• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

Səhər sürücü, günorta fəhlə, axşam isə müdir olurdu - Startap

17.04.20 12:00 1746
Səhər sürücü, günorta fəhlə, axşam isə müdir olurdu - Startap
Ramin Qəhrəmanov: "Baku Mart Supply” rastlaşdığım çətinliklərdən doğan bir ideya oldu”
"Hamı deyirdi ki, mən sifarişimi "Whatsapp”la deyim, siz də istədiklərimi qapıma qədər gətirin. Həmin müddətdə xeyli müştəri itirdik. Çünki "Whatsapp” və "e-mail”lə gələn sifarişləri qəbul etmirdik. İnsanlara öz fərqimizi və bu platformanın onlar üçün faydalı olacağını izah etməyə çalışırdıq” - bu sözləri bizimlə söhbətində"Baku Mart Supply” şirkətinin təsisçisi Ramin Qəhrəmanov söylədi. Deyir ki, bu səbəbdən bir ay ərzində qət edə biləcəkləri yolu bir ilə getməli olublar. Müsahibimiz R.Qəhrəmanovla elə layihəsi ilə bağlı söhbətləşdik.
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olan Ramin deyir ki, bu günə qədər biznesin müxtəlif sahələrində özünü sınayıb. 2017-ci ildən etibarən isə onlayn satış xidmətləri ilə məşğul olmağa başlayıb: "Baku Mart Supply” mənim ilk startap layihəmdir və 2017-ci ildən fəaliyyət göstərir. 2016-cı ildə Bakıda "Baku Mart” super marketinin təsisçisi və direktoru idim. Satınalmalarda yaşadığım problemlər və çatışmazlıqlar çox idi. Bütün bu problemlərin həllini axtarırdım. Ehtiyac olan hər şeyi bir mərkəzdən ala bilmək imkanları haqda düşünürdüm. Həmin vaxt belə bir platformanı xəyalımda canlandırdım. Beləcə, "Baku Mart Supply” rastlaşdığım çətinliklərdən doğan bir ideya oldu”.

Satış platformalarının üzərinə böyük yük düşür
Azərbaycanda onlayn alış-verişin dünya ölkələri ilə müqayisədə bir o qədər geniş yayılmadığını söyləyən müsahibim, bunun əsas səbəbləri haqda danışdı: "Əsas səbəb ənənəvi alış-verişə adət etməyimizdir. İnsanlarımız alacağı məhsula toxunmaq, qoxusunu duymaq, öz gözü ilə görmək istəyir. Digər məsələ isə güvənsizlikdir. İnsanlar düşünürlər ki, meyvə-tərəvəz alanda özləri yaxşılarını seçirlər, onlayn sifariş etsələr, necə məhsul gətiriləcəyini bilmirlər. Bu səbəbdən, onlayn satış platformalarının üzərinə böyük yük düşür. İnsanlara bu güvəni biz aşılamalıyıq. Ona görə də, əlimizdən gələnin ən yaxşısını etməliyik. İstər "Baku Mart Supply”, istərsə də digər bir şirkət indiki məqamda müştərilərin onlayn alış-verişə güvənini sarsıtsa, nəticəsi heç də yaxşı olmaya bilər. Çünki kifayət qədər yeni bir sahədir və insanlar buna yeni-yeni öyrəşməyə başlayıb. Hər bir müştəriyə fərd olaraq yanaşılmalı, sifarişləri vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməlidir”.
Həmsöhbətim bildirdi ki, insanların post-pandemiya dövründə də onlayn alış verişə davam etməsi bu gün bazarda fəaliyyət göstərən onlayn satış şirkətlərindən asılıdır: "Əgər əsas müştəri bazası bu xidmətlərdən məmnun qalsa, karantindən sonrakı dövrdə də onlayn alış-veriş ənənəsi davam edəcək. Əgər müştəri bunu məcburiyyətdən edib nazarı qalacaqsa, əlbəttə ki, bu işin axırı yoxdur. Bizim ən böyük məqsədlərimizədən biri də məhz bu biznesi ölkədə formalaşdırmaqdır. İnsanlar bu gün onlayn alış-verişi məcburiyyətdən etsə belə, onlarda alışqanlıq yaratmalı və güvən aşılamalıyıq. Müştəri məmnuniyyəti sonrakı dövr üçün çox vacibdir. Bu, tək "Maku Mart Supply” üçün deyil, onlayn satış həyata keçirən bütün şirkətlərə aiddir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər