• şənbə, 20 Aprel, 07:48
  • Baku Bakı 14°C

Səfir: “İran TANAP səhmdarları ilə danışıq apara bilər“

05.05.15 13:32 896
Səfir: “İran TANAP səhmdarları ilə danışıq apara bilər“
İran təbii qaz ehtiyatlarının həcminə görə, dünyada ikinci yerdədir və bu səbəbdən regionda həyata keçirilən böyük qaz layihələrində iştirak edə bilər. Bu barədə "APA-Economics"ə müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin deyib.
“Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) və Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihələrinin tikintisi 2018-ci ildə başa çatacaq. Bizim bu layihələrlə yaxından tanış olmaq üçün vaxtımız var. Hazırda bizim neft-qaz sahəsi üzrə mütəxəssislərimiz araşdırmalarını aparır. Bir nəticə hasil olduqda, qərarımız elan olunacaq", - deyə diplomat bildirib.
"İran tərəfi TANAP layihəsində pay sahibi ola bilərmi və bununla bağlı konkret danışıqlar aparılırmı" sualına səfir bu cür cavab verib: "Hal-hazırda biz bunun üzərində çalışırıq. TANAP-da səhm almağın öz qayda-qanunu var. Biz bunları nəzərdən keçiririk. Təbii ki, İranın milli mənafeyini rəhbər tutaraq, bu addımı ata bilərik. Regiondakı enerji layihələrində iştirak etmək üçün qaz hasilatımızı artırmalıyıq. Əgər 2018-ci ilədək hasilatımız planlaşdırdığımız səviyyədə olsa, biz regional layihələrdə iştirak edə bilərik. İndidən dəqiq bir söz demək çətindir. Bir daha deyirəm ki, burada əsas məqam hasilatla bağlı olan planlarımızın reallaşmasıdır. Təbii ki, bu illər ərzində dünyada baş verən prosesləri də izləyəcəyik. Biz heç bir ölkə ilə rəqabət aparmaq istəmirik. Sadəcə qazımızı satmaq istəyirik”.
TANAP-dakı payı hansı səhmdardan alınmasına gəlincə, səfir deyib ki, “hansı səhmdar daha əlverişli şərtlər irəli sürsə, onunla da əməkdaşlıq edəcəyik”. “İranın mənafeyini təmin edə biləcək istənilən tərəflə əməkdaşlıq etməyə hazırıq”, - deyə diplomat əlavə edib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
TAP-da səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.
banner

Oxşar Xəbərlər