«Səhərə qədər yatmayıb Kəmaləddin Heydərovun şəklini çəkmişəm»

«Səhərə qədər yatmayıb Kəmaləddin Heydərovun şəklini çəkmişəm»

Mədəniyyət
14 Dekabr 2012, 10:57 7656
Yaradıcı adamlar, xüsusilə də rəssamlar cəmiyyətdə çoxları tərəfindən həmişə qibtə ilə qarşılanıb. Biz də qərara gəldik ki, qibtə ilə qarşılanan bu yaradıcı adamların dolanışıqlarından, nəyi necə çəkdiklərindən, əsərlərini bazara necə çıxardıqlarından yazaq. Bunun üçün İnşaatçılar prospekti 28 ünvanında (keçmiş “Olimp”in binası) yerləşən «Rəssamlar evi”nə üz tutduq .
Qeyd edək ki, sözügedən bina Rəssamlar İttifaqının üzvlərinə yaradıcılıq emalatxanası kimi verilib. Düzdür, bəzi rəssamlar müxtəlif səbəblərdən emalatxanalarını icarəyə veriblər. Hazırda mağaza kimi fəaliyyət göstərən emalatxanalar da var. Amma rəssamların əksəriyyəti bu binalardakı mənzillərdən emalatxana kimi istifadə edirlər.

“Məhərrəm Əliyevin şəklini ad günündə özünə bağışlamışam”
Böyükxanım Dadaşova 20 ilə yaxındır ki, rəsm əsərlərini bu binadakı emalatxanasında yaradır. Kiçik olsa da, hər tərəfdən asılan rəsmlər, işlənməmiş kətanlar, fırçalar, rəngli boyalar otağa yaraşıq verir: “Ümumilikdə 50 ildən çoxdur ki, bu sənətlə məşğulam. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Texniki Universitetin memarlıq fakültəsini bitirmişəm. 1967-ci ildən Şirvanşahlar sarayında baş rəssam işləyirəm, eyni zamanda müstəqil rəssam kimi rəsmlər çəkirəm”.

B.Dadaşova daha çox portret janrına üstünlük verir. Niyəsini bilməsə də, hərbçilərin şəklini çəkməyi çox sevdiyini deyir. Rəssamın sözlərinə görə, emalatxanasında 200-dən çox hərbçi olub. Aralarında məşhur olanı da, olmayanı da var. NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, ordu generalı Oktar Atamanın da yolu bu kiçicik emalatxanadan düşüb. B.Dadaşova 2-3 günə generalla xanımının şəklini işləyib özlərinə verib. Türk generalları ilə yanaşı, Azərbaycan generallarının da rəsmini ya sifarişlə çəkib, ya da rəsmi çəkib özlərinə bağışlayıb. Azərbaycan generallarından milli təhlükəsizlik naziri Eldar Mahmudovun, fövqəladə hallar naziri Kəmaləddini Heydərovun, keçmiş baş nazirin müavini Abbas Abbasovun da portretlərini işləyib: “Bir gün səhərə qədər yatmayıb ad günü münasibətilə Kəmaləddin Heydərovun şəklini sifarişlə işləmişəm. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevin şəklini çəkib ad günündə şəxsən təqdim etmişəm, çox bəyənib”.

140 manat maaş alan baş rəssam
B.Dadaşova 10 il bundan əvvələ qədər sifarişlərinin daha çox olduğunu deyir: “Elə olurdu sifarişlərimizi yerinə yetirərək aya o vaxtın pulu ilə 30-50 min manat qazanırdıq. Özümüz də qazandığımız pulun bu qədər çox olduğuna inanmırdıq. İndi isə sifariş olandan-olana əlavə gəlirim olur, olmayanda 45 ildir baş rəssam kimi çalışdığım Şirvanşahlar Sarayından 140 manat maaş alıram. O dövrlə müqayisədə indi kətan, rəngli boylar da çox bahadır. Rəssamlar çox çətinlik çəkirlər”.

B.Dadaşovanın fikrincə, “Torqovıy” adlanan Nizami küçəsində rəsm əsərlərinin satışına qadağa qoyulandan sonra yaradıcı adamların vəziyyəti daha da pisləşdi: “Oğlanlarımın ikisi də Rəssamlar İttifaqının üzvüdürlər və yaşayışlarını təmin etmək üçün onlar da rəsmlərini orada qoyub satırdılar. Çox uyğun yer idi, oradan hər gün yüzlərlə adam keçirdi, hətta prezident İlham Əliyev də oradan rəsm əsəri almışdı. Amma təəssüflər olsun ki, “Torqovıy”dakı təmirdən sonra rəssamların çörək pulu qazandıqları yer bağlandı”.

Rəssam əl işlərini müxtəlif qiymətə satır. Deyir ki, satdığı ən baha rəsm 1400 manata olub. Vəzifəli şəxslərdən biri atasının rəsmini çəkdirib: “Rəsmlərin qiyməti müxtəlifdir. 50 manatdan başlamış 5 min manata qədə əl işim var. Səttar Bəhlulzadənin şəklini 5 min manata satlığa qoymuşdum, amma alan olmadı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İncəsənət muzeyinin həmin şəkli alacağını dedi, amma pulları olmadığına görə ala bilmədilər”.

Koroğlunun, Nizaminin heykəli adlarına layiq deyil
“Rəsamlar Evi”ndə 2 otaqdan ibarət emalatxanası olan heykəltəraş Zeynalabdin İsgəndərov İncəsənət Universitetində heykəltəraşlıqdan dərs deyir. Bu emalatxanada Sara Qədimovanın, Lətif Kərimovun, Mikayıl Mirzənin, Mikayıl Abdullayev və digər görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, Emin Sabitoğlu, Mövsüm Sənani, Mikayıl Abdullayevin baralyeflərini hazırlayıb. Deyir ki, hər adamın heykəlini ucalda bilmir: “Sovet dövründə Şaumyanın heykəlini sifariş verdilər, qəbul etmədim, çünki istəmədiyim, ürəyimə yatmayan adamın heykəlini ucalda bilmərəm”.
Həyatda olan insanların da abidələrini hazırladığını deyən heykəltəraş bildirdi ki, abidəsini ucaltdığı adamla saatlarla danışıb onun daxili aləmini açdıqdan sonra heykəli hazırlaya bilir: “Heykəlini ucaltdığım adamın üz cizgiləri o qədər canlı olmalıdır ki, onun daxili görünsün. Bunun üçün həmin adamı yaxından tanımalıyam”.

Z.İsgəndərov Bakıda bir çox dahilərə qoyulan heykəllərin onlara layiq olmadığı fikrindədir. Deyir ki, Koroğlunun, Nizaminin heykəli adlarına layiq deyil.

“Dövlət qulluqçusu olmağı rəssam olmağa dəyişdim”
Anar Yolçuyevin də “Rəssamlar evi”ndə emalatxanası var. Bu ildən Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilən A.Yolçuyev sözügedən binadakı emalatxananı icarəyə götürüb. Rəssam olmaq üçün hansısa məktəbdə oxumadığını deyən A.Yolçuyev 1999-cu ildən bu peşəyə gəlməyə qərar verib. Başqa sahədə çalışsa da, müxtəlif müəllimlərdən rəsm dərsləri alıb: “2004-cü ildən isə artıq vaxtımın çox hissəsini rəssamlığa həsr etmişəm. Son iki ildə isə çalışdığım dövlət işindən öz ərizəmlə çıxaraq özümü tamamilə bu sənətə həsr etmişəm”.

A.Yolçuyev abstrakt rəsmlərdən başqa bütün janrlarda rəsmlər çəkir: “Nəyi çəkmək istəyirəmsə, gərək naturadan çəkim. Buna görə də abstrakt çəkə bilmirəm”.

A.Yolçuyev rəsm əsərlərini satmağı xoşlamır: “Çox az rəsmlərim var ki, dostlarımın təkidi ilə Qız Qalası Qalereyasına vermişəm. Həm də hesab edirəm ki, o səviyyədə rəsmlər çəkmirəm ki, onları satım. Digər tərəfdən rəsmlərimi satmağa ehtiyacım yoxdur”.

Gənc rəssam başqa yerdən gəliri olmasa rəssamlıqla ailəni dolandırmağın çətin olduğunu deyir: “İlk satdığım rəsm əsəri natürmort idi. 150 manata satdım. Amma onda mənim maaşım 5 min manat idi, yəni aldığım qonorar gözümdə bir şey deyildi. Mənim üçün önəmli olan tanımayan bir insanın əsərimi hər gün görmək istəməsi idi. Rəssamı həvəsləndirən də bu hissdir”.

Rəssam öz əsərinə qiymət qoya bilmir
A.Yolçuyev rəssamların öz əsərlərinə yaxşı qiymət qoya bilmədiyini düşünür: “Qalereyalar qiyməti daha yaxşı qoyur. Elə işlər olur ki, rəssamlar acından ölməmək üçün satırlar. Amma elə işlər də var ki, rəssamın ürəyinin bir parçası olduğuna görə, milyonlar da versən, satmır. Əsər satılıb emalatxanadan çıxanda elə bil nəyinisə itirirsən. düşünürəm ki, imkanı olsaydı heç bir rəssam əsərini satmazdı”.

A.Yolçuyev tanınmış rəssamların rəsmlərini qalereyalar vasitəsilə satdığını deyir: “Torqovıy”da təmirdən əvvəl qeyri-peşəkarlar rəsmlər çəkib satırdılar”.

Azərbaycanlıların rəsm əsərlərinə verdiyi qiymətə gəlincə, A.Yolçuyev deyir ki, soydaşlarımızın əsərə böyük qiymət verməsini gözləmək olmaz: “Çünki ölkəmizdə rəsm mədəniyyəti 50-60-cı illərdən yaranmağa başlayıb. Yəni rəsm əsəri anlayışı, onu görmək, başa düşmək bəlkə də 50-60-cı illərdən başlayıb. Hazırda dövlətin də bu sahəyə qayğısı var və artıq insanlarda zövq formalaşmağa başlayır. Təsəvvür edin, Fransada 1000, İtaliyada 2000 ildir bu mədəniyyət formalaşıb. Bizdə isə 50 il olar, ya yox”.

“Rəssamlıqla dolanmaq çətindir”
Anastasiya İsrafilova Juk da kiçicik emalatxanasında həm rəsm çəkir, həm də tələbələr yetişdirir. Deyir ki, indiki zəmanədə tələbələr hazırlaşdırmadan təkcə rəsm əsərləri çəkib satmaqla dolanmaq çətindir. Çünki bəzən 1 aya 10 rəsm çəkdiyi halda, bəzən aylarda 1 şəkil belə sata bilmir. Atasının da rəssam olduğunu deyən A.İsrafilova kiçik yaşlarından çəkməyə başlayıb.

A.İsrafilova Prezidentin bağında divarlara rəsmlər çəkdiyini deyir. Ən bahalı əsərini qardaşının köməkliyi ilə Almaniyada 10 min manata satıb. Deyir, Azərbaycanda incəsənətə o qədər də qiymət verən yoxdur: “Uzaqbaşı 1 rəsmə 2 min manat verə bilərlər”.
Lalə Musaqızı