AZE | RUS | ENG |

Şəhid aviatorlarımızın “sonbeşiyi”

Şəhid aviatorlarımızın “sonbeşiyi”
O, şəhid olanda cəmi 19 yaşı vardı, bu gün isə 40 yaşı tamam olur…


Cavanşir Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunun Qaşqaçay kəndində, İzzət kişinin ailəsində, 1973-cü ilin 5 iyun günündə dünyaya göz açmışdı. Lakin bir yaşının tamamında valideynləri Bakıya köçdüyündən o, da dönüb “bakılı” olmuşdu. Uşaqlıq və ilk gənclik illərini Suraxanı rayonunun Qaraçuxur (indiki Bakıxanov) qəsəbəsində keçirmişdi. Buradakı 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənərək, idman ustası normativini yerinə yetirmişdi… 1992-ci ildə Cavanşir Rəhimov hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir bort-atıcı peşəsinə yiyələnir. Bu o zaman idi ki, Qarabağ uğrunda erməni təcavüzkarları ilə şiddətli döyüşlər gedirdi. Gənc atıcı-aviator komandanlığa müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirir. Onu baş leytenant Ruslan Polovinkonun komandir olduğu «Mi-24» hərbi vertolyotuna bort-atıcı təyin edirlər… 1992-ci ilin fevralın 19-da ilk dəfə olaraq, Azərbaycana məxsus «Mi-24» tipli döyüş vertolyotları Qarabağın Qaraqala kəndi üzərində görünərək, erməni mövqelərinə zərbə endirdilər. Bu vertolyotlar qənimət olaraq ələ keçirilmişdi. Həmin ilin əvvəllərində Azərbaycan aviatorları Sanqaçal aerodromunda keçmiş sovet ordusuna məxsus olan iki eskadrilyanı silah gücünə ələ keçirmiş, «Mi-24» tipli 14, «Mi-8» tipli 9 hərbi vertolyotu Zabrat aeroportuna gətirmişdilər. Əldə edilmiş döyüş maşınları dərhal mənimsənilərək, Qarabağ uğrunda vuruşan həmvətənlərimizin köməyinə göndərilmişdi... Erməni işğalçılarına qarşı vuruşan ilk döyüş vertolyotlarını əsasən müqavilə yolu ilə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən keçmiş sovet pilotları idarə edirdilər. Onlardan biri də baş leytenant Ruslan Polovinko idi. Azərbaycana qarşı edilən ədalətsizliklə barışmayan Ruslan kimiləri hərbi texnikanı düşmən mövqelərinə məharətlə yönəltməklə yanaşı, həm də döyüş maşınlarının sirlərini azərbaycanlı gənclərə öyrədirdilər. On doqquz yaşlı bort-atıcı Cavanşir Rəhimov da məhz Ruslanın idarə etdiyi «Mi-24» hərbi vertolyotunda erməni mövqelərinə od ələyirdi... 1992-ci ilin mart ayı idi. Rusiyaya məxsus olan «Mi-26» hərbi-nəqliyyat vertolyotu növbəti dəfə erməni yaraqlılarının cəmləşdiyi Polistan kəndinə ərzaq və sursat aparırdı. Onu «Mi-24» döyüş vertolyotu müşayiət edirdi. Lakin erməni muzdluları məqsədlərinə çatmadılar. Onlar qəflətən Azərbaycan şahinlərinin hücumuna məruz qaldılar. Birinci həmlə baş tutmadı. İkinci həmlədə isə buraxılan raket «Mi-26»-nı Seyidlər kəndinin üzərində haqladı. İşğalçılara qulluq edən vertolyot yanaraq, kənd yaxınlığında yerə səpələndi. Düşmənə müxtəlif səmtdən hücum edən şahinlərimiz arasında Ruslanın və Cavanşirin «Mi-24»-ü də var idi... Hava şahinlərimiz erməni silahlılarının mövqelərinə sarsıdıcı zərbələr vururdular. Vertolyot uçuşları üçün o qədər də əlverişli olmayan Dağlıq Qarabağ səmasında ustalıqla manevr edən Azərbaycan aviatorları qəfləti hücumlar edərək, düşmənin atəş nöqtələrini sıradan çıxarırdılar. Bizimkilərin döyüş peşəkarlığını hətta ermənipərəst ekspertlər də tərifləyirdilər. Rusiyanın sahə qəzetlərindən biri yazırdı: «Azərbaycan aviatorları düşmənin atəş nöqtələrinə və zirehli texnikasına qarşı kifayət qədər ustalıq nümayiş etdirirdilər”. Erməni işğalçılarının başına od ələyən cəsur şahinlərdən biri də pilot Ruslan Polovinkonun və atıcı Cavanşir Rəhimovun idarə etdikləri «Mi-24» döyüş maşını idi. Onlar dəfələrlə təhlükəli uçuşlar etmiş, erməni silahlılarını ağır itkilərə məruz qoymuşdular. Lakin 1992-ci ilin 6 avqust günü Cavanşir və onun ekipaj yoldaşları üçün son oldu... Kasapet yüksəkliyindəki döyüşçülərimizi xilas etmək üçün havaya qalxan şahinlər üç dəfə uçuş etdilər. Ermənilərin buradakı bölüyü məhv edildi. Dördüncü uçuş zamanı Cavanşir yaralı idi. Dostlarının təkidinə baxmayaraq o, uçuşa hazır olduğunu bildirdi. Yenidən havaya qalxan «Mi-24» Kasapet istiqamətində güclü raket atəşinə tutuldu. Vertolyot alova bürünsə də yerə enə bildi. Lakin artıq gec idi. Bort-atıcı Cavanşir Rəhimov artıq dünyasını dəyişmişdi... Şəhid aviatorlarımızın “sonbeşiyi” olan (Zabrat aviadəstəsinin ən gənc nümayəndəsi idi) 19 yaşlı Cavanşirin “gözaltısı” olsa da bu dünyadan subay ayrıldı. Odur ki, övlad nişanəsi qalmadı. Lakin özündən sonra dünyaya sığası ad qoyub getdi. Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Cavanşir İzzət oğlu Rəhimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Suraxanı rayonundakı 146 saylı məktəbə onun adı verildi. İndi Cavanşir Rəhimovun görüşünə getmək istəyənlər onu Bakının Şəhidlər Xiyabanında “tapa bilərlər”. Yusif Kərimov, əməkdar jurnalist

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805