Səfəvilərin Taclı xanımı
Salnaməçilərin, tədqiqatçıların etiraf və qeyd etdiyinə görə Şah İsmayıl Xətainin yaradıcısı
olduğu Səfəvilər dövləti, ümumiyyətlə, o dövrün özü Azərbaycan tarixinin, mədəniyyətinin
intibah mərhələsidir. Görkəmli tədqiqatçı alım Əzizağa Məmmədov hələ ötən əsrin
70-ci illərində yazırdı: " XVI əsrdə Azərbaycan dilinin rəsmi dövlət dili elan
edilməsi Şah İsmayılın vətənə-xalqa olan böyük xidmətlərindən biridir.” Səfəvilərin
hakimiyyəti zamanı Təbriz şəhəri Yaxın Şərqin mədəni mərkəzlərindən birinə
çevrilmişdir. Əlbəttə, mən bu yazımda Xətaidən deyil, onun cəsur, vəfalı, dəyanətli
həyat yoldaşından -16 il Səfəvilər dövlətinin Şahbanusu olmuş Taclı bəyimdən
söz açmaq istəyirəm. Taclı bəyim əsil adı Şahbigə olan bu xanımın sonradan Xətai
tərəfindən verilən yeni ismi, daha doğrusu ləqəbidir. Salnaməçilərin yazdığına
görə, Taclı bəyim Mosullu tayfasından olan Həmzə bəy Bektaşlının oğlu Mihmad Bəyin
qızı olub. Başqa bir tədqiqatda isə qeyd edilir ki, guya Şah İsmayıl onu əsirlərin
içində görərək bəyənib. Onlar evlənən də Taclı bəyimin 14-15 yaşı olub. Taclı
xanım barəsində bir neçə araşdırma oxudum. Təəssüf ki, bu xanımın fəaliyyəti, həyatı,
övladları, bir sözlə, taleyi ilə bağlı söylənilən fikirlər bəzən bir-birinə
uyğun gəlmir, bəzən də mübahisəli, məntiqsiz görünür. Üç mənbənin doğruluğuna qəti
şübhəm olmadı. İlk olaraq Əzizağa Məmmədovu ehtiramla yad edirəm. Şah İsmayıl Xətainin
ədəbi irsini dünya arxivlərində böyük fədakarlıqla əldə edərək Azərbaycana
qaytarıb. Bu cəfakeş alim Şah babamızın əsərlərinin iki cilddə tərtibinə nail
olaraq izah və şərhlərlə oxucuların ixtiyarına verib. Yadımdadır, onunla bu barədə
maraqlı söhbətlərimiz olardı. Onun Taclı xanım barəsindəki qeydlərini diqqətə
çatdırıram: "1514-cü ildə baş verən Çaldıran müharibəsində Xətainin sevgilisi
Taclı xanımın cəsurluğu Qızılbaş əsgərlərinin fədakarlığı XVI əsrin ikinci
yarısında aşıqlar tərəfindən xalq dastanına çevrilmişdir. Şərti olaraq "Şah
İsmayıl və Taclı xanım” adlanan bu dastandan ancaq ayrı-ayrı parçalar bizə gəlib
çatmışdır.” Bax elə bu dastandan aydın olur ki, Taclı xanım Şah İsmayılın sərkərdələrindən
Şamlı Əbdi Bəyin qızı imiş, sonra dastanın bir yerində Əbdi bəyin müharibədə həlak
olduğu bildirilir. Hətta Taclı xanımın da ağır nizə yaraları aldığı və qardaşı
sərkərdə Durmuş xanla birlikdə Şahın yanına gəlməsi təsvir olunur. Şah İsmayıl Əbdi
bəyin ölüm xəbərini bildikdə çox qəmlənib və istəklisini belə qarşılayıb:
İstərdim səni,
Allah gətirdi,
Odlu güllər üstə
güllər bitirdi,
Düşmənimmi
aralıqdan götürdü,
Əbdi bəydən
ötrü, Taclı xanım ağlama.
Taclı xanım da
Şah İsmayılı dərdli və ağlar görərək deyib:
İranın
şahısan, Türküstan xanı,
Mürşidi-kamilsən,
cahanın canı,
Əbdi bəyim
oldu şahın qurbanı,
Taclıbəyim, sənə
qurban, ağlama.
Əlbəttə, tədqiqatçı
(Əzizağa Məmmədov- F.X.) haqlıdır ki, Taclı bəyim "Türküstan” deyərkən Azərbaycan
ərazilərini nəzərdə tuturmuş. Hərdən təəssüflənirəm ki, biz "Əsli və Kərəm”i
daha çox bilirik, danışırıq, nəinki "Şah İsmayıl və Taclı xanım” dastanını…
Xalqlar dostluğuna gedən yol milli təəssübkeşlikdən keçməsə axırı yoxdur. Nə isə…
Mənbələrin məlumatına görə, Taclı
xanımın sarayda böyük nüfuzu olub. O, Şah İsmayılın verdiyi qərarlara təsir edə
bilirmiş. Qəzəbini yumşalda, ölüm fərmanının ləğvini bacararmış. Çox mərhəmətli
və əliaçıq olduğundan insanlara yardım etməyi, qiymətli hədiyyələr bağışlamağı
sevərmiş. Bu mərd və qorxmaz xanım həm də həddən artıq gözəl və vəfalı olub. Mənəvi
zənginliyi ilə zahiri füsunkarlığı bir-birini tamamlayırmış. Bu səbəbdən də Xətai
ona çox inanar, sözünü eşidər, qərarlarını bəyənər, tapşırıqlarını yerinə yetirər
və cazibəsini də şüküranlıqla vəsf edərmiş:
Can olmaz isə, sən təki
canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman
yetər mana.
Zülmət içində abi-həyat
istəməz könül,
Ləlin zülali çeşməyi-heyvan
yetər mana.
Tədqiqatlarda deyilir ki, onların iki
oğlu, bir qızı olub: Təhmasib Mirzə, Bəhram Mirzə və Mehin Banu. Doğrudur, bu məsələdə
də fərqli rəqəmlər mövcuddur. Üst-üstə düşən məlumatlar daha inandırıcıdır. Bu
övladların hər biri haqqında da ağlabatan faktlar onların valideynlərinə layiq
həyat sürdüklərini təsdiqləyir.
Son vaxtlar
Taclı xanım barəsində yazanlar elə gülməli müqayisələr aparırlar ki… Xüsusi ilə
də müsabiqələrə qatılanlarda qəribə yanlışlıqlar müqayisə olunur. Bu müsabiqələrin çoxunda münsif olduğum üçün
tez-tez qəribə səhvlər müşahidə edirəm. Cümləyə fikir verin: " Taclı bəyim və
onun ailəsi haqqında "Kitabi Dədə Qorqud” dastanlarında maraqlı məlumatlar
var.” Halbuki bu dastanın mövcudluğundan 5-6 əsr sonra Taclı bəyim dünyaya gələcək.
Məni həm də məyus edən bəzi hallarda tarixçilərin fikir ayrılığı və ən çox da
eyni mənbələrdən dəqiqləşdirilməmiş surət çəkmələridir. Halbuki sovet dövründən
fərqli olaraq indi daha mükəmməl axtarışlar aparmaq, dünyanın arxivlərində
uyuyan sənədləri üzə çıxarmaq mümkündür. Necə ki Əlyazmalar institutu son illər
çox gizlinləri aşkarlayaraq faydalı işlər görür. Məhz bu mənəvi xəzinə
beşiyimizin fədakar əməkdaşları tərəfindən əldə edilən mənbələr nəticəsində məlum
oldu ki, çoxunun yazdığı "Çaldıran döyüşündə Taclı xanım Osmanlılara əsir
düşüb” fikri tamamilə əsassızdır. Hətta Çaldıran müharibəsinə görə Şah babamızı
qınayanlara da bir xəbərimiz var. Bu qardaş döyüşünün banisi Şah İsmayıl Xətai
deyil. Bu barədə ayrıca danışmalı olacam. İndi ancaq Taclı xanım barəsində
düşüncələrimi sizinlə bölüşmək istəyirəm.
Şah İsmayıl 1524-ci ildə vəfat etdikdən
sonra dövrün qanunlarına görə onu oğlu əvəz etməli idi, amma Təhmasib çox kiçik
olduğundan taxtın əsl sahibi Taclı xanım özü olmuşdu. Doğrudur, o, Təhmasibin əlindən
tutaraq taxtda oturtdu, amma idarəçilik məhz Taclı xanıma məxsus idi. Bütün Şərqin
yaxşı tanıdığı, avropalıların "Əyilməz, əzilməz fateh” adlandırdıqları, vətənsevərlərin
dövlət xadimi kimi dəyərləndirdikləri, söz aşiqlərinin dərindən sevdikləri Şah
İsmayıl Xətai kimi bir şəxsiyyətin yolunu davam etdirməyin hansı çətinliklərlə
üzləşməsi nə deməkdi? Bu, Taclı xanıma bəlli idi. Amma o, bunu bacardı. 16 il Səfəvilər
dövlətinin Şahbanusu oldu. Sadiqliyi, dəyanəti, Şah İsmayıla bağlılığı Taclı bəyimi
hamıya sevdirdi. Oğlu Təhmasibin adına Səfəvilər dövlətini təkbaşına idarə
etdi. Əmirlər verir, qərarlar çıxardır, dövləti ustalıqla xarici həmlələrdən
qoruya bilirdi. Vaxtı ilə Xətai qəzəllərinin
birində onu "Könlümün taxtında əyləşən Sultan” adlandırmışdı. Bəlkə də o
zaman ağlına heç gəlməzdi ki, həmişə dərdinə dərman bildiyi bu sədaqətli qadın
təkcə onun istəkli yarı, övladlarının sevimli anası deyil, həm də taxt-tacının
halal sahibi, qətiyyətli qoruyucusu olacaq. Bu yerdə tarixçi-alim, rəhmətlik Seyidağa Onullahinin sözləri yadıma düşdu:
"Biz, xüsusi ilə də müəllimlər, jurnalistlər bu qəhrəman qadını gənclərə yaxşı
tanıtmalıyıq”. Dərin minnətdarlıqla bu cəfakeş
alimi xatırlayıram. O, hələ sovet dövründə Taclı xanım haqqında yazan ilk müəlliflərdən
olub. Bir ürəkaçan xəbər də yazıçı Nəriman Əbdürrəhmanlıdan gəldi. Onun ötən
illərdə yeni bir kitabı işıq üzü gördü. "Taclı” adlanan bu roman qəhrəmanımızın
həyat və fəaliyyətinin bədii tərənnümüdür.
Taclı bəyimin ölümü ilə bağlı müxtəlif
fikirlər var. Bəzi salnaməçilərin yazdığına görə ona zəhər içirdiblər, bəziləri
də yoluxucu xəstəlikdən vəfat etdiyini yazıb. Qəbri Şirazın məşhur Səlcuqlu məqbərəsindədir.
Vəsiyyətinə görə, bütün varidatı xeyriyyə qurumlarına bağışlanmışdır. Əslində,
Taclı xanım qızıl, zinət əşyalarını sevən olub. Bu, onun qadın zərifliyinin,
zövqünün ifadəsidir. Var-dövlət əsiri olmayıb. Bağışlamağı bacarıb, insanların
həyat tərzinin yaxşı olmasına diqqətlə yanaşıb. Qısa, amma mənalı ömür sürüb.
Bir məsələni dəqiq bilib, bu fani dünyada insanın təsəlli tapacağı odur ki, xoş
əməllər, xeyirxahlıq səni unudulmağa qoymur. Elə yazımı da Şah babamızın
sevimli xanımına ünvanladığı şeirlə başa vururam:
Gəl,
könül, incimə bizdən,
Qalsın, könül, yol qalmasın!
Əvvəl-axır
yol qədimdir,
Qalsın,
könül, yol qalmasın!
Ərənlər
bizə busudır
Yalan söyləyən
asidir,
Bu gerçəklər
nəfəsidir,
Qalsın,
könül, yol qalmasın!
Bağçada
açılan güldir,
Mənanı söyləyən
dildir,
Pəs, əzəldən
qədim yoldur,
Qalsın,könül, yol qalmasın!
Başındadır
altun tacı,
Budur, ərənlər meracı,
Kəskindir
yolun qılıcı,
Qalsın,
könül, yol qalmasın!
Ey divanə,
ey divanə,
Aşiq olan
qıyar canə,
Xətai der,
Taclı xanə,
Qalsın,
könül, yol qalmasın!
Flora XƏLİLZADƏ,
Əməkdar
jurnalist