• çərşənbə axşamı, 16 aprel, 16:34
  • Baku Bakı 19°C

Şeh kimi qısa ömür

01.04.17 11:30 2839
Şeh kimi qısa ömür
O, 1931-ci ilin aprelində xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub - cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu. Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş "Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: "Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. "...Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:
İstərəm qəlbimə səs verə-verə,
Dilim öz halını desin bəşərə.
Halım elə səda salsın hər yerə,
Nəhrlər, dalğalar, sellər ağlasın,
Tufanlar, ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:
Yer fırlanır, günəş batır, dayanmadan külək əsir,
Kainatı dərk etməyə insan oğlu hey tələsir.
Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun,
Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin:
Xalqın mərd oğulları zindanlarda çürüyür,
Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.
Məşhur alimlərin səhv etdiklərini aşkarladı
Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan Qulu Xəlilov yazırdı: "Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.
Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- "qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı... Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: " Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”
"Azərbaycanın seysmik ulduzu”
Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu "Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana - Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı "Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: " Əziz həmkar! Bizim jurnalımız... elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.
"Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. " ( "Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin xisləti heç xoşuma gəlmədi
Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: "Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. "Bizimdir” deyirlər...” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi "Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:
Yanmalıdır yaralıya yaralı
Ürəyim alışdı ürəyin kimi.
Uzaq olsun qalanların canından,
Dirəyim çəkildi dirəyin kimi.
"Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər.
Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış "qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur.
2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki...Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən:
Qəlblərdə sönməyən xatirə qoydum
İndi xumar-xumar rahat uyuyum.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər