• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

Şəhər, yoxsa kənd turizmi?

19.07.17 09:30 4400
Şəhər, yoxsa kənd turizmi?
Müasir və qloballaşan dünyada sosial-iqtisadi inkişaf göstəriciləri arasında turizm ön sıradadır. Turizmin inkişafı ümumilikdə başqa sahələrin də inkişafına təsir göstərir. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar turist axınını daha da genişləndirdi. Artıq dünyanın bir sıra ölkələrində Azərbaycana maraq artıb. Onlar Azərbaycana gəlmək, sosial-iqtisadi şəraiti ilə yaxından tanış olmaq istəyirlər. Yalnız Bakı ilə kifayətlənməyən qonaqlar regionlara da səfər edirlər. Bu baxımdan şəhər turizmi ilə yanaşı, kənd turizmi də inkişaf edir. Hər iki turizm sahəsində perspektivlərin nəzərə alınması bu sahəyə olan qayğının artmasına səbəb olur. Xüsusilə də, kənd turizminə son vaxtlar daha çox fikir verilir. Maraqlıdır növbəti mərhələ də, hansı sahə digərini üstələyərək prioritetə çevriləcək. Şəhər turizmi, yoxsa kənd?
Kənd turizmi prioritetə çevriləcək
Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov bildirir ki, hazırda ölkəmizə Qərb ölkələrindən daha çox Şərq ölkələrindən turist gəlir. Və biz Qərbdən də turist cəlb edərək balans yaratmalıyıq: "Qərb ölkələrindən turistlərin gəlməsinin zəruriliyini nəzərə alaraq deyə bilərəm ki, kənd turizminin inkişafı vacibdir. "Bəs bunun üçün nə etmək lazımdır” məsələsinə gəlincə isə, əlbəttə ki, bu sahə ilə bağlı məlumatlılığı artırmaq gərəkdir. Kənd yerlərində insanların öz evlərini kirayə verməsi, bunu turizm fürsətinə çevirməsi ilə bağlı maarifləndirici tədbirləri gücləndirməliyik. Kəndlilər mikromaliyyələşmə formasında evlərini turistləri qəbul edəcək vəziyyətə gətirməlidirlər. Növbəti mərhələdə təbii ki, kənd turizmi prioritetə çevriləcək. Çünki şəhərləşmə bütün dünyada gedir. Və artıq insanlar kənd həyatına, təbiətə, yaşıllığa daha çox meyl edirlər. Bakı öz yerini qoruyub saxlayır, amma paytaxtı görən insanlar bir neçə gündən sonra təbiət qoynuna getmək, dağların yamacında istirahət etmək istəyirlər”.
E.Aslanov bunu da əlavə etdi ki, rəhbərlik etdiyi universitetin Turizm və Otelçilik ixtisasında kənd turizmi, davamlı turizm, Eko turizm kimi fənlər var: "Bu fənlərin əsas məqsədi tələbələrdə davamlı turizm növlərinə o cümlədən də, onun vacib hissələrindən biri olan Eko turizm və onun alt növü olan kənd turizmi üzrə anlayışlarını, biliklərini genişləndirmək, bu sahədə plan qurmaq vərdişlərini inkişaf etdirməkdir. Hazırda biz regionlarda peşə məktəbi yaratmaqla turizm potensialını üzə çıxarmağa çalışırıq. Bu il planlaşdırırıq ki, Nazirlər Kabinetinin qərarı ilə belə bir peşə məktəbini ilk olaraq Qusar rayonunda -Şahdağda yaradaq. Çox güman ki, növbəti illərdə digər bölgələrdə də belə peşə məktəbləri yaradılacaq. Bu məktəblərin əsas işlərindən biri kənd turizminin inkişafına təkan verməkdir. Şimal istiqaməti üzrə Altıağacdan başlamış Qusara qədər, Cənub üzrə Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran, Qərb istiqaməti üzrə Şamaxı, Zaqatala, Gəncə, Qazax, Ağstafa kimi regionlarda kənd turizmi daha yaxşı inkişaf edib”.
İnəklərin, keçilərin sağılmasında, meyvə yığımında, qoyun qırxımında, qatığın, pendirin, şərabın hazırlanmasında...
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, şəhər və kənd turizmi paralel şəkildə inkişaf edir: "Birinin digərini qabaqlayacağını demək mümkün deyil. Ona görə ki, turizm nəqliyyatları tərtib olunanda onlar öz müxtəlifliyi, rəngarəngliyi ilə turistləri cəlb edir. Misal üçün turist bir həftəlik gəlir. Bunun 1-2 gününü Bakıda qalır, qalan günləri rayonlarda keçirir. Sonda yenə Bakıya qayıdır. Müxtəlif ölkələrdən gələn turistlərin əsas dayanacağı Bakıdır. Hazırda deyərdim ki, kənd turizmi geri qalır. Bu sahədə bir sıra kitablar yazılıb, proqramlar tərtib edilib. Amma çox təəssüf ki, bunlar sadəcə, yazıda qalıb. Əyani olaraq həyata keçirilməyib. Bu kimi planların həyata keçirilməsi üçün bəzi işlər görülməlidir. İlk növbədə bələdiyyələrin, icra hakimiyyətlərinin rayonlarda, kəndlərdə maarifləndirmə işi aparması lazımdır. Həmin regionların infrastrukturu yüksək səviyyədə olmalıdır. Kənd turizmini inkişaf etdirmək üçün ilk növbədə kənd evlərinin bərpası və təmiri vacibdir. Sanitar gigiyenik xidmətlər qaydasında olmalıdır. Bundan başqa, aidiyyəti orqan monitorinq keçirməlidir. Kənd yolları düzəldilməli, yaşayış məntəqələri qaz, su, işıqla təmin olunmalıdır. Sanitar qovşaq yaxşı səviyyədə olmalıdır”.
Müsahibimiz onu da əlavə etdi ki, kənd turizminin inkişafı digər sahələrin də inkişafına böyük təsir göstərir: "Elə etmək lazımdır ki, ölkəyə gələn turistlər kəndlərdə aqrar işi ilə tanış ola bilsin. Onlara inəklərin, keçilərin sağılmasında, meyvə yığımında, qoyun qırxımında, qatığın, pendirin, şərabın hazırlanmasında yaxında iştirak etmələri üçün şərait yaradılmalıdır. Amma heyf ki, hələ bunlara nail ola bilmirik. Kənd turizminin inkişafı fermer təsərrüfatlarının, əkinçiliyin inkişafına, kənd camaatı üçün yeni iş yerlərinin yaranmasına gətirib çıxarar. Yəni bu onu göstərir ki, bu sahələr bir-biri ilə zəncirvarı əlaqəlidirlər. Birinin inkişafı, digərinə də təkan verir”.
Bahalı qiymətlərdən və qeyri peşəkar xidmətdən qaçmalıyıq
İqtisadçı, ekspert Könül Nuriyeva düşünür ki, turizm sahəsi bizdə son dövrlər aktivləşib: "Təbii əvvəllər də müəyyən inkişaf vardı, amma bugünkü qədər zərurət duyulmamışdı. Son dövrlər neftin qiymətinin aşağı düşməsi turizmin inkişaf etdirilməsinə, prioritet sahəyə çevrilməsinə gətirib çıxardı. Biz bu sahəni daha da inkişaf etdirmək üçün bəzi problemləri aradan qaldırmalıyıq. Bizim ölkəmizə gələn turist istirahətə deyil, daha çox səyahət etməyə gəlir. Bizim ölkəyə gəlməkdə məqsəd yeni region görmək, onu kəşf etmək, tanımaqdır. Turizmdə belə bir yazılmamış qanun var ki, hər gələn turist 1 dollar xərcləyirsə, bu ixracatımızı da o qədər artırmış olur. Bunun üçün gecələmə sayını çoxaltmalıyıq. Ona görə də, bahalı qiymətlərdən və qeyri-peşəkar xidmətdən qaçmalıyıq. Bu, həm kənd turizminə, həm şəhər turizminə aiddir. Belə ki, bizdə sahibkarlar istəyirlər ki, il ərzində çəkdikləri xərci bir fəsilə götürsünlər. Bunun da ziyanını turistlər çəkir. Təsadüfi şəxslərin turizm sahəsində işləməsi də qeyri-peşəkarlığa səbəb olur. Bu baxımdan, turizmin istənilən sahəsinə turist cəlb etmək üçün qiymətlər cibə uyğun, xidmət isə yüksək səviyyədə olmalıdır. Həmçinin, burada dövlət dəstəyi də vacib amildir. Dövlət sahibkara dəstək olmalı, maddi- texniki baxımdan kömək göstərməlidir”.
Ekspert qeyd etdi ki, əslində turizm inkişaf edirsə, bunu kənd və ya şəhər turizmi kimi fərqləndirməməliyik. Çünki turist gələndə yalnız bir şəhərlə kifayətlənmir: "Hər ikisi paralel şəkildə getməlidir. Deyə bilərəm ki, paytaxtda turizm artıq yetərincə formalaşıb. Növbəti mərhələ üçün çalışmalıyıq ki, bölgələrin turizm potensialını artıraq. Bu da regionların sosial inkişafı ilə sıx əlaqəlidir. Həmin sahənin inkişafı əhalinin məşğulluğuna da öz təsirini göstərir. Bir turistə xidmət üçün bir neçə şəxs lazımdır. Başqa ölkələrlə müqayisə etsək görərik ki, Balkan ölkələrində bir turistə 9-10 nəfər, Türkiyə də isə 32 nəfər düşür. Azərbaycanda isə bu rəqəm heç 10 nəfər deyil. Ona görə də, turizmin kəndlərdə, regionlarda inkişaf etdirilməsi oradakı əhalinin Bakıya axışıb gəlməsinin də qarşısını alacaq, həm də regiondakı insanlar yeni iş imkanı əldə etmiş olacaqlar”.
Wi-fi, təmiz çarpayı, vanna otağı
Müsahibimiz regionlarda bu istiqamətdə peşə məktəblərinin açılmasını müsbət qiymətləndirdiyini deyir: "Bölgələrdə peşə məktəblərinin açılması bu sahədəki qeyri peşəkarlığın aradan qalxmasına səbəb olacaq. Bayaq da vurğuladığım kimi bu sektora təsadüfi gələn şəxslər xidmət göstəricilərini aşağı salır. Həmin məktəbdə ofisiantlara, xidmətçilərə turistlə işləmə qaydasının öyrədilməsi çox yaxşı olar. Regionlarda elə insanlar var ki, Bakıya gəlib təhsil ala bilmir. Belə peşə məktəbi fəaliyyətə başlayarsa, bu zaman onlar həm oxuyub, həm də işləyə bilərlər. Düşünürəm ki, bu, çox müsbət addım olar”.
K.Nuriyeva bölgələrdə turizmin inkişafında evlərin kirayə verilməsinin də rolunun böyük olduğunu qeyd edir: "Kənd turizminin inkişafına kirayəyə verilən evlər əhəmiyyətli təsir göstərir. Ev sahibləri bilməlidir ki, evlərində qalan turistə nə lazımdır. Hər yeni gələn turistdən maariflənərək növbəti dəfə üçün daha yaxşı şəraitli ev təklif etməlidir. Yəni evin vay-fayı, təmiz çarpayısı, vanna otağı olmalıdır. Belə olan halda turist cəlb olunması və ev sahibin qazancı daha çox olacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər