• çərşənbə axşamı, 19 mart, 13:16
  • Baku Bakı 8°C

SƏFALƏTİN ACISI

16.10.18 14:45 2321
SƏFALƏTİN  ACISI
Bu ilki payız keçənlərə oxşamırdı. Aramsız yağan yağışlar, soyuq küləklər kövrək ağacları sındırmış, əksər evləri, anbarları su basmışdı. Damlardan otaqlara süzülən yağış damcılarını taslar, vedrələr qismən də olsa bir araya yığmağa çalışırdı. Yorğan-döşək, xalça-palaz suyun içində şişib ağırlaşmışdı. Allahın qəzəbinə tuş gəldiklərini güman edən qoca qarılar elə hey zikr edir, dua oxuyurdular. Darısqal, əyri-yürü dalanlardan keçib getmək müşkülə çevrilmişdi. Köhnə məhəllələr, daxmalar gölməçəyə dönmüşdü. Kif qoxusu, suda üzən ölü siçovullar, itlərin aramsız zingiltisi ətrafda miskin bir mənzərə yaradırdı. Borulardan axan köpüklü sulardan torpaqda çuxurlar əmələ gəlirdi. Dünyanın dərd sərindən uzaq uşaqlar isə, heç nə olmamış kimi bu sularda hoppanır, gülüşürdülər. Boz buludlardan düşən kölgə şəhərə hüznlü bir görkəm verirdi. Əksər ailələrdə yoxsulluq, işsizlik yaşanırdı. Bir qarın çörəkdən ötrü səhər-axşam vurnuxan adamları həyat küsdürmüş, müti etmişdi. Kasıbın dərdi azmış kimi yağış da bir yandan hisi-pası ortalığa atmışdı. Axşamdan hazırlıq görən analar məktəbə gedəcək övladının ayaqqabısını, üst-başının yırtığını yamayır, dolanışıqdan gileylənir, elə hey deyinirdilər. Yoxsulların acığına qapını döyən külək qazı, işığı zəiflədir, evləri, ürəkləri belə soyudurdu. Bu səssizlikdə Tanrıya şikayət edən qadınların fəryadını, bir də tənha qocanın hayqırtısını eşitmək olurdu…
Döngənin sonundakı alabəzək daxma-evdən çox toyuq hininə oxşayırdı. Qapısı taxtadan, cəftəsi dəmirdən olan üfunətli otaqda divara söykənmiş üç ayaqlı stul və dəyirmi stol vardı. Stolun üstündəki bulaşıq boşqablar, qaşıqlar, qulpu sınıq fincan yuyunub, təmizlənməyin həsrətin çəkirdilər. Məftildən sallanan tək yüzlük lampa otağın çirkini canına hopdurmuşdu. Dəlmə-deşikdən süzülən hava axını lampanı tərpətdikcə divarda oynayan dəli qız surəti gedib-gəlirdi. Üfunət, nəmişlik qoxusu bir-birinə qarışıb boğucu bir hal yaratmışdı. Daxmanın əks tərəfində başı diyircəkli pas atmış dəmir çarpayıda yaşı çox olmayan bir kişi adyala bürünüb zarıyırdı. İliyə işləyən soyuq, yağış xatirələrin ağuşunda onu alıb uzaqlara aparmışdı...
***
İri pəncəli, üst-başı nimdaş bir kişi çirkli ayaqlarını sularda şapıldadaraq gedirdi. Ayaqyalın gəzən bu adamın enli qara şalvarı ətəkdən süzülmüş, palçığa bulaşmışdı. Köhnəlmiş, bir az da dar olan pencəyin biləyini tez-tez dartışdırır, qabağa çıxmış gözlərini ətrafa baxmaqla oynadırdı. O, sağa-sola salam vermiş kimi başını tərpədir, özüylə danışırdı. Görkəmindən ağlı yerində olmadığı bilinirdi. Üzbəsurət aramla onu müşahidə edirdim. Gəlib yanımdan keçdi. Macəra axtarışında olan mən, səmtimi dəyişib, kişinin arxasınca düşdüm. O, ayaqyalın olduğundan daha yüngül və sərbəst yeriyirdi. Ona çatmağa çalışırdım. Bir xeyli yol getdik. Bilirdim ki, axır yorulub dayanacaq. Yolun sağ tərəfindəki şirniyyat dükanından gələn qoxunu ac canavar kimi içinə çəkib uladı. Duruxdu, ətrafa baxdı, onun bu əcaib hayqırtısını eşidən oldumu? Nə edəcəyini kəsdirə bilmədi. Başını qaşıyıb, havanı dişnədi. Qərarsız, bir az da əsəsbi dükana girdi, mən də dalınca götürüldüm.
Qəfil dediyi sözdən diksinib dayandım. Ətrafa baxıb "dalımca heç kim düşməsin, eşidirsiz heç kim”, deyərək dükanı bir an içində fırlanıb çıxdı. Düzü yorulmuş, həm də qorxmuşdum. Nə qədər maraqlı gəlsə də, düşündüm ki yəqin sözü mənə eşitdirir. Onu qarabaqara izləməkdən vaz keçib, vitrindəki şirniyatlara baxmağa başladım. İki-üç dəqiqə keçməmiş geri qayıtdı. Qoğallar olan tərəfə gedib ikisini götürdü, kassaya pul ödəmədən bayıra çıxdı. Satıcı qız dayan deyə, hay–küy salmaq istədikdə qoymayıb, "narahat olma, pulunu mən verəcəm”, onu tanıyıram deyə, ruhi xəstə olduğunu açıqladım. Qızla yenicə söhbətə başlamışdım ki, bir də gördüm qaçaraq içəri girib ətrafa baxır. Sonra, satıcı qıza yaxınlaşıb xırıltılı səslə dedi: "Bunların pulunu vermədim axı qızım, bilirsən mən haram tikə yemirəm, yemərəm də!” deyib, başını bulamağa başladı”. Söhbətə müdaxilə edib, "pulunu vermişəm əmi, narahat olmayın”, desəm də o, məni eşitmirmiş kimi qəpikləri vitrinin qarşısındakı stola atıb dükandan uzaqlaşdı…
Dolanbanc, palçıqlı yollarla nimdaş geyimli, ayaqyalın bir kişi gedirdi. Səfalətin acısında qoynunda gizlətdiyi bükülünün qoxusunu bərəlmiş gözlərinin işığında isidirdi...
Təranə Fazilqızı
banner

Oxşar Xəbərlər