• cümə axşamı, 25 aprel, 07:33
  • Baku Bakı 14°C

Şəffaflıq koalisiyasında qeyri-şəffaflıq

20.05.16 12:15 1208
Şəffaflıq koalisiyasında qeyri-şəffaflıq
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası sonuncu prezident seçkiləri öncəsi xarici dairələrin siyasi və maliyyə dəstəyi ilə yaradılıb. O zaman başlıca məqsəd Azərbaycandakı bütün müxalifət partiyalarını, qeyri hökumət təşkilatlarını və az-çox tanınmış ictimai-siyasi kəsimi "ümummilli – vahid namizəd” Rüstəm İbrahimbəyov ətrafında birləşdirmək idi. 20 ildən artıq müddətdə ölkədə keçirilən bütün seçkiləri biabırçı şəkildə uduzan radikal müxalifət, xüsusən də AXCP və Müsavat liderləri bunu özləri üçün şans hesab edirdilər. Öz səriştəsizlikləri ilə xalqın etibarını və inamını birdəfəlik itirən Əli Kərimli və İsa Qəmbər elə hesab edirdilər ki, məhz xarici dövlətlərin dəstəyi ilə Rüstəm İbrahimbəyov prezidentlik kürsüsündə oturdulacaq, onlar da müəyyən vəzifə sahibi olacaqlar. Ancaq bütün seçkilərdə olduğu kimi, 2013-cü ilin prezident seçkilərində də Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, ölkənin gələcək inkişafını təmin edəcək liderə – İlham Əliyevə səs verdi, onun ətrafında sıx birləşərək xarici qüvvələrin qəsbkarlıq planlarının reallaşmasının qarşısını aldı.
Həmin vaxtdan indiyə qədər özünü siyasi meydanda saxlamağa çalışan Milli Şura bu günlərdə yenidən medianın gündəminə gəldi. Amma hər hansı uğuru ilə deyil, ənənəvi qalmaqallarla. Belə ki, alternativ fikrə, müstəqil düşüncəyə qarşı hər zaman dözümsüzlüyü ilə seçilənlərin qurumu bu dəfə yazıçı publisist Mehriban Vəzir ilə yollarını ayırdı. Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında M.Vəzirin qurumdan çıxarılması barədə qərar qəbul olundu. Buna əsas kimi isə xanım yazıçının Milli Şuranın əsasnaməsinə zidd fəaliyyəti göstərildi. Beləliklə də 2013-cü ilin prezident seçkiləri öncəsi xarici dövlətlərin məsləhəti və maliyyəsi ilə yaradılan, hazırda isə AXCP sədri Əli Kərimlinin təsiri altında fəaliyyət göstərən Milli Şuranın sırası bir qədər də seyrəldi. Koordinasiya Mərkəzində barəsində qəbul edilən qərarla bağlı həmin vaxt "Kaspi”yə açıqlama verən Mehriban Vəzir bu məsələnin kökündə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının (MSŞAK) ümumi yığıncağına keçirilən seçkilərin, orada baş verənlərə etiraz etməsinin dayandığını bildirincə, daha fərqli mənzərə ortaya çıxdı. Məlum oldu ki, koalisiyanın şurasına və monitorinq qrupuna sahə üzrə mütəxəssislər deyil, mütəxəssis olmayan, bu prosesdə iştirak etməyən adamlar çox yüksək səs alaraq seçiliblər. M.Vəzirin də üzv olduğu şəbəkədə Oqtay Güləliyevin məktubla Milli Şura rəhbərliyinə raport verməsi, koalisiyadakı seçkilərində böyük qələbə əldə etdiklərini, şuranın 50+1-nin, monitorinq qrupunun isə 3-də ikisinin artıq onların əlində olduğunu bildirməsi, Milli Şuraya bu işdə verdiyi dəstəyə görə dərin təşəkkürümü çatdırması bir sıra qaranlıq məqamların da üzərinə işıq saldı.
Tam çılpaqlığı ilə aydın oldu ki, AXCP sədri Əli Kərimli Milli Şuranı ələ keçirdiyi kimi, MSŞAK-a da sahiblənmək, orada söz sahibi olmaq üçün planlar qurub. Bu planlarda da başlıca hədəf koalisiyaya ayrılacaq böyük miqdarda pulları ələ keçirməkdir. Sadalanan faktları MSŞAK təmsilçilərindən və vətəndaş cəmiyyətinin fəal üzvlərindən birinin dünən bir sıra xəbər saytlarında yer alan fikirləri bir daha təsdiq edir. Onun sözlərinə görə, koalisyanın ümumi yığıncağında yeni formalaşdırılmış İdarəedici orqanın – Şuranın tərkibi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və Milli Şura adlı quruma yaxın şəxslərin nəzarətinə keçib və bu da koalisiya təmsilçilərinin narazılığına səbəb olub. İddia olunur ki, Milli Şuraya yaxınlığı ilə seçilən şəxslər əvvəlcədən xüsusi hazırlıq işləri görüb, koalisiya üzvlərinə müxtəlif formalarda təsir göstərərək, seçkinin taleyini həll ediblər. Nəticədə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev də daxil olmaqla siyasi marağı olan 6 nəfər şəxs Koalisiya Şurasının tərkibinə düşə bilib. Maraqlı məqamlardan biri də budur ki, Milli Şuranın dəstəklədiyi şəxslər sırasında tanınmış iqtisadçı, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin üzvü, ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun da adı var. Koalisiya təmsilçisi iddia edir ki, Qubad İbadoğlu AXCP təmsilçilərilə danışıqlara gedərək Koalisiya Şurasının siyasiləşməsində böyük rol oynayıb. Hətta onun ümumi yığıncaqdan əvvəl AXCP sədri Əli Kərimli ilə görüşdüyünü iddia edənlər də var. Hələlik Qubad İbadoğlu ilə Əli Kərimlini MSŞT Koalisiyası ilə bağlı hansı ümumi maraqlar birləşdirdiyini konkret söyləmək çətindir. Yalnız kənar müşahidələr və koalisiya üzvlərinin dediklərinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, Qubad İbadoğlu MSŞAK-ın budəfəki ümumi yığıncağına Əli Kərimlinin adamları ilə bir komandada gedib və bu "ittifaq” nəticəsində şurada həlledici səs sayını təmin etmək mümkün olub.
MSŞAK təmsilçisinin mediaya verdiyi açıqlamaya görə, Ə.Kərimlinin koalisiyaya maraq göstərməsi heç də təsadüfi deyil. Onun fikrincə, bu marağın arxasında Dünya Bankının koalisiyaya böyük məbləğdə vəsait ayırmağa hazırlaşdığına dair xəbərlər dayanır. Ə.Kərimli həmin vəsaitin idarə edilməsi mexanizmini, yəni Koalisiya Şurasını ələ keçirmək üçün xüsusi plan hazırlayıb və bu plana cavab verən heyətin şuraya düşməsini təmin etmək üçün öz adamları qarşısında konkret vəzifə qoyub. Beləliklə də Ə.Kərimlinin adamları Q.İbadoğlu ilə vahid komanda formalaşdıraraq Dünya Bankının ayıracağı vəsaitlərə artıq indidən ciddi təhlükə yaradıblar. Sabah bu vəsaitlər ayrılarkən onun üzərində sərəncam vermək səlahiyyəti məhz yeni yaranmış şurada olacaq və oradakı "5+1” tərkibi əvvəlcədən düşünülmüş plana uyğun olaraq istənilən təklifin lehinə səs verəcək. Hətta dəqiq ehtimallar var ki, Dünya Bankının vəsaitləri koalisiyaya üzv olan "naməlum” QHT-lərin vasitəsilə Milli Şuraya, konkret olaraq Ə.Kərimliyə ötürüləcək. Baş verənlər bir daha sübut edir ki, demokratiya libasına bürünərək ictimai rəyi çaşdırmağa yönəlik yalan bəyanatlar yayan, özünü xalq, millət fədaisi kimi gözə soxmağa çalışan Ə.Kərimli və tərəfdarlarının əsl niyyəti soyğunçuluq, talançılıq, saxtakarlıq yolu ilə pul-para sahibi olmaqdır. Məhz buna görədir ki, Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-də, Milli Şurada, indi isə təsir altına saldığı MSŞAK-da qalmaqallar bitmək, tükənmək bilmir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər