• cümə, 29 Mart, 08:37
  • Baku Bakı 5°C

Səfərdən imtina etmə, vaxtını dəyiş və ya pandemiyanın turizmdə fəsadları

14.04.20 18:42 2978
Səfərdən imtina etmə, vaxtını dəyiş və ya pandemiyanın turizmdə fəsadları
Ruslan Quliyev: "Harada təmiz hava, dəniz, dağ varsa, orda sağlamlıq turizm mərkəzləri olmalıdır”
Koronavirus pandemiyasının problemlə üz-üzə qoyduğu sahələrdən biri də turizmdir. Təbii ki, Azərbaycanın turizm sektoru da bu böhrandan kənar deyil. Kiçik və orta sahibkarlıq subyektləri böyük ziyanla üzləşib. Dünya sərhədləri turistlərin üzünə qapanmış vəziyyətdədir. Turizm assosiasiyaları və şirkətləri tərəfindən daxili və xarici turist axınının azalması, əvvəlcədən sifariş verilmiş turların və otel rezervasiyalarının ləğv olunması və s. səbəblərdən tirizm sektoru müəyyən gəlirlərini itirib.
Hazırda keçirilən onlayn müzakirələrdə KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi, turizm sektorunun gözləntiləri ilə bağlı təkliflər araşdırılır.
Azərbaycan Saglamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyevlə söhbətimiz karantin dövründə turizm sektorunun vəziyyəti və postpandemiya dövründə bu sahədə görüləcək işlərlə bağlıdır.
- Ruslan müəllim, COVİD-19 virusunun problem yaratdığı turizm sahəsi, o cümlədən sahibkarların vəziyyəti ilə bağlı aparılan müzakirələrdə işıq ucu nədən ibarətdir?

- Pandemiya qlobal olaraq turizimdə yaradılan böyük bir dəyər zəncirini sarsıdıb. İlkin hesablamalar onu göstərir ki, fevral və mart ayı üzrə təxminən 45 milyardlıq bir vəsait turizm iqtisadiyyatında itib. Pandemiya davam edərsə, ilin sonunadək turizm iqtisadiyyatına İtaliya və Fransada 100 milyardlıq, dünyada isə ümumilikdə bir trilliondan artıq zərər dəyəcək.Təxminən 10 milyon turist səfərləri ləğv edilib. Avropa Birliyi rəhbərləri də tövsiyələrində "yay aylarında heç bir şey planlamayın” deyə bildirdilər. Fransa prezidenti Makron da qeyd etdi ki, Şengen sazişi ölkələri sentyabradək bağlı olacaq. Bu ondan xəbər verir ki, pandemiyanın yaratdığı fəsadlar çox böyükdür. Ölkələr araslnda sərhədlər bağlanıb, viza prosedurları tamamilə dayandırılıb. Eyni zamanda, aviadaşımalarla bağlı ciddi problemlər yaşanıb. Təbii ki, Azərbaycanda da virusun fəsadları özünü büruzə verir. Qonşu dövlətlərlə əlaqələrin kəsilməsi də bu zərərlərdən biridir. Bilirsiniz ki, 2017-ci ildən sonra Azərbaycan turizminin inkişafında yeni bir mərhələ başlayıb . İxtisaslaşmış Turizmlə bağlı Strateji Yol Xəritəsində də 2025-ci ilə qədər ən populyar bir destinasiya kimi ilk "20-liy”ə daxil olmalıydıq. Bugünkü günə qədər Azərbaycan turizm sənayesi nümayəndələri müxtəlif ölkələrdə sistemli fəaliyyət həyata keçiriblər. Ancaq pandemiya səbəbindən iş elə gətirdi ki, mart-aprel və bundan sonrakı aylarada ölkəyə nəzərdə tutulan səfərlərdən imtina olunub. Hazırkı vəziyyətdə çıxış yolu kimi qısa və uzunmüddətli ssenariyə müraciət etsək, ən yaxşı halda may ayında virus təhdidi səngiyərsə, ondan sonrakı aylar da insanlar üçün "səfər edək, ya etməyək” tərəddüdü ayı olacaq. Biz bu gün də ölkəmizə səfəri planlaşdırılan turistlərlə "səfərindən imtina etmə, vaxtını dəyiş” kampaniyası aparırıq. Vəziyyətdən çıxış yolu kimi hazırkı vaxtda turizm təsisatlarının mütəmadi görüşləri təşkil olunur. Martın əvvəllərindən başlayaraq Dövlət Turizm Agentliyinin dəvəti ilə sektor nümayəndələrinin görüşü baş tutdu. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) turizm təyinatlı assosiasiyalar, ictimai iştirakçılar və müxtəlif sənaye nümayəndələri ilə görüş keçirildi, cari vəziyyət müzakirə edildi. Eyni zamanda, Bakı və bölgələrdəki mehmanxanaların, turizm şirkətlərinin nümayəndələri arasında sorğu keçirildi. Prezidentin son fərmanları da ondan xəbər verir ki, dövlət insanlara biganə deyil. İllərlə proqramlar vasitəsilə həyata keçirilən və bəlli bir sıçrayıça gəlib çıxan iqtisadiyyatımızın hazırkı durumuna biganə qalmaq olmaz. Dəstək paketi də ilin sonunda yarana biləcək mənzərə üçün atılan kardinal addımlardır.
- Həm ölkəmizə, həm də xarici ölkələrə təyyarə reyslərinin təxirə salınması insanlarda böyük ajiotaj yaratdı. Problem necə həllini tapır?
- Bəli, ən böyük ajiotaj səfərlərin təxirə salınması ilə bağlı idi. Koronavirus böhranından əvvəl səyahət bileti alan və onun pulunu ödəmiş müştərilər turizm şirkətlərindən ödədikləri vəsaiti tələb etməyə başlayıblar və indi məlum olub ki, həmin pulları müştərilərə qaytarmaq mümkün deyil. Söhbət hava yolları şirkətlərinə ödənilən bilet pullarından gedir. Əvvəlki vaxtlardan fərqli olaraq, indi şirkətlər bilet pulunu qaytarmayacaqlarını bəyan ediblər. Koronavirus səbəbindən hazırda nə hava yolları, nə də turizm şirkətləri işləyir. Turizm şirkətləri məhsulu hava yolu şirkətlərindən alıb əhaliyə satır. Bu şirkətlər də Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) təlimatı ilə işləyirlər. Əvvəlki qaydaya görə, əgər xidmət göstərməyibsənsə, yəni uçuş müştəridən asılı olmayan səbəbdən baş tutmayıbsa, pul qaytarılırdı. Amma indi bu təşkilat da qaydaları dəyişib. Turizm şirkətləri bildirir ki, İATA dünyada baş verənləri fors-major sayaraq biletlərin pulunu qaytarmayacağını elan edib. Hava yolları şirkətləri İATA-ya müraciət ediblər ki, biz biletləri qaytarsaq, iflas həddinə çatacağıq. Təşkilat da qaydalarında dəyişiklik edib. İndi müştərilərə təklif edilir ki, aldığınız biletin pulunu deyil, onun məbləğində vauçer (uçmaq hüququ) veririk. Müştəri bu vauçerdən istifadə edib istədiyi yerə uça bilər. Yeni qaydalara görə, şirkət müştərilərə bileti qaytarmır və aldığı gün ərzindən bir il ərzində eyni məbləğdə istənilən istiqamətə uçmağı təklif edir. Yeni qaydalar, həm xarici tur satan turizm şirkətləri, həm də bu turları onlardan almış azərbaycanlı müştərilər üçün çox pis sürpriz olub. Xarici təşkilatlar bildirir ki, bu, fors-major halıdır və ona görə pulu qaytara bilməzlər, problemi isə yalnız vauçerlə tənzimləyə bilərlər. Bizdə isə müştərilər pullarını istəyirlər. Amma bizim ölkədaxili qanunvericilik bu vəziyyəti nəzərə almır. Qanuna görə, müştəri almadığı biletin pulunu tələb edə bilir. Bəzi müştərilər şirkətləri məhkəməyə verəcəklərini bildiriblər. Bu problem təkcə biletlərlə deyil, bütün turizm məhsulları üzrə yaranıb. İndi turizm şirkətləri bu məsələdə dövlətdən dəstək, daha dəqiqi, daxili qanunvericilik və xarici təşkilatların tələbləri arasındakı ziddiyyətlə bağlı tənzimləyici qərar gözləyir.


- Hazırkı vəziyyətdə demək olar ki, ən çox zərər çəkən də orta və kiçik sahibkarlıq subyektləridir - işlər dayanıb. Turizm sektoru da bu sıradadır. Sahibkarlardəstək paketindən necə faydalanacaqlar?
- Artıq bu istiqamətdə işçi qruplar fəaliyyətə başlayıb. İlk gündən ciddi dəstək tədbirləri nəzərə alınıb. Sahibkarlıq subyektləri ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər və ölkə başçısının bu istiqamətdə fərmanları və dəstək məktubunun təqdim olunması, təbii ki, pandemiya dövründə şirkətlərin dayanıqlığını təmin etmək baxımından çox önəmlidir. Bundan sonrakı mərhələdə də tədbirlər planı işlənib hazırlanıb. Əmək haqları, kompensasiyalarla bağlı, eyni zamanda kredit öhdəlikləri və pandemiyadan sonrakı dövrlərdə vergi amnistiyalarının verilməsi ilə bağlı qərarlar qəbul olunub. Postpandemiya dövründə də dövlət daxili turizmin şaxəli inkişafına töhfə vermək məqsədilə tədbirlər planı hazırlayıb. Klassik yanaşmalardan, daha çox, rəqəmsal iqtisadiyyata üstünlük veriləcək. Dövlətin bu istiqamətdə atdığı addımlar göz önündədir. Antiböhran konsepsiyasının hazırlanmasına ehtiyac var. Qısa müddət ərzində bəlli təkliflər və mexanizmlər ortaya qoyacaqlar.Təbii ki, burda özəl və ictimai sektorun nümayəndələri də iştirak edir. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının turizm və xidmət üzrə iş komissiyası da bu məsələdə aktiv dəstəyini əsirgəmir. Əslində, bu fərman ondan xəbər verir ki, qeyri-rəsmi məşğulluq və vergidən yayınma hallarının qarşısını alacaq. Hər bir sahibkarın fəaliyyət tarixçəsinə baxılacaq. Onların vergiödəmə mədəniyyəti, işçi heyəti, məşğulluq məsələsi prioritet olaraq tanınmalıdır. Sonrakı mərhələdə də düşünürük ki, vergi tətilləri məhz böhrandan çıxdığımız dövrdə - ilk 3-5 aya mərhələli şəkildə həyata keçirilməli və bütün dövlət qurumlarının maraq dairəsində olmalıdır. Hal-hazırda turizm təkcə gecələmədən və yerdəyişmədən ibarət deyil, ticarət şəbəkələri, ictimai iaşə müəssisələri də bu yardımdan yararlana biləcək.
- 2020-ci il üçün Çin, Hindistanın bazarlarını hədəfləmişdik ki, oradan gələn turistləri qəbul edək. Virus təhlükəsi sovuşsa belə yenə də insanların digər ölkələrə səfər etməsi bir qədər riskli hesab olunacaq. Bu baxımdan, turizm sektorunun əvvəlki halına qayıtması nə qədər vaxt ala bilər?
- Həm böhran, həm də imkan innovasiyası üzrə paralel olaraq sistemli iş aparılmalıdır. Hazırkı vəziyyətdə əsas təhlükəsizlik məsələsidir ki, bu da insan amili ilə bağlıdır. Bu, ölkənin milli təhlükəsizlik məsələsidir. Sistemli şəkildə biz bu riskləri göz önünə alaraq minimum itkilərlə böhrandan çıxmağa çalışmalıyıq. Əslində, böhranın yaranması yeni imkanlar da yaratdı. Qeyri-neft sektorunun ən prioritet sahəsi olaraq, istər turzm olsun, istərsə də digər alt sahələrin inkişafında, o cümlədən səhiyyə sistemimizdə islahatlara gətirib çıxaracaq. Keçən il Ümumdünya Sağlamlıq Turizm Təşkilatının zirvə toplantısına Azərbaycan ev sahibliyi edirdi və həmin rotasiya üzrə təşkilatda sədrliyi həyata keçirirdi. Bu il isə Ukrayna həyata keçirməli idi. Toplantı "Qlobal sağlamlıq hamı üçündür” şüarı ilə keçirilir. Bakı deklorasiyasında da qeyd olundu ki, sağlamlıq insanların həyat tərzi olmalıdır. Biz bu bəyannaməni qəbul etdik. Bütün sahələrdə sağlamlıq müəssisələrinin daha da şaxələndirilməsinə imkan verilməlidir. "7-dən 77-yə” konsepsiyasına uyğun olaraq, biz, nəsillərarası bölgüyə "yox” deyirik. Təbii ki, yeni spa və termal turizm qaynaqları, sanatoriya və kurort müəssisələrinə yanaşmada insanlar "bu, yaşlı nəslə”, "spa yeni nəslə aiddir” bölgüsünü edir. Əslində insanların öz sağlamlıqlarının qədrini bilmələri həyat tərzinə çevrilməlidir.
- Pandemiya bitəndən sonra rəhbərlik etdiyiniz assosiasiyanın planları nələrdən ibarət olacaq?
-Harada təmiz hava, dəniz, dağ varsa, orda sağlamlıq turizm mərkəzləri olmalıdır. Bu elementlər içərisində Azərbaycanın ənənələri, yeni bir destinasiya kimi təşəkkül tapması, bir daha ondan xəbər verir ki, bu gün mütləq şəkildə Naftalan, Duzdağ, Qalalatı, İstisuyun tarixi şöhrətini yenidən qaytarmalıyıq. Dövlət tərəfindən də strateji plan işlənib hazırlanınb. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən də odur ki, mövsimi xarakterli deyil. Müalicəyə görə daha çox gecələmə sayı var. Hazırkı şəraitdə biz sağlamlıq təsisatlarının daha da şaxəli inkişafına diqqət ayırmalıyıq. Visionlar dəyişir, yeni çağırışlar formalaşır. Hesab edirəm ki, Azərbaycan Sağlamlıq Turizminin şöhrəti həmişə olub və gələcəkdə də bu imkanları yüksək şəkildə təqdim edə biləcəyik.
- Sizin fikrinizcə, turizm sektoru böhrandan çıxmaq üçün hansı planları hazırlamalıdır?
-Bir neçə il bundan əvvəl Azərbaycanda daxili turizmi inkişaf etdirmək bizim üçün böyük fürsət idi. Dünyada ABŞ, Fransa, İtaliya kimi ölkələr turizmdə çox böyük paya malikdirlər. Turizmin inkişafı ölkəmizdə həm vacib, həm də təxirəsalınmazdır. Daxili turizmin hərəkətlilyini bəlli səbəblərdən təmin edə bilmirik. Amma mütləq şəkildə daxili turizmin inkişafına diqqət yetirmək lazımdır. Düşünürük ki, az faiz dərəcələri ilə subsiyadalaşmış imtiyazlı kreditlərin verilməsi və dövlətin bu sahədə zəmanət rolunu oynaması gələcəkdə turizm imkanlarına şərait yaradacaq. Eyni zamanda, tirizm təşviq fondunun yaradılması da gündəmdə olan məsələlrdən biridir. Bundan əlavə, xarici investisyanın ölkəyə sərbəst axını üçün hansısa rüsumları azad etməliyik. Azad iqtisadi zonalar yaradılmalıdır. Paralel olaraq, kadrları bu istiqamətə yönləndirməliyik. Ən azından ilin axırınadək müəyyən kompensasiyalar tətbiq edilməlidir. Biz də təkliflər paketimizi təqdim etmişik. Digər bir fərman da gözlənilir. Məsələn, mehmanxana fəaliyyəti ilə məşğul olan həmkarlarımız var ki, onlar böyük binaları icarəyə götürürlər. Ən böyük problemlərdən biri də icarəçi ilə icarədar arasında olan məsələlərdir. İlin axırına qədər müxtəlif kompensasiyalar olmalıdır. 14 faiz kirayə vergisi, DSMF-yə işçilərlə bağlı ödəmələr, ən azı, dondurulmalı, ya da bəlli bir hissəsini dövlət qarşılamalıdır. Sektorun ayaqda qalması ucun dövlət-özəl sektor munasibətləri dərinləşməlidir.
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, biz yalnız bir və ya bir neçə bazara yönəlməli deyil, ənənəvi bazarlarımızı inkişaf etdirməli və tədricən yeni bazarların axtarılması istiqamətində işlərimizi səmərəli qurmalıyıq. Əsas məsələlərdən biri odur ki, "təhlükəsiz ada” statusuna malik ölkə kimi dünyada bir sıra ilklərə imza atmışıq. Koronavirusa qarşı mübarizədə də ümdə məsələmiz itkilərin az olması ilə bağlıdır. İnsanlar statistikaya baxdlıqları zaman görəcəklər ki, Azərbaycan daha az risklərlə təhlükədən qurtulub. Biz səhiyyə sistemimizi islahatlara aparmalı, turizm və digər sahələri də paralel şəkildə inkişaf etdirməliyik. Düşünürəm ki, ilkin mərhələdə qonşu dövlətlər səfərlərə başlayacaqlar. Keçid məntəqələrində, dəhlizlərdə, təhlükəsizlik məsələləri təmin olunmalıdır və antiböhran proqramları qəbul olunmalıdır. Bu, strateji planın tərkib hissəsi olmalıdır.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər