• şənbə, 20 Aprel, 01:31
  • Baku Bakı 15°C

Şəhid ailələrinə böyük qayğı - Fotolar

16.11.18 18:55 1261
Şəhid ailələrinə böyük qayğı - Fotolar
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq, hərbi sahəyə ayrılan xərclər son illər ərzində əhəmiyyətli dərəcədə artırılıb. Bu, ölkəmizin müdafiə potensialının güclənməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir.

Sözügedən siyasətin tərkib hissəsi olaraq, dövlət başçısı İlham Əliyev cari ilin 19 aprel tarixində "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Həmin sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Şübhəsiz ki, bu Fərman Azərbaycan Prezidentinin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Xatırladaq ki, hələ Prezident seçkiləri ərəfəsində İlham Əliyev uzun illərdir gündəlikdə duran bu məsələnin həll olunacağını vəd etmişdi. O, bu vədinə sadiq qalaraq sözügedən fərmanı imzalayıb. Bu, Azərbaycan Prezidentinin hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.

Qeyd edək ki, 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri açıq qalıb. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir.

Onu da əlavə etmək yerinə düşər ki, artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparır. Sənədləşmə proseduru tam başa çatdıqdan sonra vərəsələrə Fərmanda göstərilən məbləğdə birdəfəlik ödəmənin verilməsinə başlanılır. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçunun vərəsələrinə müvafiq vəsaitin verilməsi deyilənlərin əyani sübutudur.

Lakin çox təəssüflər olsun ki, bəzi şəxslər dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək üçün müxtəlif cəhdlər edirlər. Bu kateqoriyaya aid insanlar əsasən 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra artıq müvafiq ödəmələri almış, yaxud da bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslərdir. Onlar öz maraqlarını təmin etmək üçün əsassız fikirlər dilə gətirir, sosial və onlayn medianın, internetin azadlığından öz məqsədləri naminə istifadə etməyə, haqsız iddialarına haqlı don geyindirməyə, ictimai rəyi çaşdırmağa cəhdlər edirlər. Düzdür, aidiyyəti dövlət qurumlarının araşdırması zamanı konkret dəlillərə istinad edilməklə bu iddiaların əsassız olduğu tam çılpaqlığı ilə üzə çıxır.

Acınacaqlı hal həm də ondan ibarətdir ki, Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qruplar, ayrı-ayrı fərdlər bəhs etdiyimiz şəxslərin əsassız iddialarından sui-istifadə etməyə çalışırlar. Özünü guya Vətən, millət, xalq təəssübkeşi kimi göstərən, şəhidlərin – onların vərəsələrinin haqqını müdafiə edirmiş kimi davranan belə şəxslər də əsassız ittihamlar irəli sürməklə, özlərini "haqqın müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışırlar. Əslində isə bununla onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən, şəhidlik zirvəsinə ucalan qəhrəman oğul-qızlarımızın ruhuna sayğısızlıq nümayiş etdirir, öz merkantel maraqları naminə əsassız narazılıq yaradanlardan bəhrələnməyə çalışırlar. Əlbəttə ki, bu, yolverilməzdir!

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər