• cümə axşamı, 28 mart, 21:20
  • Baku Bakı 13°C

Səfəvilərin Taclı xanımı

13.09.18 09:15 4048
Səfəvilərin Taclı xanımı
Salnaməçilərin, tədqiqatçıların etiraf və qeyd etdiyinə görə Şah İsmayıl Xətainin yaradıcısı olduğu Səfəvilər dövləti, ümumiyyətlə, o dövrün özü Azərbaycan tarixinin, mədəniyyətinin intibah mərhələsidir. Görkəmli tədqiqatçı alım Əzizağa Məmmədov hələ ötən əsrin 70-ci illərində yazırdı: " XVI əsrdə Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi Şah İsmayılın vətənə-xalqa olan böyük xidmətlərindən biridir.” Səfəvilərin hakimiyyəti zamanı Təbriz şəhəri Yaxın Şərqin mədəni mərkəzlərindən birinə çevrilmişdir. Əlbəttə, mən bu yazımda Xətaidən deyil, onun cəsur, vəfalı, dəyanətli həyat yoldaşından -16 il Səfəvilər dövlətinin Şahbanusu olmuş Taclı bəyimdən söz açmaq istəyirəm. Taclı bəyim əsil adı Şahbigə olan bu xanımın sonradan Xətai tərəfindən verilən yeni ismi, daha doğrusu ləqəbidir. Salnaməçilərin yazdığına görə, Taclı bəyim Mosullu tayfasından olan Həmzə bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı olub. Başqa bir tədqiqatda isə qeyd edilir ki, guya Şah İsmayıl onu əsirlərin içində görərək bəyənib. Onlar evlənən də Taclı bəyimin 14-15 yaşı olub. Taclı xanım barəsində bir neçə araşdırma oxudum. Təəssüf ki, bu xanımın fəaliyyəti, həyatı, övladları, bir sözlə, taleyi ilə bağlı söylənilən fikirlər bəzən bir-birinə uyğun gəlmir, bəzən də mübahisəli, məntiqsiz görünür. Üç mənbənin doğruluğuna qəti şübhəm olmadı. İlk olaraq Əzizağa Məmmədovu ehtiramla yad edirəm. Şah İsmayıl Xətainin ədəbi irsini dünya arxivlərində böyük fədakarlıqla əldə edərək Azərbaycana qaytarıb. Bu cəfakeş alim Şah babamızın əsərlərinin iki cilddə tərtibinə nail olaraq izah və şərhlərlə oxucuların ixtiyarına verib. Yadımdadır, onunla bu barədə maraqlı söhbətlərimiz olardı. Onun Taclı xanım barəsindəki qeydlərini diqqətə çatdırıram: "1514-cü ildə baş verən Çaldıran müharibəsində Xətainin sevgilisi Taclı xanımın cəsurluğu Qızılbaş əsgərlərinin fədakarlığı XVI əsrin ikinci yarısında aşıqlar tərəfindən xalq dastanına çevrilmişdir. Şərti olaraq "Şah İsmayıl və Taclı xanım” adlanan bu dastandan ancaq ayrı-ayrı parçalar bizə gəlib çatmışdır.” Bax elə bu dastandan aydın olur ki, Taclı xanım Şah İsmayılın sərkərdələrindən Şamlı Əbdi Bəyin qızı imiş, sonra dastanın bir yerində Əbdi bəyin müharibədə həlak olduğu bildirilir. Hətta Taclı xanımın da ağır nizə yaraları aldığı və qardaşı sərkərdə Durmuş xanla birlikdə Şahın yanına gəlməsi təsvir olunur. Şah İsmayıl Əbdi bəyin ölüm xəbərini bildikdə çox qəmlənib və istəklisini belə qarşılayıb:
İstərdim səni, Allah gətirdi,
Odlu güllər üstə güllər bitirdi,
Düşmənimmi aralıqdan götürdü,
Əbdi bəydən ötrü, Taclı xanım ağlama.
Taclı xanım da Şah İsmayılı dərdli və ağlar görərək deyib:
İranın şahısan, Türküstan xanı,
Mürşidi-kamilsən, cahanın canı,
Əbdi bəyim oldu şahın qurbanı,
Taclıbəyim, sənə qurban, ağlama.
