AZE | RUS | ENG |

Şəhid ailələrinə dövlət qayğısının növbəti ifadəsi - Fotolar

Şəhid ailələrinə dövlət qayğısının növbəti ifadəsi - Fotolar
Prezident İlham Əliyevin səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktı bu cür dəyərləndirilir

Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb. Müxtəlif vaxtlarda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. 1997-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb. Dünən isə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə veriləcək. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrini icra edən Səlim Müslümov bu fərmandan irəli gələn məsələlərlə bağlı ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, ilkin informasiyaya əsasən, bu fərman 8800 şəxsin ailəsinə şamil olunacaq. Beləliklə də bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait ödəniləcək.
 
 

Qeyd edək ki, Azərbaycan Prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı bu qanunvericilik aktı dövlət başçısı İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Hər kəsə bəllidir ki, indiyə qədər də Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib.
 
 
 
Bu fərman isə Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş "Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Prezident İlham Əliyev bununla bir daha təsdiq edib ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daim gücləndiriləcək. Bundan sonra da Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edəcək.
 
 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü deputatı Musa Quliyev də hesab edir ki, sözügedən fərman ölkə başçısının şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir. Onun sözlərinə görə, uzun müddət idi ki, bu məsələ gündəmdə idi: "Həm Nazirlər Kabineti, həm Milli Məclis bu məsələnin həlli yollarını axtarırdı. Ancaq cənab Prezident fərman verərək öz fondundan bu vəsaiti ayırmaqla məsələni köklü sürətdə həll etdi və dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi. Bu fərman böyük bir addımdır və sənəddə göstərilən maddələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları qısa müddət ərzində hüquqi məsələləri həll edəcəklər, hər bir şəhid ailəsi ona çatan dövlət yardımını alacaq. Əslində bu, cənab Prezidentin o ailələrə birbaşa öz fondundan verdiyi yardımdır və yüksək qiymətləndirilməlidir”.
 
 

M.Quliyev əlavə edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb: "Əlbəttə, bu mühüm sənəd həm sosial müdafiə, həm də vətənpərvərlik tərbiyəsi ilə bağlıdır. Hərbi qulluqda xidmət edən, döyüşəcək insanlara, onların ailələrinə böyük stimuldur. Bir məsələyə diqqətinizi çəkmək istərdim ki, bu, cənab prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu, cənab prezidentin humanist xarakterindən, Azərbaycan dövlətinin humanist siyasətindən xəbər verən fərmandır”.
 
 

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanda hərbi sahədə həyata keçirilən islahatların, müasir hərbi infrastruktur, eləcə də hərbi kadr potensialının yüksəldilməsi sahəsində görülən işlərin göz önündə olduğunu xatırladıb. Onun sözlərinə görə, bunların əyanı sübutu 2016-cı ilin aprel döyüşlərində ordumuzun parlaq zəfəridir: "Regionun ən güclü ordusu olan Azərbaycan ordusu peşəkar kadrlara və müasir silahlara malik olması ilə seçilir. Əminliklə deyə bilərik ki, respublikamızda ordu quruculuğu yüksələn xətlə həyata keçirilir. Artıq bir sıra dövlətlər Azərbaycanın ordu quruculuğu sahəsindəki təcrübəsindən silahlı qüvvələrinin formalaşdırılmasında istifadə edirlər. Digər tərəfdən, hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və başqa istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Ümumiyyətlə, hərbi sahə ilə bağlı məsələlərin kompleks həlli Azərbaycanda müntəzəm surətdə uğurla aparılan dövlət siyasətidir. Bu istiqamətdə həm qanunvericilik, həm icra orqanları tərəfindən mühüm işlər görülür. Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması qürur doğuran hadisədir. Prezidentin fərmanı da bu kontekstdə qiymətləndirilməlidir. Prezident İlham Əliyev bununla Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Bu fərman Ali Baş Komandanın Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarını qurban vermiş hərbçilərimizin vərəsələrinə diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həmçinin sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır”.

Alpər TURAN
 
 
 
 
 
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000