• cümə, 29 Mart, 14:57
  • Baku Bakı 14°C

Seçkinin azad, demokratik şəraitdə keçdiyi danılmaz faktdır

12.10.13 09:39 1237
Seçkinin azad, demokratik şəraitdə keçdiyi danılmaz faktdır
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTIHB) Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı oktyabrın 10-da qərəzli hesabat açıqladı. Hesabatda yer alan fikirlər ölkə ictimaiyyəti tərəfindən qınanmaqdadır.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov qəzetimizə açıqlamasında söylədi ki, bu məsələnin qaranlıq qalan məqamı ATƏT müşahidəçilərinin keçirdiyi tədbirdə ziddiyyətli bəyanatlar verməsidir. R.Qonaqov hesab edir ki, ATƏT özü bu mövzuda konkret fikrə gələ bilməyib. Belə ki, ATƏT DTİHB-in uzunmüddətli və qısamüddətli müşahidə missiyası arasında fikir ayrılığı var: “Məncə, əvvəl öz aralarında yekdil fikrə gəlib sonra çıxış etsə idilər, daha yaxşı olardı. Onlar ölkəmizə qarşı konkret olaraq qərəzli mövqe tutublar. Fikir ayrılığı isə ona görə yaranır ki, əllərində ciddi bir əsas yoxdur. Biz onlara sual verdik ki, hansı faktlara əsaslanıb seçkinin şəffaf keçirilmədiyini iddia edirsiniz. Onlar isə heç bir fakt göstərə bilmədilər. Hesabatlarında bildiriblər ki, guya müşahidə etdikləri məntəqələrin 58 faizində nəticələrin hesablanması zamanı qanun pozuntusunun şahidi olublar. Təəssüf ki, hansı qanun pozuntusundan söhbət getdiyini söyləmədilər. Amma sonda bildirdilər ki, hətta, həmin 58 faiz məntəqənin nəticəsi ləğv olunsa belə, bu, səsvermənin gedişinə ciddi təsir etmir və heç nə dəyişmir. Bu isə bir daha təsdiqləyir ki, seçkilər demokratik keçirilib”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, seçkidə iştirak edən əksər beynəlxalq təşkilatların müşahidəçiləri bütün rəylərində 9 oktyabr prezident seçkilərini müsbət qiymətləndiriblər. Yalnız ATƏT DTIHB öz hesabatında müəyyən subyektivliyə yol verib: “Mən belə düşünürəm ki, kimisə müəyyən yanlışlıqda ittiham etmək üçün əvvəlcə çox ciddi əsasların olmalıdır. Bəyanat vermək, rəy bildirmək olar. Amma bunun üçün fakt yoxdursa, deməli o hesabat əsassız bir yazıdır. Belə rəyləri isə nəinki biz, heç kim qəbul etmir”.
R.Zeyni söylədi ki, onsuz da xalqımızın ATƏT-ə qarşı münasibəti yaxşı deyil. Buna səbəb Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasıdır: “Onlar 20 ildir ki, xalqımızı müəyyən bəyanatlarla sakitləşdirmək istəyirlər. Düşünürəm ki, belə əsassız hesabatın veriləcəyini gözləmək olardı. Bu, Azərbaycana qarşı edilən təxribatdır. Xatırladım ki, seçkinin obyektiv keçməsi bir çox beynəlxalq təşkilatlar və yerli müşahidəçilər tərəfindən təsdiqlənib. Əgər hansısa kiçik qanun pozuntuları baş veribsə, MSK həmin məqamları araşdıracaq və bu barədə yekun rəy veriləcək. Düşünürəm ki, seçkinin azad, demokratik şəraitdə keçdiyi danılmaz faktdır. Bu məsələ bir təşkilatın rəyi ilə ölçülməməlidir. Digər çoxsaylı müsbət rəyləri xatırlamaq kifayətdir”.
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev bu məsələdə qarışıqlıq olduğunu vurğuladı. Dedi ki, ATƏT-in sədri Leonid Kozhara seçkilərin qaydasında keçirildiyini açıqlayıb: “ATƏT müşahidəçilərinin fikirləri isə fərqlidir. Rəhbərlə müşahidəçi arasında belə ziddiyyətli məqam olmamalıdır. Maraqlıdır, sədr deyib ki, tam şəffaf, ədalətli seçki keçirildi, seçkidə irəliyə doğru böyük addım atıldı. Amma müşahidəçilər böyük hesabat təqdim ediblər ki, zənnimcə, o hesabat blef xarakter daşıyır. Həmin yazı hesabatdan çox ittihamı xatırladır”.
Müsahibimizin fikrincə, bizim üçün əsas olan Avropa Şurası Parlament Assambleyasının rəyidir. Bütün mötəbər qurumlar Azərbaycandakı seçki ilə bağlı dolğun, yetkin qərarlarını bildiriblər. Onların hər biri vurğulayıb ki, Azərbaycanda şəffaf, demokratik və ədalətli seçkilər keçirilib: “ATƏT-lə bağlı bir məsələni də deyim ki, onların mövqeyi hələ seçkidən əvvəl bəlli idi. Onlar nəyin qərəzini aparırlarsa, yalnız o, bəlli deyil. Xatırladım ki, hələ seçki keçirilməmişdən öncə təxminən buna bənzər bəyanat yaymışdılar. Oradan işartılar görsənirdi ki, onlar seçkinin nəticələri ilə bağlı əvvəlcədən hazırlanmış qərar verəcəklər. Düşünürəm ki, ATƏT sədrinin bəyanatı sıradan bəyanat deyil. Təəssüf ki, müşahidəçilərin hesabatı ilə Xədicə İsmayılovanın fikirləri arasında heç bir fərq yoxdur. Bu hesabat həmçinin «Azadlıq» qəzetinin və radiosunun manşetindəki yazılanlardan seçilmir. Deyəsən, onlar birbaşa, Azərbaycanın radikal mətbuatına istinad ediblər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər