• şənbə, 20 Aprel, 11:20
  • Baku Bakı 14°C

“Səfirin işi fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə müdaxilə etmək deyil”

23.05.14 09:36 1779
“Səfirin işi fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə müdaxilə etmək deyil”
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyə başlaması, siyasi məhbus məsələsinin yenidən AŞ Parlament Assambleyasında (PA) qaldırılmasına cəhd, ABŞ səfiri Riçard Morninqstarın qeyri-obyektiv mövqe sərgiləməsi, Leyla Yunusun Azərbaycandan qaçmasına yardımçı olan diplomatların bununla ölkə daxili işlərə müdaxiləsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyə başlayıb. Bu sədrlik ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycan keçən kiçik zaman kəsiyində Avropa Şurasının layiqli üzvü kimi artıq özünü doğruldub. Azərbaycan obyektiv, tərəfsiz xarici siyasəti, proseslərə ədalətli münasibəti ilə Avropanın, ümumilikdə dünyanın aparıcı dövlətlərinin etibarını, rəğbətini qazanıb. Etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri birmənalı olaraq yerinə yetirib. Ona görə də ölkəmizin nüfuzu durmadan artmaqdadır. Bu nüfuzun ən mühüm göstəricilərindən biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Azərbaycan 155 ölkənin dəstəyini, etibarını qazanaraq bu mötəbər qurumda öz sözünü dedi. Avropa Şurası da dünyada, eləcə də Avropada proseslərə ciddi təsir edən nüfuzlu bir beynəlxalq qurumdur. Bu səbəbdən Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi həm Avropa Şurasına, Nazirlər Komitəsinə öz töhvəsini verəcək, həm də ölkəmiz sədrlik etdiyi müddətdə dünyaya öz ədalətli mövqeyini bir daha çatdırmaq imkanı qazanacaq.
- Belə bir ərəfədə AŞ Parlament Assambleyasında (AŞ PA) Azərbaycanda siyasi məhbus məsələsinin yenidən gündəmə gətirilməsinə cəhdlər olunurdu. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Hər halda belə bir cəhd Avropa Şurasının ciddi bir qurum olmasını kifayət qədər ziyan vurar, xələl gətirər, onun fəaliyyətinə kölgə salar. Çünki bir müddət əvvəl siyasi məhbus məsələsi ilə bağlı keçirilən müzakirələrdə Avropa Şurası öz qəti mövqeyini ortaya qoydu və kriteriyalar müəyyənləşdirildi. Məhz həmin kriteriyalara uyğun olaraq Azərbaycanda siyasi məhbusların olmaması qərara alındı. Üstündən müəyyən vaxt keçəndən sonra eyni məsələnin təkrar AŞ PA-nın gündəliyinə gətirilməsi heç də xoşagələn hadisə deyil. Bu, bir daha onu göstərir ki, Azərbaycana qarşı ən müxtəlif üsullardan istifadə edilərək, təzyiq kampaniyası davam etməkdədir. Təzyiqin ən müxtəlif cəbhələrdən gəldiyini də görmək mümkündür. Azərbaycanda bir sıra siyasətçilər, özlərini müxalifət funksionerləri kimi təqdim etməyə cəhd göstərənlər məsuliyyətsiz, populist bəyanatları, “siyasi məhbus” adı altında öz biznesini quran bəzi QHT-lər isə heç bir həqiqətə əsaslanmayan hesabatları ilə ölkəmizə qarşı antimilli kampaniyanın içərisində yer almaqdadırlar. Xüsusilə son dövrlər dünyada baş verən proseslər fonunda Azərbaycan dövlətinin, xüsusilə ölkə başçısının uzaqgörənliklə həyata keçirdiyi siyasət, qonşu ölkələrlə münasibətlərimizin daha da yaxşılaşması, beynəlxalq arenada söz sahibi olmağımız çox təəssüf ki, bir sıra dairələri narahat etməkdədir. Ona görə də həmin dairələr “Azərbaycanda siyasi məhbus” adı altında öz təsir rıçaqlarını yenidən işə salmağa cəhd edirlər. Ümumiyyətlə isə bütün bu cəhdlər antiazərbaycan fəaliyyətin növbəti bir dalğasıdır.
- Ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” Radiosunun “İşdən Sonra” proqramına müsahibəsində ölkə daxili proseslər barədə bəzi fikirlər səsləndirib. O, ölkəmizdə demokratiyanın vəziyyəti, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti barədə qeyri-obyektiv mövqe sərgiləməklə yanaşı, Azərbaycan hakimiyyətinin monolit olmadığını da iddia edib. Sizcə, səfirin bu hərəkətləri nədən qaynaqlanır?
- Səfirin bu davranışı, səsləndirdiyi fikirlər barədə öz düşüncələrimi bir neçə dəfə mətbuata bildirmişəm. Hesab edirəm ki, Amerika səfirinin birdən-birə “Azadlıq” Radiosuna müsahibə verməsi və Azərbaycana hücum xarakterli açıqlamaları bir qədər əvvəl qeyd etdiyim təzyiq vasitələrinin tərkib hissəsidir. Bu bizdə çox böyük təəssüf doğurur. Mən birmənalı olaraq ABŞ-Azərbaycan arasındakı diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasının tərəfdarıyam. Düşünürəm ki, ABŞ kimi dünyanın super gücü, demokratik dəyərləri öz fəaliyyətində əsas götürən bir ölkə ilə əməkdaşlığımız olduqca vacibdir. Biz bu əməkdaşlığın yüksək səviyyədə qurulmasının tərəfdarıyıq. Lakin bu əməkdaşlığı ABŞ da istəməlidir. Biz Amerika ilə necə əməkdaşlıq əlaqələri qurur, üzərimizə səmimi öhdəliklər götürürüksə, o da Azərbaycanı başa düşməli, ölkəmizdə gedən prosesləri, xarici siyasətimizi dəstəkləməlidir. ABŞ ayrı-ayrı şəxslər tərəfindən təşkil olunan dosyeləri, həqiqəti əks etdirməyən iftira və yalanları əsas götürərək, Azərbaycanın üzərinə gəlməli deyil. Azərbaycan hakimiyyətində monolitliyin olmaması isə uydurmadan başqa bir şey deyil. Məhz iqtidar komandasının monolit olması zəminində ölkəmiz bütün sahələrdə ciddi uğurlar qazanmaqdadır. Lakin yüksək səviyyəli hansısa məmurun potensialı tükənirsə, o, işləyə bilmirsə, üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarmırsa, fəaliyyətində ciddi nöqsanlara yol verirsə, təbii olaraq həmin şəxs tutduğu vəzifədən uzaqlaşdırılır, yenisi ilə əvəz olunur. Biz bunu ölkə başçısının kadr siyasətinin fəlsəfəsi kimi hər an izləməkdə və görməkdəyik. Ona görə də ABŞ səfirinin bu cür açıqlamalarının heç bir əsası yoxdur. Səfirin işi mövcud olduğu ölkənin daxili işlərinə müdaxilə etmək deyil. Düşünürəm ki, ABŞ səfiri öz ölkəsindən xüsusi “resept” alıb və bunun əsasında öz fəaliyyətini qurur.
- Azərbaycanda diplomatik fəaliyyət göstərən xarici ölkə səfirləri tərəfindən birinci hal deyil ki, ölkə daxili işlərə müdaxilə olunur. Bir müddət bundan əvvəl də istintaqdan yayınmaq üçün Azərbaycandan qaçmağa çalışan Leyla Yunusa Fransanın səfirliyi hərtərəfli dəstək vermiş, hətta hava limanına kimi ABŞ və Fransa səfirliyinin nümayəndələri onu müşayiət etmişdilər. Belə halların davamlı xarakter almaması üçün nə edilməlidir?
- Bu məsələ ilə bağlı Milli Məclisin yığıncağında xarici işlər nazirliyinə müraciət etdim və bildirdim ki, hər iki səfirlik əməkdaşı persona nonqrata elan edilməlidir. Çünki onlar “Diplomatik fəaliyyət haqqında Vyana Konvensiyası”nın müddəalarını pozublar. Hər iki səfirlik əməkdaşı Azərbaycanın daxili işlərini müdaxilə etməklə, məqsədli şəkildə Leyla Yunusa iki saat ərzində 5 illik viza açdırmaqla, istintaqa çağırılan adamı bilə-bilə ölkədən çıxarmağa çalışmaqla öz səlahiyyət hədlərini aşıblar. Hansı əsasla, nə üçün onlar, istintaqdan yayınan və Azərbaycanın dövlət maraqlarını bir qayda olaraq düşmən ölkəyə satan, Ermənistanın işğalçılığına xidmət edən adamı ölkədən qaçırırdılar? Leyla Yunus özü də hüquq müdafiəçisidir. Bilir ki, istintaqa dəvət edilən adam hansı qaydalara riayət etməlidir. Bunu bilə-bilə möhtərəm diplomatların çətiri altında ölkədən qaçmağa çalışır. Həmin diplomatlar nə üçün belə əməllərə yol verdikləri barədə cavab verməlidirlər. Dünyanın heç bir ölkəsində belə hadisəyə normal münasibət bəslənmir. Bir anlıq təsəvvür edək ki, analoji hadisə Fransada, yaxud ABŞ-da baş verir və Azərbaycanın həmin ölkədəki səfirliyinin nümayəndələri həmin dövlətlərin maraqlarını, sirlərini xarici ölkəyə satan hansısa şəxsi qaçırmağa çalışırlar. Bunun üçün həmin adamı öz maşınlarına əyləşdirir, toxunulmazlıq imkanlarından istifadə edərək hava limanına gətirir, başqa ölkəyə yola salırlar. Birmənalı olaraq, dərhal Azərbaycan səfirliyi həmin ölkədə qapadıla bilər. Belə olan halda ABŞ və Fransanın Azərbaycandakı səfirlik əməkdaşlarının hərəkətləri hansı etikaya, hansı siyasi və diplomatik çərçivəyə sığır? Fikrimcə həmin diplomatlar özlərini, vicdanlarını, təmsil etdikləri ölkələri bu faktla əbədi olaraq ləkələyiblər. Hesab edirəm ki, belə xətalara yol verənlər beynəlxalq hüququn, beynəlxalq konvensiyaların, ölkə daxili qanunların yol verdiyi imkanlar daxilində cəzalandırılmalıdırlar. Onlar öz hərəkətləri ilə beynəlxalq hüququ, beynəlxalq prinsipləri ayaqlar altına atırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər