• şənbə, 20 Aprel, 08:57
  • Baku Bakı 14°C

Səfərbərlik Xidmətinin yaradılmasının üçüncü ildönümü qeyd olunub

13.02.15 14:31 1016
Səfərbərlik Xidmətinin yaradılmasının üçüncü ildönümü qeyd olunub
Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının üçüncü ildönümü qeyd olunub. Bu münasibətlə həmin gün SHXÇDX-nin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra xidmətin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Xidmətin Aparatında SHXÇDX-nin yaradılmasının üçüncü ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov geniş məruzə ilə çıxış edib. Şəxsi heyətə təbriklərini çatdıran A.Rəhimov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də bütün sahələrdə uğur və inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən üç il ərzində əsaslı tədbirlər görülüb. Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb. Belə ki, 2014-cü ildə SHXÇDX-nin Respublika Hərbi Prokurorluğu ilə birgə icrası yerli idarə, şöbə və bölmələrdə nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Xidmət tərəfindən görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib. SHXÇDX Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.
Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması qurumun fəaliyyətinə əlavə stimul verib. Elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında SHXÇDX də yer alıb. Ötən ilin oktyabrından etibarən çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə öyrənə bilirlər.
Tədbirə yekun vuran A.Rəhimov əminliklə bildirib ki, SHXÇDX-nin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.
Sonra Dövlət Xidmətinin hərbi qulluqçularının bir qrupunun ali hərbi rütbələr və medallarla təltif olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları oxunub. Tədbirin yekununda xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Murad
banner

Oxşar Xəbərlər