• çərşənbə, 24 Aprel, 07:33
  • Baku Bakı 13°C

Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzində

03.08.18 17:17 2981
Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlarımızın, həmçinin müharibə veteranlarının, əlillərin üzləşdiyi çətinliklər, onların sosial-məişət problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi ilə yadda qalıb. Ulu öndərin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev də qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin, şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşıb. O, Prezident seçildikdən sonra imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı olub.
Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan bütün lazımi tədbirlər mərhələlərlə həyata keçirilib və keçirilməkdədir. Ötən müddət ərzində bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub. Eyni zamanda, salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunub. Bundan başqa, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində də mühüm addımlar atılıb. Cari ilin əvvəlinə qədər 400 mindən çox qaçqın və məcburi köçkün işlə təmin olunub. Görülən bütün bu işlər nəticəsində ölkə ərazisindəki bütün çadır düşərgələri ləğv olunub, orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüb. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılıb. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirib, hətta bir çox hallarda Azərbaycanı bu sahədə nümunəvi dövlət adlandırıblar.
Azərbaycan prezidentinin ötən ilin fevralında imzaladığı sərəncamla birinci vitse-prezident təyin olunan Mehriban xanım Əliyeva da öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin problemlərini diqqət mərkəzində saxlayıb. Mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacibliyini dəfələrlə qeyd edən Mehriban Əliyevanın sədrliyi ilə ötən il martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Ötən il mayın 30-da birinci vitse-prezident Mehriban xanım Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməl qoyma mərasimində iştirak edib. Bundan başqa, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində ötən il iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva müharibə veteranlarına, şəhid ailələrinə də daim qayğı ilə yanaşıb. O, hələ 2016-cı ilin 7 aprelində şəhid anaları ilə görüşüb. Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna onun adından ehsan verilib. Azərbaycanın birinci xanımı Vətən uğrunda qəhrəmanlıqla həlak olan, şəhidlik zirvəsinə ucalan, həmçinin yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə söhbət edib, onlaın fikirlərini dinləyib, problemləri ilə maraqlanıb.
Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın birinci vitse-prezidentinin daim diqqət mərkəzində olub, onların bir sıra problemləri öz həllini tapıb. 2017-ci il aprelin 3-də isə Mehriban Əliyevanın iştirakı ilə "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub. Elə həmin il iyunun 22-də medianın ictimailəşdirdiyi bir məqam da Azərbaycan dövlətinin, eləcə də Mehriban xanımın şəhid ailələrinə qayğı ilə yanaşdığını bir daha sübut edib. Belə ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadə vaxtilə "Para” BOKT ASC-dən kredit götürüb. Sonradan şəhidin ailə üzvləri tərəfindən kredit ödənməyib, borc yaranıb. "Para” BOKT ASC də kredit borcuna görə məhkəməyə müraciət edib. Nəticədə şəhid ailəsi evini itirmək təhlükəsi ilə üzləşib. Bu məsələ mediada ictimailəşdirildikdən dərhal sonra Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışıb və bildirib ki, bütün şəhid ailələri, o cümlədən Xaliq Əzizzadənin ailəsi Mehriban Əliyevanın diqqətindədir. Bunun ardınca şəhid Xaliq Əzizzadənin banka olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
Cari il mayın 24-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışı olub. Bu kompleks ərazisində 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası məcburi köçkünlərin ixtiyarına verilib. Yaşayış kompleksində üçmərtəbəli məktəb binası, uşaq bağçası, həmçinin digər zəruri infrastruktur obyektləri də yaradılıb. Cari il avqustun 1-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub. "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan 35 mənzildən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si şəhid ailələrinə verilib. Çernobıl əlillərinə isə 136 avtomobilin açarı təqdim olunub. Təqdimatdan sonra Prezident İlham Əliyev əlil və şəhid ailələrinin üzvləri ilə görüşüb, onların fikirlərini dinləyib, dövlətin sosial sahədə həyata keçirdiyi tədbirlərdən söhbət açıb. Vurğulanıb ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Prezident İlham Əliyev bu ilin sonuna qədər daha 170 mənzil və fərdi evin müharibə əlillərinə və şəhid ailələrinə təqdim ediləcəyini söyləyib. Təqribən 4 minə yaxın insanın mənzil növbəsində olduğunu diqqətə çatdıran dövlət başçısı bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyini, əlavə vəsait ayıracağını bəyan edib. Qeyd olunub ki, beləliklə də ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Prezident deyib ki, hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar.
Bundan bir gün sonra - avqustun 2-də Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalanıb. Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılmasını nəzərdə tutub. Beləliklə, sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə, bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradıb. Prezident İlham Əliyevin qeyd edilən sərəncamı, həmçinin indiyə qədər bu istiqamətdə həyata keçirilən tədbirlər Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, ümumən ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər