AZE | RUS | ENG |

Ermənistan torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməz

Ermənistan torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməz
İlham Əliyev: “Ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”

Müstəqil Azərbaycanın xarici siyasətində əsas prioritet ölkənin ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. İşğalçı Ermənistan isə beynəlxalq hüquqa əhəmiyyət vermir, onları kobud şəkildə pozur, beynəlxalq ictimaiyyətə sayğısızlıq nümayiş etdirir. Ona görə də Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman bir nömrəli problem - əsas vəzifə kimi qarşıya qoyulur. 
 

 
"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir”
 
Müqəddəs Ramazan ayı münasibətilə ötən gün təşkil olunan iftar mərasimində prezident İ.Əliyev problemin həllinə baxışını növbəti dəfə ortaya qoyub, işğalçı Ermənistanın təcavüzkar siyasətini tənqid edib, həmçinin Serj Sarkisyan rejiminin erməni xalqını uzun müddət öz girovuna çevirməsinə toxunub: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.
 

 
"Dağlıq Qarabağ bizim tarixi torpağımızdır”
 
Prezident İ.Əliyev ümid edib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiyaya deyil, real danışıqlar prosesinə start veriləcək: "Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər... Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.
 
 
 
"Azərbaycan özünə yeni müttəfiqlər qazanıb”
 
Millət vəkili, politoloq Hikmət Babaoğlu prezident İ.Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində bir sıra mühüm mesajlar verdiyini söyləyib. O, "Kaspi”yə açıqlamasında qeyd edib ki, əgər bunların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli mesajlar olubsa, digər mühüm bir qismi hazırkı beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı olub: "Bu kontekstə prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələlərini önə çəkərək həm dünya ictimaiyyətinə, həm də Ermənistan və Azərbaycan cəmiyyətinə, o cümlədən problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara ölkəmizin prinsipial mövqeyini çatdırdı, həmçinin problemi həll etməyin vacibliyini bildirdi. Məsələ ondadır ki, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərəcədə strateji keyfiyyət dəyişiklikləri baş verib. Yeni dünya nizamına doğru mühüm addımlar atılıb və bu proses dinamikdir. Multipolyar - çoxqütblü dünya nizamı üçün yaxşı perspektivlər yaradır. Azərbaycan isə həyata keçirdiyi praqmatik və düşünülmüş siyasət sayəsində yeni güc mərkəzi formalaşdırmaqla, əslində perspektiv multipolyar mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır. Bu prosesdə Azərbaycan daima ərazi bütövlüyümüzün bərpası məqsədini prioritet kimi müəyyənləşdirib, özünə yeni müttəfiqlər qazanmaqla Ermənistanın ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərəfinə çəkməyi bacarıb”.
 
"Münaqişənin həlli Cənubi Qafqaz üçün rifah və sabitlik deməkdir”
 
Politoloqun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla və beynəlxalq ictimai rəylə də xüsusi işlər aparıb və ümumi mövqe lehimizə dəyişib: "Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib. Prezident İlham Əliyev öz nitqində bu barədə geniş danışıb. Həmin fikirlər indiyə qədər Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir. Məsələnin ikinci tərəfi iqtisadi sahə ilə bağlıdır. Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə də toxunub. Göründüyü kimi, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb. Hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə problemin həllini diktə edir. Çünki aclıq və səfalət içərisində yaşayan Ermənistan Azərbaycanın torpaqlarını üzün müddət işğal altında saxlaya bilməz. Prezident İlham Əliyev məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edib. Bu fikirlərin bir qədər daha qlobal şərhi belə nəticəyə gəlməyə imkan verir ki, Dağlıq Qarabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər. Bu da Cənubi Qafqaz üçün rifah və sabitlik, eyni zamanda regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir”.
 
 
 
"Qondarma rejimdə baş verən hadisələrin məntiqi davamı”
 
Millət vəkili, politoloq Elman Nəsirov da hesab edir ki, Prezident İlham Əliyev iftar mərasimində həm Ermənistanın yeni rəhbərliyinə, həm də ATƏT-in Minsk qrupuna ciddi mesajlar verib. O, bu barədə "Trend”ə açıqlamasında bildirib ki, ölkə başçısı hər zaman olduğu kimi, ötən gün müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırıb: "Ümumiyyətlə, Ermənistanda müşahidə olunan bugünkü proseslər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə baş verən hadisələrin məntiqi davamıdır. Bütün bunlar proqnozlaşdırılan idi və dövlətimizin başçısının da qeyd etdiyi kimi, erməni xalqına 20 il ərzində ancaq öz maraqlarını güdən kriminal xunta rejimi rəhbərlik edib. Bu rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan ölkəni tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Bütün bunları Prezidenti İlham Əliyev dəfələrlə deyib. İndi isə bu həqiqəti erməni xalqı da təsdiq edir”.
 
 
 
ATƏT-in Minsk qrupuna verilən ciddi mesajlar
 
Millət vəkili deyib ki, artıq bu reallıqları müxtəlif erməni politoloqları və KİV-ləri də qeyd edirlər: "Ermənistan nə qədər ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun heç bir perspektivi yoxdur. Əgər Ermənistanın yeni hakimiyyəti köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmasa, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbinin məhz işğal faktoru olduğunu dərk etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur və Ermənistan tərəfi bilməlidir ki, münaqişə yalnız və yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır. Prezident İlham Əliyev də iftar mərasimindəki çıxışında həm Ermənistana, həm də bu münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi mesajlar verdi. Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər. Azərbaycan Prezidenti həm də onlara danışıqların hansı əsasda aparılmalı olduğu barədə birbaşa mesaj ünvanladı. Yəni Ermənistanda yeni hakimiyyətin formalaşması heç bir halda Azərbaycanın mövqeyində dəyişikliyə gətirməyib, Azərbaycan üçün yalnız və yalnız ərazi bütövlüyü əsas prinsipdir və bundan kənarda heç bir müzakirə ola bilməz”.
 
 
 
"İşğalçılıq siyasəti Ermənistana xoşbəxtlik gətirməyib"
 
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Prezident İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı ilə əslində Ermənistanın yeni baş naziri Nikol Paşinyana ciddi mesaj göndərdiyini deyib. Bu barədə APA-ya açıqlama verən politoloqun sözlərinə görə, Azərbaycan prezidentinin mesajının mənası odur ki, işğalçılıq siyasəti Ermənistana xoşbəxtlik gətirməyib, Azərbaycana düşmənçilik Ermənistanı geri salıb, iqtisadi böhran, demoqrafik böhran yaşanıb, ölkə boşalıb. İşğalçılıq siyasəti davam edərsə, Ermənistanı gələcəkdə də fəlakətlər gözləyir: "Paşinyan problemlərin həllini istəyirsə, Azərbaycanla normal münasibətlər qurmalı, işğal edilmiş torpaqlar boşaldılmalıdır.  Əks halda , Azərbaycan yenə Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirəcək, hərbi təzyiqləri davam etdirəcək. Ancaq hazırda problem odur ki, Ermənistan hakimiyyət dəyişsə də, siyasət dəyişmir. Paşinyanın ilk öncə Dağlıq Qarabağa səfər etməsi də bunu göstərdi. Azərbaycan prezidenti isə son çıxışı ilə Ermənistanın yeni hakimiyyətinə çox ciddi bir mesaj verdi”.
 
Rufik İSMAYILOV
 


 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000