Əlbəttə, tədqiqatçı (Əzizağa Məmmədov- F.X.) haqlıdır ki, Taclı bəyim "Türküstan” deyərkən Azərbaycan ərazilərini nəzərdə tuturmuş. Hərdən təəssüflənirəm ki, biz "Əsli və Kərəm”i daha çox bilirik, danışırıq, nəinki "Şah İsmayıl və Taclı xanım” dastanını… Xalqlar dostluğuna gedən yol milli təəssübkeşlikdən keçməsə axırı yoxdur. Nə isə…
Mənbələrin məlumatına görə, Taclı xanımın sarayda böyük nüfuzu olub. O, Şah İsmayılın verdiyi qərarlara təsir edə bilirmiş. Qəzəbini yumşalda, ölüm fərmanının ləğvini bacararmış. Çox mərhəmətli və əliaçıq olduğundan insanlara yardım etməyi, qiymətli hədiyyələr bağışlamağı sevərmiş. Bu mərd və qorxmaz xanım həm də həddən artıq gözəl və vəfalı olub. Mənəvi zənginliyi ilə zahiri füsunkarlığı bir-birini tamamlayırmış. Bu səbəbdən də Xətai ona çox inanar, sözünü eşidər, qərarlarını bəyənər, tapşırıqlarını yerinə yetirər və cazibəsini də şüküranlıqla vəsf edərmiş:
Can olmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.
Zülmət içində abi-həyat istəməz könül,
Ləlin zülali çeşməyi-heyvan yetər mana.
Tədqiqatlarda deyilir ki, onların iki oğlu, bir qızı olub: Təhmasib Mirzə, Bəhram Mirzə və Mehin Banu. Doğrudur, bu məsələdə də fərqli rəqəmlər mövcuddur. Üst-üstə düşən məlumatlar daha inandırıcıdır. Bu övladların hər biri haqqında da ağlabatan faktlar onların valideynlərinə layiq həyat sürdüklərini təsdiqləyir.
Son vaxtlar Taclı xanım barəsində yazanlar elə gülməli müqayisələr aparırlar ki… Xüsusi ilə də müsabiqələrə qatılanlarda qəribə yanlışlıqlar müqayisə olunur. Bu müsabiqələrin çoxunda münsif olduğum üçün tez-tez qəribə səhvlər müşahidə edirəm. Cümləyə fikir verin: " Taclı bəyim və onun ailəsi haqqında "Kitabi Dədə Qorqud” dastanlarında maraqlı məlumatlar var.” Halbuki bu dastanın mövcudluğundan 5-6 əsr sonra Taclı bəyim dünyaya gələcək. Məni həm də məyus edən bəzi hallarda tarixçilərin fikir ayrılığı və ən çox da eyni mənbələrdən dəqiqləşdirilməmiş surət çəkmələridir. Halbuki sovet dövründən fərqli olaraq indi daha mükəmməl axtarışlar aparmaq, dünyanın arxivlərində uyuyan sənədləri üzə çıxarmaq mümkündür. Necə ki Əlyazmalar institutu son illər çox gizlinləri aşkarlayaraq faydalı işlər görür. Məhz bu mənəvi xəzinə beşiyimizin fədakar əməkdaşları tərəfindən əldə edilən mənbələr nəticəsində məlum oldu ki, çoxunun yazdığı "Çaldıran döyüşündə Taclı xanım Osmanlılara əsir düşüb” fikri tamamilə əsassızdır. Hətta Çaldıran müharibəsinə görə Şah babamızı qınayanlara da bir xəbərimiz var. Bu qardaş döyüşünün banisi Şah İsmayıl Xətai deyil. Bu barədə ayrıca danışmalı olacam. İndi ancaq Taclı xanım barəsində düşüncələrimi sizinlə bölüşmək istəyirəm.
Şah İsmayıl 1524-ci ildə vəfat etdikdən sonra dövrün qanunlarına görə onu oğlu əvəz etməli idi, amma Təhmasib çox kiçik olduğundan taxtın əsl sahibi Taclı xanım özü olmuşdu. Doğrudur, o, Təhmasibin əlindən tutaraq taxtda oturtdu, amma idarəçilik məhz Taclı xanıma məxsus idi. Bütün Şərqin yaxşı tanıdığı, avropalıların "Əyilməz, əzilməz fateh” adlandırdıqları, vətənsevərlərin dövlət xadimi kimi dəyərləndirdikləri, söz aşiqlərinin dərindən sevdikləri Şah İsmayıl Xətai kimi bir şəxsiyyətin yolunu davam etdirməyin hansı çətinliklərlə üzləşməsi nə deməkdi? Bu, Taclı xanıma bəlli idi. Amma o, bunu bacardı. 16 il Səfəvilər dövlətinin Şahbanusu oldu. Sadiqliyi, dəyanəti, Şah İsmayıla bağlılığı Taclı bəyimi hamıya sevdirdi. Oğlu Təhmasibin adına Səfəvilər dövlətini təkbaşına idarə etdi. Əmirlər verir, qərarlar çıxardır, dövləti ustalıqla xarici həmlələrdən qoruya bilirdi. Vaxtı ilə Xətai qəzəllərinin birində onu "Könlümün taxtında əyləşən Sultan” adlandırmışdı. Bəlkə də o zaman ağlına heç gəlməzdi ki, həmişə dərdinə dərman bildiyi bu sədaqətli qadın təkcə onun istəkli yarı, övladlarının sevimli anası deyil, həm də taxt-tacının halal sahibi, qətiyyətli qoruyucusu olacaq. Bu yerdə tarixçi-alim, rəhmətlik Seyidağa Onullahinin sözləri yadıma düşdu: "Biz, xüsusi ilə də müəllimlər, jurnalistlər bu qəhrəman qadını gənclərə yaxşı tanıtmalıyıq”. Dərin minnətdarlıqla bu cəfakeş alimi xatırlayıram. O, hələ sovet dövründə Taclı xanım haqqında yazan ilk müəlliflərdən olub. Bir ürəkaçan xəbər də yazıçı Nəriman Əbdürrəhmanlıdan gəldi. Onun ötən illərdə yeni bir kitabı işıq üzü gördü. "Taclı” adlanan bu roman qəhrəmanımızın həyat və fəaliyyətinin bədii tərənnümüdür.
Taclı bəyimin ölümü ilə bağlı müxtəlif fikirlər var. Bəzi salnaməçilərin yazdığına görə ona zəhər içirdiblər, bəziləri də yoluxucu xəstəlikdən vəfat etdiyini yazıb. Qəbri Şirazın məşhur Səlcuqlu məqbərəsindədir. Vəsiyyətinə görə, bütün varidatı xeyriyyə qurumlarına bağışlanmışdır. Əslində, Taclı xanım qızıl, zinət əşyalarını sevən olub. Bu, onun qadın zərifliyinin, zövqünün ifadəsidir. Var-dövlət əsiri olmayıb. Bağışlamağı bacarıb, insanların həyat tərzinin yaxşı olmasına diqqətlə yanaşıb. Qısa, amma mənalı ömür sürüb. Bir məsələni dəqiq bilib, bu fani dünyada insanın təsəlli tapacağı odur ki, xoş əməllər, xeyirxahlıq səni unudulmağa qoymur. Elə yazımı da Şah babamızın sevimli xanımına ünvanladığı şeirlə başa vururam:
Gəl, könül, incimə bizdən,
Qalsın, könül, yol qalmasın!
Əvvəl-axır yol qədimdir,
Qalsın, könül, yol qalmasın!
Ərənlər bizə busudır
Yalan söyləyən asidir,
Bu gerçəklər nəfəsidir,
Qalsın, könül, yol qalmasın!
Bağçada açılan güldir,
Mənanı söyləyən dildir,
Pəs, əzəldən qədim yoldur,
Qalsın,könül, yol qalmasın!
Başındadır altun tacı,
Budur, ərənlər meracı,
Kəskindir yolun qılıcı,
Qalsın, könül, yol qalmasın!
Ey divanə, ey divanə,
Aşiq olan qıyar canə,
Xətai der, Taclı xanə,
Qalsın, könül, yol qalmasın!
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər