• şənbə, 20 Aprel, 00:52
  • Baku Bakı 15°C

Səfəvişünas alim Oqtay Əfəndiyevin yubileyi qeyd olunub

12.10.16 13:54 897
Səfəvişünas alim Oqtay Əfəndiyevin yubileyi qeyd olunub
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın Tarix İnstitutunun təşkilatçılığı ilə görkəmli səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açıb. O, qeyd edib ki, uzun illər Tarix İnstitutunda "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmiş Oqtay Əfəndiyev xarici ölkələrdə tarix elmimizi layiqincə təmsil edib: "O vaxtlar - müstəqillik tariximizin, qüdrətli tarixi keçmişə malik olmağımızın dilə gətirilməsi yasaq olduğu bir zamanda Oqtay Əfəndiyevin pantürkizm vahiməsindən qorxmayaraq ilk dəfə Azərbaycanda Səfəvi tarixinə ayrıca bir monoqrafiya həsr etməsi, həm də sovet, İran, eləcə də bir çox xarici ölkə tarixçilərinin ümumi axınına qarşı gedərək tarixi həqiqəti üzə çıxarması və bu dövləti Azərbaycan dövləti kimi təqdim etməsi böyük cəsarət idi”.
"Onun milli ruhlu tarixçi kadrların yetişməsində həlledici rolu olub” - deyə Y.Mahmudov bildirib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Nərgiz Axundova deyib ki, nüfuzlu alimin bir sıra tədqiqatları dünya dillərinə tərcümə olunub: "Həmin əsərlərə dünyanın tanınmış alimləri bu gün də istinad etməkdədirlər”.
Qeyd olunub ki, O.Əfəndiyevin elmi əsərləri XV-XVIII əsr Azərbaycan tarixinin çətin problemlərinə - Azərbaycan dövlətlərinin sosial-iqtisadi, siyasi tarixi, beynəlxalq əlaqələri, Şərq və Avropa dillərindəki mənbələrin nəşri, tarixi-coğrafiya məsələlərinə həsr olunub. Daha sonra tədbirdə Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli, professor Şahin Fazil, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov və başqaları çıxış ediblər.
Xatırladaq ki, görkəmli tarixçi-alim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilib. Səfəvişünas alim 2013-cü il fevralın 27-də ömrünün 87-ci ilində vəfat edib.
banner

Oxşar Xəbərlər