• şənbə, 20 Aprel, 03:57
  • Baku Bakı 15°C

“Səfir daha ciddi mövzularla məşğul olmalıdır”

20.06.15 10:31 1296
“Səfir daha ciddi mövzularla məşğul olmalıdır”
Politoloqlar Böyük Britaniya səfirinin jurnalistin akkreditasiyası barədə açıqlamasını diplomatik prinsiplərə uyğun saymır
Avropa Oyunlarının keçirildiyi bir vaxtda ölkəmiz haqda mənfi fikir bildirənlər sırasına daha bir nəfər də qoşulub. Belə ki, Böyük Britaniyanın səfiri ölkəsinin jurnalistlərinə bu yarışlarda iştirak üçün guya ki, akkreditasiya verilməməsini pisləyərək, sərt açıqlamlar verib. Rəsmi Bakı da məsələyə laqeyd qalmayıb və Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində onun dediklərinə münasibət bildirib: “Mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb. Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf...”
Yerli politoloqlar da Britaniya səfirinin açıqlamasını birmənalı qarşılamırlar. Onların fikrincə, indiki məqamda ölkəmiz haqda neqativ fikirlər və məlumatlar yaymaq üçün sıraya düzülməyə ehtiyac yoxdur. Ölkəmiz illərdir ki, balanslı siyasət yürüdür və Qərblə də normal münasibətlərin, əməkdaşlığın olmasında maraqlıdır. Amma bu cür açıqlamalar xoşagəlməz mənzərənin və incikliyin yaranmasına səbəb olur ki, bu da heç bir tərəfə lazım deyil.
Politoloq Mübariz Əhmədoğlu bizimlə söhbətində dedi ki, britaniyalı diplomatın bu açıqlamasını oxuyanda təəssüflənib: “Ermənilər də, onların havadarları da Azərbaycanın inkişaf etməsini heç cür qəbul edə bilmirlər. Ölkəmizin bu cür mötəbər idman yarışına ev sahibliyi etməsi sırf inkişafın göstəricisidir. Ona görə də beynəlxalq təzyiqlərin miqyası getdikcə daha da artır. Bizə zərər vurmaq üçün hamılıqla meydana atılıblar və hər biri bizə zərbə vurmağa çalışır. Mənə elə gəlir ki, onlar Avropa Oyunlarını bu günə qədər olan ən mühüm məsələ hesab edirlər və sanki “sonuncu döyüş” kimi var qüvvələrini sərf edirlər”.
M.Əhmədoğlunun fikrincə, Britaniya səfiri böhtan xarakterli bəyanat səsləndirməkdənsə, məsələnin əsil səbəbləri ilə maraqlanmalı idi: “O, nəyə görə maraqlanmır ki, onun ölkəsindən gələn jurnalistlər əvvəllər nə işlə məşğul olublar, ölkəmizə nə kimi ziyan vurublar. Həmin jurnalistlərin Azərbaycanla bağlı reportajları və s. ilə maraqlanmadı. Ona sual vermək istəyirəm – bəyəm Azərbaycan nə boyda dövlətdir, dünyada nə qədər yer tutur ki, Böyük Britaniya mətbuatı hər şeyi kənara qoyub yalnız bizimlə maraqlanır? Özü də yalnız neqativ halları görürlər. Bu ölkədə yaxşı heç nə baş vermir? Faktiki olaraq, Azərbaycanı xüsusi hadisəyə çevirib silsilə yazılar yayırlar. Ümumiyyətlə, Qərb diplomatları hər hansı məsələ haqda danışanda onlara sərf edən məqam və faktdan yapışırlar. Hadisənin əvvəli, əsil səbəbləri haqda danışmağa ehtiyac görmürlər. Yalnız sonuncu fakta münasibət bildirmək düz deyil”.
Politoloq Azərbaycanın ictimai-siyasi mühitinin kifayət qədər intellektual olduğunu, ağı qaradan ayıra bildiyini söylədi: “Cəmiyyət olaraq dünyada nə baş verdiyini çox yaxşı bilirik. Kiminsə bizimlə bu formada danışmağı lazım deyil. Hesab edirəm ki, Qərb diplomatları Azərbaycanla bağlı məsələlərdə “dəvəquşu siyasəti” aparırlar və onlara elə gəlir ki, heç kim də onları görmür. Amma biz hər şeyi görürük də, bilirik də. Nəyin necə baş verdiyindən çox yaxşı xəbərimiz var. Onlara bir şeyi demək istəyirik ki, Azərbaycan xalqına, dövlətinə qarşı açdıqları bu mübarizə bizi daha da gücləndirir və daha çox uğur əldə edirik”.
Politoloq Fikrət Sadıqov da düşünür ki, iki ölkə arasında münasibətlərin korlanmaması üçün diplomatlar ehtiyatlı danışmalıdırlar: “Burada jurnalistlərin imkanlarının məhdudlaşdırıldığını iddia etmək doğru deyil. Çünki hər hansı bir jurnalistin və yaxud başqa bir sahənin nümayəndəsinin ölkəyə buraxılmamasının arxasında söz azadlığının sıxışdırılması və s. dayanır kimi iddialar yersizdir. Məsələ burasındadır ki, böyük tədbirlərə qatılmaq üçün bir müddət öncədən akkreditasiyadan keçmək lazımdır. Bu, bütün dünyada belədir. Yəni təşkilati məsələlər deyə bir şey var. Hətta bəzi tədbirlərə də akkreditasiyası olmayan jurnalistləri buraxmırlar. Ona görə də səfirin belə bəyanat verməsini doğru hesab etmirəm. Ümumiyyətlə, belə məsələlərin səfir səviyyəsində qabardılması, bəyanat verilməsi, müxtəlif ifadələr işlədilməsi nə siyasi məqsədlərə uyğundur, nə də diplomatik prinsiplərə. Məncə, səfir daha ciddi mövzularla məşğul olmalıdır, nəinki jurnalistin akkreditasiya məsələsi ilə. Əgər jurnalistin söz və fikir azadlığından danışırlarsa, onda əvvəlcə Culian Assanj haqda danışsınlar. O da jurnalistdir, sağlam düşüncəli bir analitikdir. Onunla bağlı niyə narahatçılıq ifadə etmirlər?”
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər