• cümə, 19 Aprel, 07:38
  • Baku Bakı 13°C

Şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır

01.11.19 19:23 2628
Şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır
Prezident İlham Əliyev: "Bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır”
Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunub. Bu münasibətlə hər iki icra başçısını qəbul edən ölkə rəhbəri onlara böyük etimad göstərildiyini, bu etimadı doğrultmağın vacibliyini vurğulayıb. Bildirib ki, onların qarşında duran əsas vəzifələr rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir: "Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.


Dövlət başçısı tapşırıb ki, rayonlarda daha yaxşı şərait yaradılsın, yeni iş yerləri açılsın, vətəndaşlar elə öz rayonlarında yaşamağa maraqlı olsunlar. Bununla yanaşı, Prezident rayonlarda ictimai nəzarətin güclü olmasının zəruriliyinə də toxunub. Bildirib ki, buna nail olmaq üçün müvafiq təkliflər hazırlanmalı, ictimaiyyət ümumi işə cəlb edilməlidir. Ölkə başçısı Azərbaycanda gəncləşmə siyasətinin aparılmasından da söhbət açıb: "Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Ancaq bu, kampaniya xarakteri almamalıdır. Bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir”.


Millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan kadr islahatları çərçivəsində forma və məzmun əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, bu islahatlar xalqın marağına səbəb olmaqla bərabər, dövlət idarəetmə sistemində şəffaflığın, operativliyin təmin olunması baxımından ən yüksək qiymətə layiqdir: "Artıq köhnəlmiş stereotiplərdən imtina olunur. Prezident yeni kadrları qəbul edərkən onlara tapşırdı ki, öz gündəlik fəaliyyətlərində xalqın içində olsunlar, vətəndaşların problemləri ilə yaşasınlar, hər hansı neqativ hallardan uzaq dursunlar, rəhbərlik etdikləri rayonların sosial iqtisadi inkişafını, vətəndaş məmnunluğunu təmin etsinlər. Ölkə başçısı bu tapşırıqları ilə demək olar ki, yeni icra başçıları və digər məmurlar üçün strateji yol xəritəsini çəkdi. Azərbaycan xalqı əyani şəkildə gördü ki, ölkə rəhbəri çox dəqiqliklə bölgələrin problemləri, həll olunan və olunası məsələlərin nədən ibarət olduğu barədə kifayət qədər məlumatlıdır. Dövlət başçısının gərgin iş qrafikinin, xarici siyasətdən tutmuş, iqtisadiyyat, təhlükəsizlik, ordu quruculuğu, sosial sfera və ümumiyyətlə cəmiyyətin bütün sahələrini əhatə edən məsələlərin fonunda, hər bir bölgənin problemləri ilə belə yaxından məşğul olması ən yüksək hörmətə layiqdir. Digər tərəfdən, Prezidentin yerlərdə, hələ də köhnə təfəkkürlə işləyən məmurlara mesajları, ictimai nəzarətin gücləndirilməsi barədə söylədikləri xalqın öz rəhbərindən eşitmək istədiyi fikirlərdir. Dövlət başçısı strategiyanı müəyyənləşdirdi. Taktiki addımların atılması bizdən asılıdır. Müqəddəs Vətənimiz, övladlarımızın gələcəyi naminə Prezidentin apardığı islahatları dəstəkləməli, onun ətrafında daha da sıx birləşməliyik”.

Siyasi şərhçi Aydın Quliyev isə bizimlə söhbətində bildirib ki, Prezident İlham Əliyevin ötən gün Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçıları ilə söhbətinin ictimailəşdirilməsi maraqlı yenilik kimi diqqəti cəlb edir. Onun fikrincə, təyinat almış nazirlərlə eyni formatda söhbətlərin ardınca icra başçıları ilə də oxşar davranış ölkə başçısının bütün kadr dəyişikliklərinə tələbkar və prinsipial yanaşdığının ifadəsidir: "Azərbaycan Prezidenti ötən gün təyin olunan yeni icra başçılarını qəbul edərkən, sözün əsl mənasında onlara fəaliyyət planı verdi. Dövlət başçısı hər bir rayonun sosial-iqtisadi coğrafiyasını yeni başçılara təqdim etməklə əslində onlara yol xəritəsi göstərdi. Prezidentin sözügedən rayonlardakı yerli vəziyyətə yaxşı bələd olması yeni başçıları maksimum məsuliyyətə səsləyən güclü faktordur. Yeni başçılar vəzifələrinin konkret nələrdən ibarət olduğu barədə aydın mesajlar aldılar. Ölkə başçısı onlara rüşvət və korrupsiya ilə mübarizə aparmağı, xalq içində olmağı, prezidentə yalan məlumatlar verməməyi, media üçün açıq işləməyi, kadr məsələlərində nəsillərin həmrəylik prinsipinə maksimum sadiq olmağı, habelə mədəni, tələbkar və işgüzar olmağı tövsiyə və tələb etdi, tapşırıq və tövsiyələrini on milyon xalqın gözü qarşısında etdi. Yeni icra başçılarının necə işlədiklərini, Prezidentin tövsiyə və tələblərinə necə əməl etdiklərini bütün xalq izləyəcək. Bu mənada təyin olunmuş başçıların çox ciddi sınaq qarşısında olduqlarını qeyd etmək lazımdır. Bu başçılar Prezidentin və xalqın qarşısında ikiqat məsuliyyət daşıyırlar. Yüksək etimad və ictimai təqdimatın yeni kadrlar üçün həm də yüksək təşəbbüskarlıq motivi olacağını düşünürəm”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər