.

“Təbrik” şadlıq sarayının administratoru Bahadur adlı şəxs suallarımızı dinlədikdən sonra işdə olmadığını, bir həftədir xəstələndiyini və yataqda yatdığını, 10-12 gündür işdən uzaqlaşdığını bildirdi. Şadlıq sarayının (012) 370-50-53 telefon nömrəsinə zəng vurub suallarımıza cavab tapmaq istəyərkən, mühafizəçinin bizi təkrar Bahadur adlı administratorun üstünə yönəltməsindən sonra vəziyyət tam çılpaqlığı ilə aydın oldu. Administratorun deməyə sözünün olmadığı, ona görə də suallarımızı cavablandırmaq istəmədiyi üzə çıxdı. Necə cavablandıra bilərdi ki? Dünən axşam burada səsləndirilən “Şalaxo”nun səsi şadlıq evinin divarlarını dağıdırdı.

“Sonalar sonası” şadlıq sarayının baş administratoru Elşad Dünyamalıyev aprel ayının 7-ə qədər toy sifarişi almadıqlarını etiraf etdi. Bildirdi ki, əgər həmin günlərə təsadüf edən toy sifarişi olsaydı, toy sahibləri ilə danışıb başqa bir günə ertələmək üçün addımlar atılardı: “Biz də bu ölkənin vətəndaşı, bu millətin övladıyıq. İstəmərik ki, həmin gün toy olsun. Toy olsa belə, toy sahibi ilə danışıb müəyyən razılığa gəlməyə çalışardıq ki, millətin halına biz də yana bilək. Görünür, Allahın qisməti idi ki, həmin günlərdə toy olmadı”.
“Xan bağı” şadlıq sarayının baş administratoru Əlibala Əhmədov maliyyə böhranı ilə əlaqədar olaraq toy edənlərin sayının kəskin azaldığını, aprel ayının ilk günlərində də toy sifarişi almadıqlarını bildirdi. O, apreldə qəbul etdikləri ilk toy sifarişinin ayın 9-a təsadüf etdiyini söylədi: “Adətən vətəndaşlar toy danışıqlarına 1-2 ay əvvəlcədən gəlirlər. Lakin dediyiniz tarixlərdə toy edənlər olmadı. Düzdür, danışıqlarına gələn, şadlıq sarayı ilə maraqlananlar var idi. Amma həmin günlərdə bizdə toy olmadı. Bu ay ilk toyumuz aprelin 9-da olacaq. Əgər toy sifarişi həmin tarixlərdə olsaydı, bunun ertələnməsi, başqa tarixə keçirilməsi üçün biz nə isə edə bilməzdik. Belə bir niyyətlə toy yiyəsi çıxış edə, təklif edə bilərdi. Digər tərəfdən, cəbhədə döyüş gedən müddət rəsmi matəm günləri deyildi ki, biz də matəm saxlayaq. 20 Yanvar, Xocalı və mart soyqırımı günləri təbii olaraq biz də matəm kimi qeyd edir, həmin tarixə toy sifarişi qəbul etmirik. Amma bir neçə gün bundan öncə baş verənlər, xüsusən də ordumuzun hücuma keçərək bir neçə yaşayış məntəqəsini düşməndən təmizləməsi qələbə günüdür, şərəfli gündür. Belə gündə daha çox sevinmək gərəkdir”.

“Xəmsə” şadlıq sarayının administratoru Bəxtiyar Fətullayev aprelin 1-dən 5-ə qədər olan tarixlərdə çoxdan yazılmış toyların olduğunu və baş tutduğunu dedi. Onun sözlərinə görə, həmin günlərdə toy sahiblərindən heç kim gəlib təklif etməyib ki, cəbhədə vəziyyət gərginləşdiyindən toyu təxirə salır, yaxud başqa vaxta keçirir: “Amma əvvəlcədən verilmiş iştirakçı sayında azalmalar oldu. Cəbhə xəttinə yaxın yerlərdə yaşayan qonaqlar toya gəlməyəcəkləri üçün toy yiyələri say hesabında azalmalar etdirdilər. Toylar baş tutdu və hər birində bizim ordumuzun əldə etdiyi nailiyyətlər də qeyd olundu, şəhidlərə rəhmət, əsgərlərimizə qüvvət, can sağlığı arzulandı. Bizim özümüzün toy yiyəsinə hər hansı təklif etməyimizə gəlincə, Azərbaycanda həmin vaxt hamıda ruh yüksəkliyi var idi, insanlar qələbə sevincli idi, ruh yüksəkliyi var idi. Uşaqdan böyüyə hər kəs mübariz ruhda cəbhədə erməniyə qarşı vuruşmaq istəyini bildirirdi. Amma əvvəlcədən məlum olan rəsmi matəm və işğal günlərinə biz ümumiyyətlə toy sifarişi qəbul etmirik, toy sifarişçilərinə də bunu xatırladırıq”.

“Cıdır düzü” şadlıq sarayının administratoru Taleh Həşimov aprelin 1-dən 5-ə qədər toy sifarişi almadıqlarını diqqətə çatdırdı. Dedi ki, əgər qeyd edilən tarixdə toy sifarişi olsaydı, mütləq toy sahibi ilə danışıb hansısa razılıq əldə etmək, bununla şəhidlərə sayğı nümayiş etdirmək olardı: “Əgər toy sahibi razılaşmazdısa ümumiyyətlə toy təxirə salınardı. Gedib harda istəyir toy etsin”.

“Şuşa” şadlıq sarayının baş administratoru Sahil Cabbarov qeyd olunan tarixlərdə obyektdəki bütün toy sifarişlərinin dayandırıldığını, toy sifarişi qəbul etmədiklərini söylədi. O, bu addımın qarşılıqlı olaraq həm şadlıq sarayı rəhbərliyi, həm də toy sahibləri tərəfindən atıldığını vurğuladı: “Tələbəlik illərində Azərbaycanın azadlığı uğrunda meydan hərəkatlarında yaxından iştirak edən, Vətən torpaqlarının azadlığını istəyən bir adam olmuşam. Sözsüz ki, cəbhə xəttində baş verənlərə də biganə qala bilməzdim”.

“Yeganə” şadlıq sarayının administratoru Qulu Rüstəmov isə bildirdi ki, yalnız aprelin 2-də 2 ay əvvəlcədən sifariş verilmiş toy mərasimi keçiriblər. Onun sözlərinə görə, toy sahibləri qeyd olunan tarixdə şadlıq sarayına gələrək, cəbhədəki vəziyyətlə bağlı narahatlıqlarını ifadə etdilər, dəvətnamələrin paylandığını əsas gətirib mərasimlərini keçiriblər. Administrator onu da əlavə etdi ki, belə məsələlərdə toy yiyəsi daha çox həssas olmalıdır. Onun fikrincə, əgər toy yiyəsi bir addım atsa, şadlıq sarayı da bu istiqamətdə iki addım atar.

“Xudafərin”, “Xarı bülbül” şadlıq saraylarının baş administratorları aprelin 1-dən 5-ə qədər olan tarixlərdə toy sifarişi qəbul etmədiklərini bildirdilər. Aprelin 2-də toy mərasimi keçirilən “Su sonası”, eləcə də “Ülvi” şadlıq saraylarının administratorları ilə əlaqə saxlayıb onların da mövzu ilə bağlı fikirlərini öyrənmək cəhdlərimiz isə alınmadı.

Sorğumuzda iştirak edən, yaxud sorğudan yayınanların münasibətindən də aydın olduğu kimi, sahibkarlar, şadlıq sarayı və restoran sahibləri arasında həqiqi vətənpərvərlər, xalqının, millətinin ağır gününə yanıb onun şəhidinə hörmətlə yanaşanlar da var, yanaşmayanlar da. Əsl vətənpərvərliyin ölçüsü həm də qədir-urvat və minnətdarlıq hissini itirməməkdir. Biz xalqımızın yumruq kimi birlik nümayiş etdirdiyi vaxtda belə halları daha aydın müşahidə etdik. O şəhidlər hər birimizin övladı hər birimizin əzizidir. “Xeyirlə-şər qardaşdır” deyib aşmaq olmaz. Unutmayaq ki, yaşadığımız qələbə sevincinin, şadyanalığın, qürurumuzun müəllifi arzularını, gələcəyini, bizlərə qurban verən müqəddəs şəhidlərimizdən söhbət gedir...

Rufik İSMAYILOV